Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > HƏRBİ EKSPERT ERMƏNİ TƏYYARƏSİNİ DURDURMAĞIN YOLUNU GÖSTƏRDİ
HƏRBİ EKSPERT ERMƏNİ TƏYYARƏSİNİ DURDURMAĞIN YOLUNU GÖSTƏRDİ |
Azad İsazadə: “Birinci reysdə Sərkisyan özü uçub gəlsəydi, pis olmazdı...”
İşğalçı Ermənistanın Xocalı aeroportunu fevral ayında işə salacağını bəyan etməsi, rəsmi Bakının növbəti dəfə bu özbaşınalığa imkan verməyəcəyini bəyanlamasının ardınca Norveçin xarici işlər naziri də erməni həyasızlığına reaksiya verdi. Norveçli nazir Espen Bart Eide Bakıda olarkən rəsmi Oslonun Xocalı aeroportu vasitəsilə uçuşlar həyata keçirmək cəhdlərini pislədiyini bəyan edib. “Bizim Xocalı aeroportu ilə bağlı məsələyə dair mövqeyimiz bəllidir. Biz İrəvana bildirmişik ki, biz bu aeroport vasitəsilə uçuşların həyata keçirilməsini pisləyirik. Ermənistan qarşı tərəfə yönələn təxribat xarakterli hərəkətlərə əl atmamalıdır”, - deyə nazir bildirib. Onun azərbaycanlı həmkarı Elmar Məmmədyarov da bəyan edib ki, mülki təyyarələrin aeroporta uçması üçün Ermənistanın işğala son verməsi ilkin şərtdir. Qeyd edək ki, Bakı qanunsuz uçuşlara heç zaman yol verməyəcəyini və müvafiq addımların atılacağını bəyan edib. Ancaq erməni təyyarəsinin vurulacağı təqdirdə müharibə alovunun alışacağı, Rusiyanın də məsələyə müdaxilə edəcəyi istisna olunmur. Bu arada Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ilə Ermənistan arasında “Hərbi Texniki Əməkdaşlığın inkişaf etdirilməsi haqda” müqavilə ilə bağlı müzakirələrin başlanmasına dair qərar verib. Məlumata görə, lazımi müzakirələrdən sonra Rusiya-Ermənistan arasında hərbi əməkdaşlıqla bağlı saziş imzalanacaq. Bəs belə olan təqdirdə Bakı qanunsuz uçuşların qarşısını hansı qaydada həll edə bilər? Hərbi ekspert Azad İsazadənin fikrincə, sözsüz ki, nə etməliyiksə, bu, beynəlxalq hüquq çərçivəsində olmalıdır: “Ona görə də yəqin ki, bəzi məsələləri beynəlxalq hüquqşünaslarla dəqiqləşdirmək lazımdır. Bu, faktdır ki, Xankəndi aeroportuna uçan təyyarə Azərbaycan ərazisindən keçməlidir. Ona görə Azərbaycan onun səmasından istifadəyə rəy verməlidir. Aydındır ki, bununla bağlı Azərbaycana müraciət edən olmayıb. Belə olan hallarda adətən ardıcıl hərəkətlər olur. Yəni hərbi təyyarə havaya qalxır, dövlət sərhədini pozan təyyarəyə xəbərdarlıq edir və ona enmə ilə bağlı təklif olunur. Necə ki, ötən il bu qayda ilə Türkiyə Hava Qüvvələri Suriyaya uçan, hərbi avadanlıq daşıyan Rusiya təyyarəsini endirmişdi. Azərbaycan təyyarəsi də əvvəl enmə ilə bağlı xəbərdarlıq etməli, xəbərdarlığa əməl olunmayanda, enməyəndə hərbi təyyarə öz hərəkəti ilə qarşı tərəfə mane olmalıdır və təzyiqlə onu endirməyə çalışmalıdır. Bu da nəticə verməyəndə xəbərdarlıq atəşi açılmalıdır. Bunun ardınca da düşmən təyyarəsini ya özü vurmalı və da həmin obyekt yerdən raketlə vurula bilər”. Ancaq ekspert deyir ki, bu mexanizmi həyata keçirmək üçün prinsipial maneələr var: “Azərbaycan Hərbi Hava Qüvvələri İrəvandan Xocalıya uçan təyyarəni endirmək üçün öz təyyarələrini qaldırsa, sözsüz ki, Qarabağdan buna qarşı atəş açacaqlar və biz buna hazır olmalıyıq. Ona görə də biz qırıcıları havaya qaldırmırıq, aydındır ki, 90 faiz onları vuracaqlar və biz itki verəcəyik. Eyni zamanda bu, münaqişənin hərbi fazaya çevrilməsinə səbəb olacaq. Deməli, sadəcə erməni təyyarəsini yerdən raketlə vurmaq lazım gələcək. Amma bu zaman beynəlxalq normaya görə ardıcıllıq pozulur. Ona görə də məsələ beynəlxalq hüquqşünaslarla müzakirə edilməlidir. Təbii ki, Azərbaycanın öz ərazisini qorumağa ixtiyarı var”. A.İsazadə deyir ki, erməni təyyarəsinin vurulması ilə müharibə riski həddindən artıq çoxalacaq: “Ramil Səfərov məsələsi ilə ilə bağlı yaşanan gərginliyi unutmaq olmaz. Baxmayaraq ki, bu, daha çox siyasi hərəkət idi, nəinki hərbi. Burada isə konkret hərbi qüvvələr hərəkətə gətirilir və bu zaman müharibə riski artacaq. Hətta hərbi təlim də hərbi münaqişəyə çevrilmə baxımından risk sayılır. Bizim təyyarələr havaya qalxsa, bu zaman erməni tərəf onu vuracaqsa, şübhəsiz ki, biz də cavab atəşi açacağıq. Biz erməni təyyarəsini vursaq, təsəvvür edin ki, erməni təbliğatı nə qədər hay-küy qaldıracaq. 5 nəfərlik heyət ölsə, 550 yazacaqlar, özü də təyyarədə ölənlərin qoca, qadın, uşaq olduğu deyiləcək, hay-küy böyük olacaq. Bu baxımdan biz indidən hansısa addımları planlaşdırmalıyıq. Mümkündür ki, ermənilər ilk təyyarəni elə boş göndərsinlər. Ancaq Sərkisyan özü uçub gəlsəydi, pis olmazdı”. E.PAŞASOY Geri dön |