Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir

Azərbaycanda qeyri-neft sektorunun sürətli inkişafı təmin edilir


Prezident İlham Əliyevin vaxtaşırı şəhər və rayonlara səfərləri zamanı sosial obyektlərin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etməsi və bu zaman müvafiq strukturların nümayəndələrinə tapşırıqlar verməsi, həmçinin müəyyən layihələrin icrası ilə bağlı müvafiq sərəncamlar imzalaması son nəticədə sosial-iqtisadi inkişafı daha da sürətləndirir, əhalinin rifahının yaxşılaşmasına mühüm təsir göstərir.

Dövlət başçısının iyulun 20-də Sumqayıta səfəri də bunun bariz ifadəsidir. Xatırladım ki, ölkə rəhbəri həmin gün şəhərdə aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub, regional “ASAN xidmət” mərkəzinin açılışında, eyni zamanda, Sumqayıt Kimya Sənaye Parkında yeni istehsal müəssisələrinin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Azərbaycan Prezidentinin sənaye parkında yeni müəssisələrlə tanışlığı bir sıra məqamlarla diqqət çəkib. Bu, ilk növbədə, ərazidə fəaliyyət göstərən zavodlarda innovasiyaya, müasir texnologiyaların tətbiqinə böyük əhəmiyyət verilməsi ilə sənayenin inkişafının diqqət mərkəzində saxlanılmasında nəzərə çarpıb.

Bu sözləri açıqlamasında AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

E.Bağırov bildirib ki, adı çəkilən sənaye parkında ümumi investisiyaların həcminin getdikcə yüksəlməsi, burada rezidentlik statusu verilən sahibkarlıq subyektlərinin sayının davamlı şəkildə artması məhsul istehsalının və ixracın müsbət dinamikasında da müşahidə olunur. Ötən ilin birinci yarısı ilə müqayisədə bu ilin uyğun dövründə 52,14 faizdən çox – 1,2 milyard manatlıq məhsul buraxılması da bunu aydın göstərir. İxrac isə ötən ilin birinci yarısı ilə müqayisədə 1,9 dəfə artaraq cari ilin birinci yarısında 508 milyon manata çatıb.

Ümumiyyətlə, son illər ərzində respublikada sənaye parklarının yaradılmasına xüsusi həssaslıqla yanaşılması ölkəmizin qeyri-neft sektorunun sürətli inkişafını, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının sürətlə artmasını şərtləndirib. Belə bir vəziyyət Sumqayıt Kimya Sənaye Parkının nəzdindəki müəssisələrin fəaliyyətində də özünü qabarıq büruzə verib.

Beləliklə, respublikamızda sənaye parklarının yaradılması ilə iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri olan qeyri-neft sənayesinin sürətli inkişafı reallaşıb və qısa müddətdə bu sahədə mühüm uğurlar əldə edilib. Başqa sözlə, qeyri-neft sənayesində dinamik inkişafa nail olunub, yüksək texnologiyalar, innovativ metodlar və mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə hesabına sənaye istehsalı genişləndirilib, yüksək əlavə dəyər yaradan məhsul istehsalına başlanılıb.

Sənaye zonaları təşkili ilə, eyni zamanda, sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin səmərəliliyinin artırılmasında, rəqabətədavamlı məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, ən əsası isə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm göstəricilər əldə edilib.

Yeri gəlmişkən, xatırladım ki, respublikada sənaye zonalarında idarəetmənin təkmilləşdirilməsi üçün Prezident İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb.

Hazırda həmin agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Sabirabad, Masallı, Neftçala, Hacıqabul sənaye məhəllələri) və 51 aqroparkın fəaliyyətinin təşkili, onların idarə olunması, habelə inkişafı ilə bağlı tədbirlər hazırlayır və həyata keçirilməsini təmin edir.

Emin Bağırov sonda qeyd edib ki, sənaye zonalarının səmərəli fəaliyyət göstərmələri üçün bu müəssisələrdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb. Belə ki, rezidentlərin tam infrastruktur sistemi ilə təminatı dövlət vəsaiti hesabına gerçəkləşib. Hər bir rezident qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı əlavə dəyər vergisindən və 7 il müddətinə gömrük rüsumlarından azad olunub.

Bütün bu yaradılan əlverişli şərait sənaye zonalarının iqtisadi göstəricilərində də öz ifadəsini tapıb. Belə ki, ötən müddətdə həmin müəssisələrdə ümumilikdə 7,17 milyard manatlıqdan çox məhsul buraxılıb və bunun 2,3 milyard manatlıq hissəsi (təqribən 32,7 faizi) ixrac olunub.

Geri dön