Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İstiqlalçı deputatlara da münasibət dəyişməlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İstiqlalçı deputatlara da münasibət dəyişməlidir

Fərəc Quliyev:İstiqlalçı deputatlara da münasibət dəyişməlidir


“Müstəqilliyi bizə verdilər” demək millətin mübarizəsinin üstündən xətt çəkməkdir”
.


Bu fikirləri Azərbaycanın müstəqilliyinin bərpasında xüsusi iştirakları olan istiqlalçı deputatlara münasibətin dəyişməsinin vacibliyindən danışan Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, istiqlalçı deputatlara diqqət göstərmək özlüyündə Milli Azadlıq Hərəkatına yüksək qiymət vermək anlamına gəlir:

“18 oktyabr çox müqəddəs və tarixi bir gündür, bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Hərdən belə ifadələr eşidirik ki, SSRİ dağıldı və Azərbaycana müstəqillik verildi. Hətta bu barədə yazılan “Vikipediya” məlumatında da müstəqilliyin bərpasını SSRİ-nin dağılması ilə ortaya çıxan bayram kimi qeyd ediblər. Müstəqilliyin bərpasını bu qədər kiçiltmək olmaz axı…

Burada söhbət qətiyyən ondan getmir ki, istiqlalçı deputat olduğumuz üçün bizə xüsusi münasibət göstərilməlidir. Bu, millətin mübarizəsidir. Biz sadəcə o prosesdə millətin imzasını qoyduq, millətə güvənərək onun səsi, danışan boğazı olduq. Qırx üç nəfər istiqlalçı deputatın iyirmi beşi ovaxtkı “Demblok”un üzvü idi.

Ancaq Müstəqillik Aktı qəbul olunanda, səsvermədə üç yüz altmış deputatdan iki yüz otuz biri iştirak etmişdi. Bu da həmin ərəfədə gedən ideoloji savaşın göstəricisidir. Xatırladım ki, 1991-ci il yanvarın 6-da SSRİ-nin saxlanması haqqında qanuna etirazımızı bildirmişik, həmin ilin mart ayında referendum keçirilməsinin əleyhinə səs vermişik, avqusta “QKÇP” olayı baş verdi, buna qarşı müqavimət göstərmişik, o günlərdə bizi zorla parlament binasından çıxardılar. Yalnız avqustun 30-da müstəqillik haqqında Bəyannamə, oktyabrın 18-də isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Demək istəyirəm ki, Azərbaycanın müstəqilliyinin bərpası aparılan mübarizədə əldə olunan bir nəticədir. O proseslərin iştirakçısı olduğum üçün ola bilər, qeyri-təvazökarlığa yol verim, ancaq düşünürəm ki, əsas olan o nəticə uğrunda gedən prosesdir. Həmin prosesə qiymət verməmək, onun əsas iştirakçılarına fərqli münasibət bəsləməmək, əslində, bu yolda aparılan mübarizəni, millətin əzmini küçümsəməkdir. “Müstəqilliyi bizə verdilər” demək millətin mübarizəsinin üstündən xətt çəkməkdir.

Əlbəttə ki, 20 yanvar şəhidləri istiqlal şəhidləridir. Əgər müstəqillik ideyalarından imtina etmiş olsaydıq, 20 yanvar hadisəsi də olmayacaqdı. Ona görə də istiqlalçı deputatlara diqqət artırılmalıdır. O vaxt mən ən gənc deputat idim, indi altmış yaşım var. Bu mübarizənin önündə olmuş insanların bir çoxu artıq dünyasını dəyişib. Heç olmasa, həyatda qalanlara diqqət olmalıdır. Baxın, Baltikyanı ölkələrdə, Moldovada və başqa dövlətlərdə istiqlalçı deputatlara Milli Qəhrəman adı verilib, onlar bütün mümkün imtiyazlarla təmin ediliblər, hətta səsvermə hüququ olmadan parlamentin iclaslarında iştirak hüququ qazanıblar.

Məryəm xanım hələ dünyasını dəyişməzdən əvvəl parlamentdə məsələ qaldırmışdım ki, istiqlalçı deputatların pensiya və digər məsələləri həll olunsun. O baxımdan, öz vəziyyətləri ilə bağlı narazılıq edən istiqlalçı deputatları başa düşmək çətin deyil. Bilirsiniz, milli-azadlıq hərəkatı heç də mücərrəd bir proses deyil, onu insanlar irəli aparıblar. Buna görə də istiqlalçı deputatlara diqqət göstərmək özlüyündə həmin prosesə diqqət yetirməkdir. Bu gün İkinci Dünya savaşının veteranlarına hələ də diqqət yetirilirsə, istiqlalçı deputatlara da münasibət dəyişməlidir”.

A.Zeynalov/yenicag.az


Geri dön