Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Soyad islahatı niyə ləngiyir?
Soyad islahatı niyə ləngiyir? |
Elman Cəfərli
Ərəb, fars adlarından, rus soyadı sonluğundan qurtula bilmirik Adlar və soyadlar haqqında qanun bu il də qəbul olunmadı. Əslində, 1992-ci ildə müvafiq qanun verilmişdi və sənəddə göstərilirdi ki, milli soyad sonluqları lı, li, lu, lü, gil, bəyli, xanlı, soy, zadə şəkilçiləridir. Qanun qəbul olunsa da, azərbaycanlıların Sovet dövründə, 1937-ci ildə dəyişdirilərək ruslaşdırılmış soyadları kütləvi şəkildə milliləşdirilmədi. Mərhum tarixçi alim, jurnalist Qeyrət Quliyev o zaman maraqlı bir təklif vermişdi ki, bu məsələ prezident sərəncamı ilə həll edilsin, yəni hamı kütləvi şəkildə milli soyad sonluğuna keçsin. Elçibəy hökuməti dönəmində bunu etmək mümkün olmadı. Sonrakı illərdə isə dövlətin başı siyasi kataklizmlərə qarışdı, soyadların milliləşdirilməsi yada düşmədi. Son illər Milli Məciisin Mədəniyyət Komitəsində adlar və soyadlar haqqında qanun layihəsi hazırlanıb. Amma qəbul edilmir. İctimai müzakirələrdə müxtəlif təkliflər səslənir. Bəziləri hesab edir ki, Azərbaycanda soyadların milliləşdirilməsi etnikləri narazı sala bilər. Bəziləri “bəs Borçalı türkləri, Rusiya azərbaycanlılar necə olsun” deyirlər. Xaricdə yaşayan soydaşlarımız onsuzda yaşadıqları ölkənin qanunlarına uyğun davranır, yerli soyadlardan istifadə edirlər. Bu gün Türkiyədə 3 milyona yaxın azərbaycanlı var, onlar türk soyadlarından istifadə edirlər. İranda yaşayan 30 milyon azərbaycanlı ərəb və fars soyad sonluqlarını daşıyırlar. Milyonda bir “Səidlu” kimi milli soyadlara rast gəlmək olar. “Xaricdə yaşayan soydaşlarımız necə olacaq” bəhanəsi ilə soyadların milliləşdirilməsi məsələsini yubatmaq olmaz. Zaman əleyhimizə işləyir, müstəqillik dövrünün insanları da artıq rus ov, yev-inə öyrəşir. Adlar və soyadlar haqqında qanun təcili şəkildə qəbul olunmalı, 1991-ci ildən sonra doğulanlar məcburi şəkildə milli soyad sonluğuna keçirilməlidir. VVAQ idarələrində AMEA Dilçilik İnstitutu ilə MM Mədəniyyət Komitəsinin birgə iştirakı ilə hazırlanmış adlar və soyad sonluqları kataloqu olmalıdır. Kataloqda rus, fars və ərəb mənşəli adlara məhdudiyyət qoyulmalıdır. Dəfələrlə yazılıb, deyilib, təkrar yazmaqda fayda var. Rus, fars, ərəb öz övladına Aslan, Laçın, Cəmil, Aydın, Yaşar, Günel adları qoymur. Azərbaycanlı da öz övladına Əbübəkr, Abutalıb, Fəxrəddin, Sülhəddin, Hörmüz, Firuz, Huşəng, Pərviz, Bəhruz, Teyqubad, Keyqubad adları qoymamalıdır! İslam mənşəli Məhəmməd, İbrahim, İsa, Musa, Davud, Əli, Hüseyn, Həsən adları geniş yayılıb və bu normaldır. Amma “Əbəlfəzl”, “Muhəmmədun”, “Abubakr” kimi adlar qoymamalıyıq. Soyadı millətin pasportudur. Azərbaycan Respublikasının vətəndaşları xaricdə öz soyad sonluqları ilə tanınmalıdır. Xarici ölkələrdə yaşayan soydaşlarımızıa gəlincə, milli hisslərini saxlayan insanlar soyadını milliləşdirəcək. Fars yüzillərlə əsarətimiz altında yaşasa da, bu gün türk soyadı daşımır. İslam respublikasında belə şovinist fars siyasəti yeridilir, türk adları yasaqlanır. Bütün dünyada rus