Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bu gün Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 107 il ötü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Bu gün Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 107 il ötü

Bu gün Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 107 il ötü


Sabirin heykəli... Nərimanovun heykəli... Bakıda bu heykəlləri görməyən, bu heykəllərin qarşısında dayanıb onlara tamaşa etməyən tək-tək adam olar. Görürük, tamaşa edirik, amma çox vaxt onları yaradanın kim olduğunun fərqinə varmırıq. Bu bənzərsiz sənət əsərlərinin müəllifi Cəlal Qaryağdıdır.

Bu gün tanınmış heykəltəraş, Xalq rəssamı Cəlal Qaryağdının anadan olmasından 107 il ötür.

Cəlal Qaryağdı 1915-ci il iyulun 15-də Şuşa şəhərində anadan olub. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932-1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. Ötən əsrin 30-cu illərində qəzetlərdə rəssam, həm də Rəssamlıq məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltəraşlıq əsərlərini yaratmağa başlayır.

Gəncliyi müharibə illərinə təsadüf etdiyindən, bu, yaradıcılığında da öz izlərini qoyub. Bir neçə əsərinin adını çəkmək kifayətdir. Təyyarəçi Adil Quliyevin büstü, tank qoşunları general-mayoru Həzi Aslanovun, snayper Ziba Qəniyevanın portretləri. Cəlal Qaryağdının müəllifi olduğu digər portretlər – Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Niyazi kimi məşhur insanların silsilə portretləri zamanında böyük maraqla qarşılanmışdı.

Qaryağdı yaradıcılığında Mirzə Ələkbər Sabirin abidəsi xüsusi yer tutur. Bunun maraqlı bir tarixçəsi var. 1920-ci illərdə indi gördüyümüz heykəlin yerində Sabirin betondan hazırlanmış heykəli qoyulmuşdu. Müəllifi Y.Keylixıs olan bu abidə çox keçmədən ovulub tökülməyə başlayır və texniki cəhətdən yararsız vəziyyətə düşür. Onun yenisi ilə əvəzlənməsi Cəlal Qaryağdıya həvalə olunur. Beton heykəl 1958-ci ildə indi gördüyünüz heykəllə əvəzlənir.

Bir qədər də Nəriman Nərimanovun tunc abidəsi barədə bilgi vermək istəyirik. Fikir vermisinizsə, abidənin kürsüsü heykəllə nisbətdə xeyli kiçikdir. Harmoniyanın pozulduğunu kənardan baxan sadə insan da görə bilər. Ola bilməz ki, bunun səbəbi sizi maraqlandırmasın. Elə isə qeydləri oxumaqda davam edin.

1970-ci illər idi. Heykəltəraş Nərimanovun heykəlini yüksək səviyyədə, içindən gələn milli təəssübkeşliklə hazırlayıb tamama yetirdi. Abidə yerinə qoyulduqdan bir qədər sonra ətrafı yenidən hasarlandı, heykəlin üstü kətan parça ilə örtüldü. Bunun şahidi olanlar xatırlayırlar ki, o vaxt Bakıda heykəlin götürüləcəyi barədə söz-söhbət gəzirdi. Bu söz-söhbət əsassız deyildi. Nərimanovun heykəli erməni şovinistlərin qısqanclığına səbəb olmuşdu. Moskvaya bu məzmunda donos verilmişdi: Azərbaycanlı Nərimanovun heykəli rus Kirovun Dağüstü parkdakı heykəlindən uca alınıb və buradan millətçilik qoxusu gəlir.

Kreml işə qarışdı. İstədilər heykəli kiçiltsinlər. Amma abidə tuncdan töküldüyündən bu, mümkün olmadı. Çıxış yolunu kürsünün qısaldılmasında gördülər. Bununla da heykəl-kürsü nisbəti pozuldu və kompozisiya əvvəlcədən düşünülmüş monumentallığını itirdi.

Cəlal Qaryağdı yaradıcılığının nişanələrinə təkcə Bakıda deyil, respublikanın müxtəlif şəhər və rayonlarında da rast gəlmək olar. Şair Səməd Vurğunun Qazaxda, kimyaçı alim Yusif Məmmədəliyevin Ordubadda ucaldılmış abidələri bu qəbildəndir. Səməd Vurğunun Fəxri xiyabandakı məzarüstü abidəsinin müəllifi də Cəlal Qaryağdıdır.

C.Qaryağdı heykəltəraşlığın müxtəlif janrlarında – monumental heykəl, portret, büst, qorelyef, barelyef və s. bir-birindən maraqlı əsərlər yaradıb. Görkəmli tişə ustasının yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi, obrazların mahiranə plastik həllini, kompozisiya bitkinliyini, yaradıcılıq manerasının genişliyini, surətlərin fərdi xarakterlərinin ustalıqla açılmasını, heykəltəraşın özünə qarşı yaradıcılıq tələbkarlığını və s. xüsusiyyətləri qeyd etmək olar.

Heykəltəraş 1954-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1960-cı ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 2001-ci ildə vəfat edib.

Geri dön