Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Qırmızı işğal: Azərbaycanın Rusiya tərəfindən istilasından 102 il ötür
Qırmızı işğal: Azərbaycanın Rusiya tərəfindən istilasından 102 il ötür |
Ölkəmiz Sovet imperiyası dönəmində saysız mənəvi basqılara, qətl-qarətlərə məruz qaldı. Milli düşüncəmizin mümkün qədər inkişaf etməməsi üçün imperiya bütün yollara əl atdı. Çar Rusiyasının müstəmləkəçilik siyasətini gerçəkləşdirən bolşeviklər Azərbaycan Demokratik Cümhuriyyətinin var olduğu 23 ayda onu daim yıxmağa cəhd edirdilər.
XX yüzilin başlanğıcında Rusiyada baş verən sosialist inqilabının havası Azərbaycandakı ictimai zümrələr arasında bölücülüyə gətirib çıxardı. Azərbaycan Xalq Cümhuriyyətinin taleyinin faciəli şəkildə başa çatmasının bir səbəbi də o çağlar Azərbaycanda müxtəlif təşkilatlar, partiyalarda təmsil olunan soydaşlarımız arasında ciddi fikir ayrılıqları idi. 102 il qabaq Moskva o zaman içimizdəki gücləri bir-birinə qarşı qoymaqla istəyinə çatdı. Birinci Dünya Müharibəsindən məğlubiyyətlə çıxan, ötən yüzilin əvvəllərindən bəri dəfələrlə inqilab edərək əldən düşən, vətəndaş müharibəsinin birtəhər səngiməyə başladığı Rusiya Bakı neftinə, ümumiyyətlə, Azərbaycan kimi zəngin bir ölkəyə yiyələnməyin önəmini gözəl başa düşürdü. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən-dırnağa qədər silahlanmış ordu ilə gəldi. 1920-ci il aprelin 27-28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə repressiyalar törədildi. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Azərbaycan xalqı bu işğala qarşı uzun müddət müqavimət göstərib. Hələ aprel ayının 26-da Azərbaycan ordusunun 300-ə yaxın əsgəri Yalama stansiyası yaxınlarında sərhədlərimizi pozaraq irəliləyən XI Qırmızı Ordunun zirehli qatarının qarşısını kəsərək, düşmənə silahlı müqavimət göstərib və qeyri-bərabər döyüşdə bu adsız qəhrəmanlarımızın hamısı şəhid olub. Qırmızı terrorun ilk qurbanı Bakının general-qubernatoru Murad Gəray Tlexas başqalarına ibrət olsun deyə, qəfəsin içində Bakının küçələrini gəzdirilərək, qondarma hərbi bolşevik trubunalının qərarı ilə güllənləndi. Ardınca muzdlu qatillər tərəfindən milli hökumətin baş nazirləri olmuş Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Azərbaycan parlamentinin sədr müavini Həsən bəy Ağayev və başqa yüzlərlə dəyərli soydaşımız qətlə yetirildi. Bolşeviklərə qarşı Gəncədə, Zaqatalada Şəkidə Naxçıvanda və digər bölgələrdə baş vermiş 150-ə yaxın üsyan da bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmamış və müstəqillik uğrunda mübarizəsini davam etdirmişdi. Sənədlərdən məlum olur ki, təkcə, 1920-ci ilin aprel ayının 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olub. Sonrakı illərdə də xalqımıza qarşı zorakılıqlar davam etdirildi. Azərbaycan ziyalılarının ən layiqli nümayəndələri- demokratik düşüncəyə sahib elm, ədəbiyyat, incəsənət xadimləri həbsə atıldı, sürgünlərə göndərildi, edamlara məhkum edildi. Bütöv bir xalqa qarşı zaman-zaman ağır repressiyalar törədildi. 1920-ci ilin aprel ayının 27-28-də baş verən qanlı işğal günü ölkəmizin tarixində ən faciəvi və ən kədərli günlərindən biri kimi qalmaqdadır. Geri dön |