Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Göy sferinin koordinat sistemlərində Novruzun gəlişi xüsusi astronomik hadisə kimi qeyd olunur
Göy sferinin koordinat sistemlərində Novruzun gəlişi xüsusi astronomik hadisə kimi qeyd olunur |
Novruz bayramının tarixi çox qədimlərə gedir və minilliklər arasında itir. Novruz təbii əsasına və mədəni köklərinə görə xüsusən türk və İran xalqları arasında geniş yayılmış bayramdır. Göy sferinin müxtəlif koordinat sistemlərində Novruzun gəlişi xüsusi astronomik hadisə kimi qeyd olunur. Bu hadisə hətta ən qədim sayılan Maya təqvimində (eramızdan əvvəl III minillik) və Ömər Xəyyamın (1079-cu il) tərtib etdiyi “Cəlali” günəş təqvimində də qeyd olunur.
Bunu açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru professor Nəriman İsmayılov deyib. Prosessor Nəriman İsmayılov diqqətə çatdırıb ki, 2009-cu ildən Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irsi kimi qeydiyyata alınıb. 2010-cu ildə BMT-nin Baş Assambleyasının sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub. Novruzun tarixi aspektdən izahı, müxtəlif adət-ənənələr haqda çox yazılıb. Novruz bayramının təbii astronomik hadisə olaraq mövcudluğuna nəzər salsaq Günəş il ərzində göy sferində ulduzlara nəzərən ekliptika adlanan qapalı xətt (ellips) üzrə dövri hərəkət edir. Ekliptika il ərzində göy sferinin ekvatorunu iki nöqtədə - yaz bərabərliyi (21 mart) və payız bərabərliyi (21 sentyabr) adlanan nöqtələrdə kəsir. Ekliptika müstəvisi ilə ekvator müstəvisi arasındakı bucaq ekliptikanın meyli adlanır və bu bucaq təqribən 23°26’ təşkil edir. Günəşin yaz bərabərliyi nöqtəsindən keçməsi zamanı o, il ərzində ilk dəfə göy sferinin cənub yarımkürəsindən şimal yarımkürəsinə “adlayır”. Məhz bu an yazın gəlişi hesab olunur. Bundan sonra Günəş günbəgün üfüqdən daha hündürə qalxır, yerin Şimal yarımkürəsi daha çox günəş şüaları qəbul edir və havalar tədricən isinir. Bu gediş yay günəşduruşu adlanan nöqtəyə, yəni iyun ayının 22-dək bu qaydada davam edir və həmin gün günorta vaxtı Günəş üfüqdən maksimum hündürlükdə olur (məsələn, Bakıda 73°04’). Bundan sonra maksimal hündürlük günbəgün tədricən azalmağa başlayır və payız bərabərliyi nöqtəsində, yəni sentyabrın 22-də Günəş ekliptika ilə ekvator xəttinin kəsişmə nöqtəsindən keçərək göy sferinin Cənub yarımkürəsinə “adlayır”. Bundan sonra Günəşin üfüqdən günlük maksimal hündürlüyü tədricən azalır, Yerin Şimal yarımkürəsinə daha az enerji gəlir, nəticədə havalar tədricən soyumağa başlayır və bu gediş dekabrın 22-nə qədər davam edir. Bu halda Günəşin Bakıda günorta üfüqdən maksimal hündürlüyü 26°12’ olur. Ümumiyyətlə, astronomiyada göy cisimlərinin hərəkətini göy mexanikası bölməsində öyrənirlər. Bu zaman Nyuton qanunları, ümumdünya cazibə qanunu, Kepler qanunları geniş istifadə olunur. Bu hesablamalar kifayət qədər mürəkkəbdir, ona görə bu işlə hətta bütöv elmi-tədqiqat institutları və şöbələri məşğul olur. “Göy mexanikasında istifadə olunan fiziki qanunlar çərçivəsində çox uzun müddət üçün göy cisimlərinin koordinatları qabaqcadan müəyyən müddət üçün hesablana bilər. Məsələn, günəş sistemi planetlərinin və onların peyklərinin, bir çox kometaların, asteroidlərin hərəkət trayektoriyaları və koordinatları hesablanıb və kataloqlaşdırılıb. Göy sferində Günəşin, Ayın, digər planetlərin hərəkəti göy mexanikası qanunları üzrə baş verir. Ona görə də, yeni ilin gəlişi, Novruz bayramı kimi astronomik hadisələrin baş verməsi əvvəlcədən hesablana bilər. Birinci yaxınlaşmada Yer Günəş ətrafında müstəvi orbit üzrə hərəkət edir. Ay da Yer ətrafında ekliptika müstəvisinə nisbətən bucaq altında yerləşən müstəvidə fırlanır. Belə hərəkət müəyyən həyəcanlanma yaratdığından, Günəşin həqiqi yeri həmişə ekliptika ilə üst-üstə düşmür və ondan bir neçə saniyə fərqlənə bilir. Digər planetlərdən gələn həyəcanlandırıcı təsirlər də Günəşin vəziyyətinə təsir edir. Bundan başqa, ekliptika özü elliptik olduğundan, həqiqi Günəş ekliptika boyunca müxtəlif sürətlərlə hərəkət edir. Presessiyanın (sürüşmənin) səbəblərindən biri də ekliptika ilə ekvator müstəviləri arasındakı bucağın 26000 il periodla dəyişməsidir. Bütün bunlar sonda Günəşin yaz bərabərliyi nöqtəsindən keçmə vaxtının müxtəlif olmasına səbəb olur və beləliklə, baharın gəlmə anı müxtəlif illərdə mart ayının 20-nə, yaxud 21-nə düşür. Bu il baharın gəlişi Bakıda martın 20-si saat 19:33-də baş verəcək”, - deyə professor Nəriman İsmayılov qeyd edib. Geri dön |