Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tariximizin qanlı səhifəsi – 1918-ci il Mart soyqırımı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Tariximizin qanlı səhifəsi – 1918-ci il Mart soyqırımı

Tariximizin qanlı səhifəsi – 1918-ci il Mart soyqırımı


XIX əsrin sonunda Qafqazda ilk terror təşkilatları regiona gəlmə etnik ünsür olan ermənilər tərəfindən yaradılıb. “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyalarının əsas məqsədi Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli dinc sakinləri olan türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq bu ərazilərdə qondarma “Armeniya” dövləti yaratmaq idi. Qaraçı hay qəbiləsinin törəməsi olan ermənilər tarixən malik olmadıqları vətən və dövlət anlayışlarını məhz Şərqi Anadoluda və Azərbaycan torpaqlarında reallaşdırmaq istəyirdi. XX əsrin əvvəllərində onları silahlandıran isə Avropanın bir sıra dövlətləri və Rusiya imperiyası oldu. Öz havadarlarından hər cür maliyyə və hərbi dəstək alan ermənilər Qafqaz regionunun tarixində ən böyük soyqırımını törətməyə hazırlaşırdılar.

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib.

Tarixçi alim bildirib ki, ermənilərin Qafqaza gəlmə etnik ünsür olduğunu sübut edən xeyli sayda mənbələr mövcuddur: “1911-ci ildə rus tədqiqatçısı N.Şavrov yazırdı ki, Rusiya imperiyası tərəfindən 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Osmanlı dövlətindən isə 84 min nəfər erməni köçürülüb. Onlar əsasən Yelizavetpol (Gəncə), İrəvan və Tiflis quberniyalarında ən münbit torpaqlarda yerləşdirilib. N.Şavrov daha sonra qeyd edir ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyon nəfər ermənidən bir milyonunu ruslar köçürüblər. Rusiya imperiyasının erməniləri köçürməkdə məqsədi nə idi? Əlbəttə ki, Qafqaz regionunda ən güclü etnik və siyasi amil olan türk-müsəlman əhalisinə qarşı xristian azlığını süni şəkildə artırmaq, əsrlər boyu Qafqazda ən güclü dövlətçilik ənənələrinə malik olmuş Azərbaycan türklərinin bu ənənələri bərpa etmək ideyasının qarşısını almaq, regionu bu gəlmə ünsürün hesabına daim etnik münaqişələr fonunda uzunmüddətli təsir dairəsində saxlamaq və təbii resurslarını maksimum şəkildə mənimsəmək idi. Məhz bu səbəblərə görə əvvəlcə Rusiya imperiyası, sonra isə Sovet Rusiyası həmişə erməniləri fəal şəkildə müdafiə edib, hətta öz xarici siyasətində erməni məsələsini xüsusi diqqətdə saxlayıb”.

Ramin Əlizadə vurğulayıb ki, erməni silahlı dəstələri 1905-1906-cı illərdə Azərbaycan ərazisində 200-dən artıq kəndi və 8 şəhəri dağıdıblar. Onların İrəvan, Naxçıvan, Dərələyəz, Göyçə, Şörəyel, Sürməli, Qarabağ, Zəngəzur, Gəncə, Qazax, Borçalı və Tiflisdə törətdikləri soyqırımları nəticəsində 10 min nəfərdən çox dinc azərbaycanlı qətlə yetirilib. 1905-ci ilin mayında Bakının qubernatoru knyaz M.Nakaşidze “Daşnaksütyun” partiyasının 22 yaşlı üzvü Dro Kanayan tərəfindən qətlə yetirilib. Bu fakt erməni terrorunun təkcə azərbaycanlılara qarşı deyil, digər millətlərin də nümayəndələrinə qarşı amansız olduğunu göstərir. 1914-cü ilin iyulunda Birinci Dünya müharibəsinin başlanması ilə Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərginləşdi. O zaman Qafqaz cəbhəsində ruslar Osmanlı ordusuna qarşı döyüşlərdə erməni terror təşkilatları ilə əlbir hərəkət etdilər. 1917-ci ilin fevralında Rusiya imperiyasında inqilab nəticəsində Romanovlar sülaləsi devrildi. Qısa müddətdən sonra 25 oktyabr çevriliş nəticəsində bolşeviklər hakimiyyətə yiyələndilər. Bu hadisə Qafqazda bolşevik qaragüruhunun fəallaşmasına səbəb oldu. Noyabrın 2-də Bakı Sovetinin İcraiyyə Komitəsi şəhərdə ali hakimiyyət orqanı elan olundu və onun sədri Azərbaycan xalqının qəddar düşməni olan Stepan Şaumyan seçildi. Azərbaycanlılara qarşı Mart soyqırımının əsas təşkilatçısı olan S.Şaumyan 1917-ci il dekabrın 16-da Rusiya bolşeviklərinin rəhbəri V.İ.Lenin tərəfindən Qafqaz üzrə fövqəladə komissar təyin edildi. Bolşevik şineli geyinmiş bu erməni terrorçusu 1918-ci ilin mart-iyul aylarında minlərlə dinc azərbaycanlı əhalinin soyqırımına məruz qalması haqqında qərarlar vermişdir. 1917-ci ilin sonuncu rübündə Qafqaz cəbhəsindən geri dönən rus ordusu silahlarını bolşevik-daşnak qüvvələrinə təhvil verdi. S.Şaumyan Bakıda əksəriyyəti erməni terrorçularından ibarət olan və Q.Korqanovun rəhbərlik etdiyi Qırmızı ordu adlanan 20 min nəfərlik qoşun təşkil etdi. Bu düşmən qüvvənin sırasına Qafqaz cəbhəsindən evlərinə dönən rus əsgərləri də cəlb edildi. 1918-ci ilin yanvarında Müsəlman Korpusunun komandanı general Talışinskinin Bakıda həbs edilməsi şəhərin dinc azərbaycanlı əhalisinin etirazına səbəb oldu. Mart ayında Bakıda siyasi vəziyyəti gərginləşdirən digər bir hadisə isə Bakı Sovetinə seçkilərdə azərbaycanlıların ən böyük milli partiyası olan “Müsavat” partiyasının böyük səs çoxluğu ilə qələbə qazanması idi. Martın 15-də S.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti “Daşnaksütyun” partiyasının Bakı komitəsi və digər erməni millətçi təşkilatları ilə Azərbaycan milli-azadlıq hərəkatının aparıcı qüvvəsi olan “Müsavat” partiyasına qarşı birgə fəaliyyət göstərmək haqqında gizli saziş bağladı. Bundan sonra S.Şaumyan “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası ilə əlbir hərəkət edərək qısa müddətdə Bakıda və Azərbaycanın digər bölgələrində dinc əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün öz iyrənc planını işə saldı. O, martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Azərbaycanlı əhali silahların geri qaytarılmasını tələb etdikdə martın 30-da bolşevik-daşnak qüvvələri atəş açmağa başladılar. Bununla da S.Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhər əhalisini vəhşicəsinə qətlə yetirməyə başladılar. Xüsusi təlim görmüş erməni terrorçuları şəhərin görkəmli binalarını və azərbaycanlıların yaşayış evlərini dağıdaraq yandırır, özlərini isə yerindəcə güllələyirdilər: “Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək yalnız Bakı şəhərində erməni quldurları tərəfindən 12 min nəfərdən çox azərbaycanlı öldürülüb. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı əhali qətlə yetirildi. S.Şaumyanın xüsusi tapşırığı ilə erməni quldurları izi itirmək üçün qətlə yetirilən insanların bir çoxunun cəsədini yandırdıqları evlərin od-alovunun içərisinə, quyulara və dənizə atmışlar. Bakıda Təzəpir məscidinin və Şah məscidinin minarələri top atəşinə tutulmuş, İçərişəhərdə Şirvanşahlar saray kompleksinin ərazisində XIV əsrdə inşa edilmiş Keyqubad məscidi, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdılmış, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmışdı”.

