Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Azərbaycana təhdidlər həmişə olub və olacaq, amma...
Fərəc Quliyev:Azərbaycana təhdidlər həmişə olub və olacaq, amma... |
Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası günüdür. “Yeni Müsavat” xəbər verir ki, Azərbaycanın Ali Soveti 1991-ci il oktyabrın 18-də keçirilən iclasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. 1991-ci il dekabrın 29-da Azərbaycanda ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılıb: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb. Lakin bu tarixlə bağlı həmişə müzakirələr açılır. Xüsusən Azərbaycanın bugünkü həssas dövründə, geosiyasi proseslərin mürəkkəb dövründə dövlət müstəqilliyinin qorunması ən əlahiddə məsələdir. Çünki Azərbaycana xor baxan, təzyiq göstərən, kampaniya aparan qüvvələr var və imkanları olsa dövlətin içində zəifləməsi üçün hər addımı atarlar. Bəs, hazırda müstəqilliyimiz üçün ön böyük təhlükə nədir - Rusiya, İran, Ermənistan, Qərb, iqtisadi dolanışıq, yoxsa “5-ci kolon”lar? Amma SSRİ-nin son illərində ilk milli-azadlıq hərəkatına başlayan müttəfiq respublikalardan biri kimi Azərbaycan nədən öz müstəqilliyini Ermənistandan (1991, 21 sentyabr), hətta Türkmənistandan (28 sentyabr) da sonra elan etdi? Səbəb nə idi?
Qeyd edək ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarının birində deyib. Bir il öncə - oktyabrın 17-də Füzuli rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı Prezident bildirib: “30 il bundan əvvəl 18 oktyabrda Azərbaycan dövlət müstəqilliyini elan edib. Bildiyiniz kimi, mənim təşəbbüsümlə milli bayramlarımızla bağlı Azərbaycan Milli Məclisi düzəlişlər edib. Mən hesab edirəm ki, bu düzəlişlər tarixi həqiqətə və tarixi ədalətə tam uyğundur. Bizim üçün əsas müstəqillik bayramı 28 May günüdür, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günüdür. Biz haqlı olaraq fəxr edirik ki, müsəlman aləmində birinci demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılmışdır. Biz bu gün müstəqil ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik. 1991-ci il oktyabrın 18-də isə müstəqillik bərpa edildi. Edilən düzəlişlər məhz bu uyğunsuzluğa son qoydu və bunu hər kəs bilməlidir. Onu da bildirməliyəm ki, hesab edirəm, o vaxt Azərbaycan rəhbərliyi müstəqilliyi elan edərkən çox əsassız vaxt itkisinə yol verib. Çünki müstəqillik daha əvvəl, daha tez elan oluna bilərdi. Bunu da hər kəs bilməlidir. Biz tarixə ədalətli yanaşmalıyıq. Biz ermənilərdən fərqli olaraq heç bir mifologiya yaratmamalıyıq. Tarixi olduğu kimi bilməliyik və qiymət verməliyik. Çünki 1991-ci ilin oktyabrında bir çox keçmiş müttəfiq respublikalar artıq öz dövlət müstəqilliyini elan etmişdir. Məndə siyahı var, mən həm sizə, həm də Azərbaycan xalqına bu məlumatı vermək istəyirəm, çoxları bəlkə də bilmir. Birinci keçmiş sovet müttəfiq respublikaları arasında öz müstəqilliyini Litva elan etmişdir - 11 mart 1991-ci ildə. Ondan sonra Gürcüstan - 9 aprel 1991-ci il, Latviya - 4 may, Belarus - 27 iyul, Estoniya - 20 avqust, Ukrayna - 24 avqust, Moldova - 27 avqust, Qırğızıstan - 31 avqust, Özbəkistan - 1 sentyabr, Tacikistan - 9 sentyabr, Ermənistan - 21 sentyabr, Türkmənistan - 27 sentyabr, Azərbaycan - 18 oktyabr. Bu qədər gözləməyin səbəbi nə idi? Bilirsiniz, mən bu suala cavabı bilirəm. Bu, ritorik sualdır. Ona görə 18 oktyabr gününü böyük təmtəraqla qeyd etmək, yaxud kiməsə buna görə minnətdar olmaq tamamilə yersizdir. Sovet İttifaqı dağılırdı, Rusiya Federasiyası özü dövlət suverenliyi haqqında Konstitusiya Aktını bizdən qabaq qəbul etmişdi. Rusiya çıxdı, Ukrayna çıxdı, bütün qalan respublikaları çıxdı. Azərbaycan rəhbərliyi nəyi gözləyirdi, kimi gözləyirdi?” İstiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Müstəqillik Aktına imza atmaq onun da bəxtinə düşüb: “O zaman Müstəqillik Aktına səs verənlərdən biri oldum. Əslində, avqust ayında bəyanat qəbul olunmuşdu, oktyabrda isə Müstəqillik Aktı qəbul edili. Müstəqillik Aktı hərəkatın sonuncu dalğasında qəbul edildi. Sadəcə, sənədləşmə prosesi avqustda oldu, rəsmiləşmə oktyabrda edildi. Əslində müstəqillik uğrunda mübarizə hər zaman gedib. SSRİ imperiyası Polşa, Çexoslovakiya, Macarıstanda qırğınlar törətmişdi, sonra Baltikyanı ölkələrdə oldu. Bir sözlə, mübarizə həmişə gedib. 1988-ci ildən 1991-dək isə Azərbaycanın müstəqilliyi üçün savaş gedirdi və bizim nəsil üzərinə düşəni etdi”. F.Quliyev hesab edir ki, Azərbaycana təhdidlər həmişə olub və olacaq: “İstənilən böyük dövlət istəyir ki, kiçik dövləti özünə tabe etdirsin. İranın, Rusiyanın və başqa dövlətlərin burada həmişə maraqları var. Bu gün Rusiya və İran Azərbaycanın böyük olmasını istəmir. Sadəcə, Rusiyanın indi başı qarışıb, ilk fürsətdə yenə təhdid edər. Fransanı da gördük. Ona görə özümüzə güvənməli, güc olmalı, türkdilli ölkələrlə hərbi blok qurmalıyıq, hətta rəsmi elan edilməyə də bilər. O baxımdan bir olmalıyıq, ordu quruculuğu artırlmalı, milli birliyi möhkəmləndirməliyik”. Emil SALAMOĞLU/“Yeni Müsavat” Geri dön |