Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İran-Ermənistan işbirliyi güclü Azərbaycan və Zəngəzur dəhlizinə qarşı - TƏHLİL
İran-Ermənistan işbirliyi güclü Azərbaycan və Zəngəzur dəhlizinə qarşı - TƏHLİL |
Cənub qonşumuz İran Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşıb. Bu istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında, istər rəsmi şəxslərin zaman-zaman Azərbaycanın suverenliyini və mövcudluğunu şübhə altına alan bəyanatları, istər Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir.
Heç kəsə sirr deyil ki, İran 30 ilə yaxın Ermənistanın işğalı altında olan Qarabağın yerüstü və yeraltı sərvətlərinin talanmasında aktiv iştirak edib, dini və tarixi mədəniyyət abidələrinin, o cümlədən məscidlərin dağıdılmasına göz yumub. Bunun bariz nümunəsi, 2017-ci ildə “İran Mellat Bankı” tərəfindən əvvəllər həmin bankın İrəvan filialının keçmiş şöbə müdiri, Ermənistan vətəndaşı Hraçya Ovanisyanın işdən azad olunduqdan sonra Qarabağda işləyən 50-dən çox İran şirkətinin yer aldığı siyahı dərc etməsi idi. Həmin gizli siyahıda qida və tikintidən tutmuş, dağ-mədən və hərbi sahəyə qədər müxtəlif profilli şirkətlərin Qarabağda çalışdığı təsbit olunmuşdu. İran şirkətlərinin işğal dövründə Qarabağda fəaliyyətinin tam miqyası isə bundan da çox idi və xüsusi araşdırma tələb edir. Bütün bu illər ərzində İran rəsmiləri verdikləri bəyanat və açıqlamalarda Azərbaycanla mehriban qonşuluq, din və məzhəb həmrəyliyi, ortaq tarixi və mədəni məqamlara vurğu edərək münasibətlərin “inkişafından” danışırdı. Amma ötən illərin reallığı rəsmi Tehranın verdiyi bəyanatlarla əməli fəaliyyəti arasında böyük uçurum olduğunu göstərdi. Bu özünü xüsusən Vətən müharibəsinin gedişində göstərdi. Müharibənin gedişində dəfələrlə İran-Ermənistan sərhədində yük maşınları ilə hərbi təyinatlı məhsulların daşınmasını əks etdirdən videogörüntülər yayılmışdı. Digər tərəfdən, müharibə zamanı üçüncü ölkələrin Ermənistana göndərdiyi hərbi yardım da Gürcüstanın hava məkanını bağlaması səbəbi ilə İran ərazisindən Ermənistana çatdırılırdı. Birinci Qarabağ müharibəsində olduğu kimi, bu dəfə İran Ermənistan üçün siyasi, hərbi və iqtisadi “nəfəslik” funksiyalarını üzərinə götürmüşdü. Təbii ki, Tehran rəsmi səviyyədə ermənipərəst siyasətini inkar edir, tərəfləri sülhə çağıran, danışıqlarda vasitəçi olmaq istəkləri ilə bağlı qeyri-səmimi və gözdən pərdə asmaq üçün açıqlamalar verirdi. İranın dəstəyi barədə hətta erməni siyasətçiləri də açıq danışırdı. Məsələn, 2021-ci il “Daşnaksütyun” partiyasının Tehran ofisinin rəhbəri İssak Yunanesyan İran hakimiyyətinin Ermənistana “Bayraktar TB2” dronlarını yerə endirməyə imkan verən radioelektron mübarizə vasitələri təklif etdiyini, lakin erməni tərəfinin buna “yox” cavabı verdiyini söyləmişdi. Şübhəsiz ki, İranın müharibə zamanı Azərbaycan Ordusunun aktiv istifadə etdiyi Türkiyə və İsrail istehsalı olan silahlara qarşı effektiv mübarizə vasitələri və texnoloji gücü olmasa da, Tehran hakimiyyəti Ermənistanın məğlub olmaması üçün əlindən gələni etməyə hazır idi. Amma Ordumuzun şanlı qələbəsinə mane ola bilməyən İran bu dəfə Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etməməyə, Azərbaycanın uğurunun təsirini uzaq perspektivdə azaltmağa çalışdı. Bu çalışmalar bu gün də davam edir və əsasən, Azərbaycanın 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müvafiq bəndinə uyğun