Tarixçi Ramin Əlizadə bildirib ki, bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanı digər şəhərlərində də soyqırımı törədiblər. S.Şaumyan hələ martın 18-də Bakıdan 2 min nəfər top və pulemyotla silahlanmış qoşunu Şamaxı qəzasına dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı həyata keçirmək üçün göndərdi. Mart-aprel aylarında S.Lalayan və T.Əmiryanın terrorçu dəstələri Şamaxı qəzasının 58 kəndini viran edərək, 8 min nəfərdən çox dinc sakinini qətlə yetirdi və Şamaxı Cümə məscidini yandırdı. Mayın 1-də Qubaya hücum edən S.Hamazaspın başçılıq etdiyi 5 min nəfərlik daşnak dəstəsi S.Şaumyandan buradakı bütün müsəlmanları qətlə yetirmək, kəndləri viran qoymaq və bu hadisəni sünni və şiə əhalisi arasında münaqişə kimi qələmə vermək tapşırığı almışdı. Daşnaklar Quba, Qusar və Xaçmaz ərazilərində 26 məscidə od vurub yandırdılar. Bütövlükdə isə Quba qəzasında 17 min nəfərə yaxın dinc azərbaycanlı əhalini qətlə yetirdilər. Bakı, Şamaxı və Quba ilə yanaşı Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur-Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində təkcə Zəngəzur qəzasında 115 kəndin viran edildiyi, 10 min nəfərdən çox dinc azərbaycanlı əhalinin qətlə yetirildiyi, onun isə 2200 nəfərinin uşaq olduğu qeyd edilib. Şərqi Anadoluda yerli türk-müsəlman əhalisinə qarşı qanlı əməlləri ilə tanınan erməni qulduru Andranik 1918-ci ilin mayından 1919-cu ilin martınadək Göyçədən Urmiya hövzəsinə və Zəngəzuradək böyük bir coğrafiyada 600 min nəfərədək dinc azərbaycanlı əhalini soyqırımına məruz qoymuşdu.

“1918-ci il 31 Mart soyqırımı erməni daşnaklarının Qafqazda törətdiyi ən qanlı hadisə kimi tarixə düşdü. Ermənilər öz havadarlarının fəal dəstəyi ilə Azərbaycan torpaqları hesabına uydurma monoetnik Ermənistan ideyasını reallaşdırmaq üçün dinc türk-müsəlman əhalisinə qarşı soyqırımı törətdilər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra bu soyqırımının qarşısı qismən də olsa alındı. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bolşevik şineli geyinmiş daşnaklar bu dəfə Sovet Rusiyasının dəstəyi ilə Azərbaycanın tarixi ərazisi olan Zəngəzurun qərb hissəsini və Göyçə mahalının bir hissəsini ələ keçirdilər”, - deyə Ramin Əlizadə qeyd edib.

Geri dön