Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür


12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiyanın Saratov vilayəti ərazisində uğurla yerə enib. Keçmiş SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli Qərarı ilə 12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günü elan edilib. Hazırda bu gün bir çox ölkələr tərəfindən qeyd olunur.

Qeyd edək ki, məhz bu uçuşdan sonra kosmosun fəth olunması üzrə 250-dən çox proqram həyata keçirilib, orbitdə 32 ölkədən bir neçə yüz kosmonavt və astronavt olub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavt Sergey Avdeyevdir. O, açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O, “Mir” stansiyasında bir ildən çox - 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb. 1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Onu da qeyd edək ki, Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub.

Dünya Aviasiya və Kosmonavtika Günündə Azərbaycanda kosmik sənayenin yaradılması tarixinə nəzər salır. Ölkəmizdə müvafiq sahənin inkişafı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonra başlayıb. 2009-cu il avqustun 17-də isə dövlətimizin başçısının Sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə telekommunikasiya peykinin hazırlanması, orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə təsis edilən “Azərkosmos” 2011-ci ildə fəaliyyətə başlayıb. Bu il Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos”un fəaliyyətə başlamasının 11 ili tamam oldu. “Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransa Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46 dərəcə şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyk ABŞ-ın “Orbital Sciences” korporasiyası tərəfindən istehsal olunub.

“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. Şirkət “Azerspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

“Azərkosmos” 2014-cü ilin dekabr ayından etibarən Azərbaycan və Fransa arasındakı strateji əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Azərbaycanın sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil alıb. Bununla da “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.

Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2“ 2018-ci il sentyabrın 26-da 45 dərəcə şərq uzunluğu orbital mövqeyinə buraxılıb.

Yüksəkixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilib. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da yerüstü rabitə şəbəkələrinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir.

“Azərkosmos“ Bureau Veritas tərəfindən “ISO 9001:2008” uyğunluq sertifikatına və “ISO 27001” – İnformasiya Təhlükəsizliyi Standartı sertifikatına layiq görülüb. “Azərkosmos” ASC-nin göstərdiyi xidmətlərin keyfiyyətinin yüksək səviyyədə saxlanılması və informasiya təhlükəsizliyinin daima artırılması məqsədilə “Keyfiyyət və informasiya təhlükəsizliyi sahəsində siyasəti” mövcuddur. Müştərinin və digər maraqlı tərəflərin sorğusu əsasında həmin sənəd tanışlıq məqsədilə təqdim edilə bilər.

Qeyd edək ki, 2019-cu oktyabrın 21-dən 25-dək ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 fevral tarixli Sərəncamına əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.

İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin kosmik sahədə yeni üfüqlərini açmaqda bir vasitə olacaq.

Geri dön