olaraq Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz birbaşa əlaqəni təmin etmək üçün yaradılan Zəngəzur dəhlizinin icrasının qarşısını almağa yönəlib. Bu narahatlıq, ilk növbədə, öz sərhədlərində qüdrətli Azərbaycan dövlətinin olmaması və bütün türk dövlətləri arasında birbaşa əlaqə yaradılmamasından qaynaqlanır. Dəhliz Mərkəzi Asiyanın türk dövlətlərini, daha geniş mənada isə Çin də daxil olmaqla Asiya qitəsini Türkiyə vasitəsilə Avropaya bağlayacaq, iqtisadi rifahı qat-qat artıracaq perspektivli qlobal kommunikasiya xəttidir. Dəhlizdən, onunla yanaşı, qlobal iqtisadi yollardan kənarda qalacağından qorxan İran yeni yolun onun regional önəmini də dəfələrlə azaldacağını düşünür. Təsadüfi deyil ki, İranın hakim dairələrinə yaxın media resursları və ekspertlər bu yolu Turan dəhlizi adlandırır. Faktiki olaraq, Turan dəhlizi İran üçün eksiztensial təhlükəyə çevrilib. Rəsmi Tehran hər vəchlə bu layihənin reallaşmasına qarşı çıxır və tez-tez Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu bəyan edir. Bölgədə ölkələrin sərhədlərinin toxunulmazlığı və sərhədlərin hər hansı dəyişikliyinə imkan verməyəcəyi barədə İran Prezidenti İbrahim Rəisi, ölkənin Ali Rəhbəri Əli Xameneidən tutmuş, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Məhəmməd Baqeri və xarici işlər naziri Əmir Hüseyn Abdullahiana qədər demək olar bütün yüksək ranqlı məmurlar bildirib. Kulis arxasında İranın apardığı diplomatik oyunun daha bir elementini Ermənistanın eks-prezidenti Robert Koçaryan ifşa etmişdi. 2022-ci il sentyabrın 28-də keçirdiyi mətbuat konfransında o, İranın Ermənistana dəstəyi və Zəngəzur dəhlizi narahatlığını dilə gətirmişdi. “İranda Ali Rəhbərdən tutmuş, prezidentə və yüksək rütbəli hərbçilərə qədər bir çox ciddi bəyanatlar səsləndirildi. İran sanki bizə “gəlin danışıqlar aparaq, görək sizə hansı yardımı edə bilərik”, deyirdilər”, - Koçaryan demişdi. O, Zəngəzur dəhlizinin bu statusda fəaliyyətinə Ermənistanla yanaşı, yalnız İranın qarşı olduğunu açıq demişdi. Maraqlıdır ki, cənub qonşumuz Cənubi Qafqazda sərhədlərin toxunulmazlığına bu qədər həssas olduğunu Azərbaycan torpaqlarının 30 ilə yaxın davam edən işğalı dövründə göstərmədi. Əksinə, işğalçı Ermənistanla sərhədlərini açıq saxlayaraq Qarabağın işğal altında qalmasına bilavasitə dəstək oldu, işğala sponsorluq etdi. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması ilə ölkələrin ərazi bütövlüyü prinsipi arasında heç bir ziddiyyət yoxdur. Çünki dəhliz Ermənistan liderinin da imzaladığı beynəlxalq sənəd əsasında fəaliyyət göstərəcək və bu ölkənin ərazi bütövlüyünə heç bir təhdid daşımır. Əksinə, dəhlizin açılmasından və ticarətin daha da canlanmasından bütün region ölkələri, o cümlədən, Ermənistan və İran ciddi divident qazana bilər. Çünki sanksiyalar altında əzilən, tez-tez daxili iğtişaşların silkələdiyi İran və 30 ildir ki, bütün regional infrastruktur layihələrindən kənarda qalmış Ermənistan üçün bu layihə “nəfəslik” rolu oynaya bilər. Bu “nəfəsliyi” isə onlara yalnız Azərbaycanla Türkiyə vermək iqtidarındadır. Amma göründüyü kimi, İran Qafqaz istiqamətində Azərbaycana qarşı qərəzli, praqmatik yanaşmadan çox emosiyalara və qorxuya əsaslanan xarici siyasətini davam etdirir. Bu siyasətin gələcəkdə də davam etməsi İranın regional nüfuzuna, daha uzaq perspektivdə isə bir dövlət kimi mövcudluğuna suallar yarada bilər. APA Analytics Geri dön |