Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Mehriban Vəliyeva: Ümummilli Liderimiz Azərbaycan təhsilinin ən böyük hamisi idi
Mehriban Vəliyeva: Ümummilli Liderimiz Azərbaycan təhsilinin ən böyük hamisi idi |
Uca zirvələrin əzəməti uzaqdan daha aydın göründüyü kimi, elə şəxsiyyətlər də var ki, onların böyüklüyü illər keçdikcə daha dərindən dərk olunur, xalqı, milləti qarşısındakı xidmətləri illər sonra daha aydın görünməyə başlayır. Hələ sağlığında əbədiyaşarlıq qazanan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi. Anadan olmasının 99-cu ildönümündə Azərbaycan xalqı hər zaman olduğu kimi, dahi rəhbərini sonsuz məhəbbət və ehtiramla xatırlayır. Xalqın Ulu Öndərə olan sevgisi illər ötdükcə daha da artır, çünki bu sevginin bünövrəsində ölkəsinin, millətinin xoşbəxtliyinə, firavanlığına həsr olunmuş bütöv bir ömür dayanır. “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyərkən kövrələn, qəhərdən titrəyən səsi ilə belə Vətəninə olan sonsuz məhəbbətini ifadə edən Ulu Öndərə ümumxalq sevgisi zaman keçdikcə daha böyük məna daşımaqdadır. Xalqın bu məhəbbəti həm də bu gün bizlərə ərməğan edilən müasir, müstəqil Azərbaycanın memarına olan ehtiramdır.
Bu fikri açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, ümummilli lider Heydər Əliyev gənc yaşlarında Naxçıvan Pedaqoji Texnikumunda təhsil aldı. Tale elə gətirdi ki, o, xalqın ən böyük müəllimi oldu, sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Memarlıq fakültəsində təhsil aldı. Görünür bu da təsadüfi deyilmiş. O, Azərbaycanın ən böyük memarı, qurub-yaradanı oldu. Daha sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirdi və bütün həyatı, fəaliyyəti ilə tarix yazdı. Gənc yaşlarından təhlükəsizlik orqanları sistemində çalışdı və həyatı boyu Azərbaycanın təhlükəsizliyini təmin etdi, sabitliyin qarantı oldu. Azərbaycana rəhbərliyinin ilk dönəmində quruculuq missiyasını öz çiyinlərinə götürən Ulu Öndər müstəqillik qazandıqdan sonrakı dövrdə isə ölkədə yaranmış çətin durumda xilaskarlıq missiyası ilə hakimiyyət sükanının arxasına keçdi. Hər iki dövr Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcı sayılır. Əslində, 1969-1982-ci illər müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin qoyulduğu, ölkəmizin inkişafının çiçəkləndiyi dövr kimi səciyyələndirilir. Çünki bugünkü müasir Azərbaycanın sosial-iqtisadi inkişafının əsası məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində qoyulub. Təsadüfi deyil ki, Azərbaycan təhsilinin yüksəlişinin ilk mərhələsi də məhz Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünə təsadüf edir. Diqqətə çatdırılıb ki, Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra ölkə həyatının bütün sahələrində olduğu kimi, təhsildə də köklü islahatlar aparılmağa başlandı. Digər mühüm məsələlər kimi aktual hesab olunan təhsil dahi liderin qayğısı, diqqəti ilə əhatəli quruculuq yoluna qədəm qoydu. Çünki bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimi Heydər Əliyev tərəqqinin yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görürdü. Cəmiyyətin inkişaf zəminini haqlı olaraq təhsildə və maarifçilikdə görən dahi rəhbər bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmirdi. Hələ ölkəmizə rəhbərliyinin birinci dövründə dahi şəxsiyyət Heydər Əliyevin təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilmişdi. Ölkədə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, lazımi avadanlıqla təchiz olunması kimi məsələlər daim diqqətdə saxlanılırdı. Heydər Əliyevin təhsilə diqqəti və qayğısı nəticəsində 1970-80-ci illərdə ölkədə aparılan genişmiqyaslı məktəb tikintisi ümumi təhsil məktəblərində təhsil şəraitinin