ov, yev, polyak ski, skaya, fars nejad, i, pur, gürcü dze, şvili, iya, erməni yan soyad sonluğu ilə tanınır. Azərbaycanlıların əlifbası, dilinin adı, millətin adı, soyadı Stalin repressiyasına uğrayb, dəyişdirilib. Müstəqilllik əldə edəndən sonra bir sıra sahələrdə Stalin islahatlarının nəticələri aradan qaldırılıb. Dövlətimizin adından SSR hissəsi götürülüb, əlifbamız bərpa edilib. Dövlət dilinin, millətin adının bərpası siyasi məsələdir deyirlər, qəbul edirik. Bəs soyadlar nədən bərpa edilmir? Soyadı islahatının ləngiməsi son illər mənfi tendensiyalar yaradıb. Meydanı tutmuş kosmopilit, posmodernist yazarlar artıq milliləşmənin əleyhinədirlər. Onlar açıq yazır ki, Axundov ovla yaşayıb, yaradıbsa, Rəsulzadənin soyadı zadə qalıbsa, milliləşməyə ehtiyac yoxdu. Romanovlar və Sovet dövründə kim hansı soyadda olubsa, qalsın. Bu tarixdir, biz o dövrü yaşamışıq. Söhbət yeni nəslin soyadını dəyişməsindən gedir. Millət vəkilləri, dövlətin siyasi texnoloqları rus sonluqlu soyadların imperiyanın son qalıqları olduğunu da unutmamalıdırlar. Ad və soyad sonluğu məsələsi əhəmiyyətsiz olsaydı, Rusiyada azərbaycanlı uşaqlarına ata adı “oviç”lə yazılmazdı. İranda türk ad və soyadı sonluğuna qadağa qoyulmazdı. Azərbaycanda da ölkə vətəndaşı olan bütün insanların soyadları milli şəkilçi ilə yazılmalıdır. Soyadı islahatının Güney Azərbaycan türkləri də üçün örnək olacağını unutmamalıyıq. Son zamanlar bu məsələdə rast gəlinən mənfi meyllərdən biri də bəzi tanınmış insanların orijinal görünmək istəyi ilə qəribə adlar və soyadlar götürmələridir. Məsələn, bir zamanlar Əlili soyadını Azərbaycana məşhur etmiş mərhum aktyor Məmməd Əlilinin oğlu şoumen Qorxmaz Əlili soyadını yenə dəyişdirib. İndi o Əlilicanzadədir(?) Aktyor deyib ki, “Əlili soyadı çoxalıb, ona görə dəyişdim”. Əlili soyadının çoxalması Qormaz müəllimin xidmətidir və onun bu soyadı daşıması yaxşı örnək idi. Amma onun yenidən Azərbaycan dilinin qaydalarını pozaraq yeni soyad uydurması da mənfi örnəkdir. Əvvəla, Əlilicanzadə qurama bir sözüdür. Bir soyadda iki soyad sonluğu olmaz. İkincisi, “Əlilican” nə mənanı verir? Təəssüf ki, bu cür nümunələr çoxalmaqdadır. Bu günlərdə tanınmış teleaparıcı Mətanət Əliverdiyeva saytların birinə müsahibə vermişdi. Müsahibədə onun soyadı “Əliverdiya” kimi yazılıb. Öncə səhv olduğunu zənn edib, saytın baş redaktoruna məlumat verdim. Məlum oldu ki, mən “səhvəm”, adam soyadını dəyişib “Əliverdiya” olub. (?) 90-cı illərin mətbuatında belə bir yazılmamış qayda vardı: yeni mətbuata gələn yazar milli soyad, imza ilə çıxış edərdi. İndi Avropalaşma dəbi var. Deko, Allen və s. imzalar artıq məşhurdu. Amma bu məsələdə ifrat türkçülük, türkiyəçilik də düzgün deyil. Bəzən insanlar övladlarına Azərbaycanda ənənəvi olmayan “Arda”, “İzel”, “Yavru”, “Oral”, “Fatih” adları qoyurlar. Fikrimcə, bu cür ifratçılıq da doğru sayılmamalıdır. Türk adı gərək elə Atilla, Mete, Hakan, Cem, Kaan, Aylin, Sunay olsun? Cəmil, Aydın, Qacar, Xaqani, Azay, Dəmir, Səncər, Əkrək, Buğa, Çiçək, Xatun, Gülər də türk mənşəlidi və istifadə olunmalıdır. Geri dön |