yaxşılaşdırılmasına gətirib çıxardı. Təkcə bu fakt kifayətdir ki, ümumilikdə 70-80-ci illərdə 683,1 min şagird yerlik 1191 ümumi təhsil məktəbi binası tikilib istifadəyə verilmişdi ki, bu da əvvəlki illərin göstəricisindən iki dəfə çox idi. Həmin dövrdə Ümummilli Liderin rəhbərliyi altında təhsil müəssisələrinin geniş şəbəkəsinin yaradılması, onların maddi-texniki bazasının formalaşdırılması ilə paralel olaraq Azərbaycan gənclərinin təhsil almaq üçün xarici ölkələrdəki ali məktəblərə göndərilməsi kimi mühüm addımlar da ölkəmizin gələcəyi üçün intellektual baza rolunu oynadı. On beş minə yaxın azərbaycanlı gəncin SSRİ-nin qabaqcıl ali təhsil ocaqlarına təhsil almağa göndərilməsi, hər il xaricə 800 tələbənin yola salınması və bu kimi faktlar həmin tarixi dövrün Azərbaycanda elm və təhsilin inkişaf mərhələsi kimi səciyyələndirilməsinə əsas verir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə də ölkənin tarixində yeni bir inkişaf dövrünün əsası qoyuldu. Ümummilli Lider bu dəfə də milli tərəqqinin yolunun təhsildən keçdiyini əsas götürərək geniş islahatlar proqramının hazırlanaraq reallaşdırılmasını bir vəzifə olaraq qarşıya qoydu. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndərin tapşırığı ilə təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Yeni məktəblərin tikintisi və təmiri, yeni dərsliklərin çapı, müəllimlərin əməkhaqlarının artırılması və digər bu kimi təxirəsalınmaz tədbirlər görülməyə başlandı. Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı və İslahat Proqramı xüsusi Sərəncamla təsdiq olundu. Məqsəd Azərbaycan təhsilinin dünya təhsil sisteminin standartlarına uyğunlaşdırılmasına, dünyanın aparıcı ölkələrinin təhsil sistemi ilə inteqrasiyasına nail olmaq idi. “Ulu Öndər “İnsan təhsilin əsasını orta məktəbdə alır. Ona görə də bütün təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır” sözləri ilə ümumi təhsil sistemində ciddi islahatlar aparılmasının vacibliyinə diqqəti çəkmişdi. Ölkədə latın qrafikalı əlifbaya keçid görkəmli dövlət xadimi Heydər Əliyevin bu islahatlar yönündə atdığı ən böyük addımlardan biri idi. Təhsilə diqqətinin daha bir nümunəsi kimi xüsusi istedadı olan uşaqların seçilərək adlarının “Qızıl kitab”a salınması, ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərə Prezident təqaüdünün verilməsi, bütün bunlar gənclərin daha əzmlə çalışması, daha mükəmməl bilik və bacarıqlara yiyələnməsi üçün bir stimul oldu. Bir sözlə, Ümummilli Liderin təhsil sahəsinin inkişafındakı xidmətləri xalqımızda milli-mənəvi dəyərlərə qayıdışın əsasını qoydu. Əsası Ulu Öndər tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bilavasitə diqqət və qayğısı nəticəsində icra edilən dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Ölkə rəhbəri İlham Əliyevin müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Bu qayğının nəticəsidir ki, son illər ölkəmizdə müasir standartlara cavab verən, modern, yaraşıqlı məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, təhsil işçilərinin sosial rifahı yaxşılaşdırılır. Bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində 304 nömrəli tam orta məktəbin açılışı bir daha göstərdi ki, ölkə rəhbərliyi gələcəyin daha etibarlı təminatı üçün Azərbaycan təhsilin inkişafını dövlət siyasətinin başlıca istiqamətlərindən biri olaraq görür. Əminik ki, təhsilimizin ən böyük hamisi, təhsil islahatlarının memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin müdrik tövsiyələrini əldə rəhbər tutaraq müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq təhsil quruculuğu yolunda daha böyük uğurlara imza atacaq”, - deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb. Geri dön |