Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət > SALAM SARVAN
SALAM SARVAN |
Bu adam...
Kimdir bu adam?! Bilmirəm. Bir onu bilirəm ki, dəlidi bu adam. Şair olub dəli olmamaq mümkündümü ki... Amma bu adam bir başqa cür dəlidir. Yorğun simasında dünyaya təpədən baxan bir təkəbbürü var. Özünəxas istehzası, ironiyası, gülüşü var. “Hal əhli” olmayan adamlara qıymadığı, etibar etmədiyi sözləri var. Onun haqqında çox deyilib, çox yazılıb. Ya da susulub. Onun fərqliliyi, sözün gücünü bu dərəcədə ortaya qoyması hər kəsi heyrətə gətirir. Mənə görə Salam dəhşətli adamdır. “...sənin tənhalığın nədi ki, guya: kirayə qaldığın evdəki özgə əşyalar əhatəsində insan təkliyidi...” Əslində Salam haqqında deyilənlərin hamısı aysberqin bir üzünün təsviri kimi bir şeydi. Hər kəs bir tərəfdən baxır və öz baxdığı tərəfdən də qiymət verir. Həbib Ələkbərsoya qədərsə kimsə bunu deməyib: “Salam Sarvan Azərbaycan ədəbiyyatının mistik şairidir”. O deyir ki, “əgər Avropanın şeirə, ədəbiyyata bu qədər mistika gətirə bilən bir yazarı olsaydı indi bizə onu böyük bir fəlsəfi məktəbin banisi kimi təqdim etmişdilər. Mistik fəlsəfə üzərində yaranmış hər bir əsər hər dövrdə və hər yerdə cox maraqla qarşılanır”. Həqiqətən də Salam başdan-ayağa mistikadır və kimsə bunun fərqində deyil. Yalnız mistik gücü olan bir şair şeirin dəhşətinə bu qədər vara bilər. Tənhalığı, yalnızlığı bu şəkildə çatdırmaq insan işi deyil, məncə. Sizi bu dəhşətli, sözün yaxşı mənasında dəli adamla baş-başa buraxırıq. Çərçivəyə sığmağı sevmədiyini bildirən naəlac cavabları, standartlardan uzaq fikirləri sizə unutduğunuz bir şeyləri xatırladarsa nə xoşbəxt bizə... – Salam bəy, sizcə ədəbiyyat bir mübarizə yolu ola bilərmi? – Bilirsiz, məsələn, Sovet dövründə ədəbiyyat cəmiyyətə təsir edə bilirdi, ona görə ki, cəmiyyət qapalıydı. İnsanların məsləhət görülən birrəngli materialdan başqa informasiya almaq imkanı yox idi. Deməli, oxucu qarşısında seçim imkanı yoxuydu. Ona görə də kolxoz ədəbiyyatındakı hansısa əmək qəhramanından doğrudan da ilhamlanıb traktorçu olmaq istəyənlər var idi. Bu, həm də Sovet dövründəki romantik auranın təlqin elədiyi bir vəziyyət idi. İndi elə deyil axı... İndi hansısa gənc burda mərdlik-qəhrəmanlıq aşılayan bir romanı oxuyacaq və gedib internetdə tamam başqa bir obraza, “ideala” rast gələcək. Yəni həmin gənc informasiya sərhəddini keçən kimi bu qəhrəmanlıq romanı öz təsir gücünü itirəcək. Mənə qalanda, heç vaxt hansısa missiya naminə şeir yazmamışam. Ədəbiyyat insanın azad ola biləcəyi yeganə yerdir. Bu, həm də o deməkdir ki, mən azad olduğum o yerdə bütün buxovlardan – dövlətin ideoloji tələblərindən, cəmiyyətin mənəvi-əxlaqi umacaqlarından, hətta milli təəssübkeşlikdən bir şair, bir yazıçı kimi azadam. Yəni yazıçıdan Azərbaycanı birləşdirməyə, Qarabağ probleminin həllinə töhvələr gözləməyin. Qoy o ədəbi dəyərlər yaratsın, milli, siyasi, əxlaqi dəyərlər yox. Ədəbi dəyərlər baxımından isə bizim Qarabağı itirməyimiz uzaq başı Napoleonun öz sərkərdələrindən birini itirməyə bərabər bir şeydir, ondan artıq deyil. – Axı Azərbaycan oxucusu bunu bir dünya yazarından deyil, öz ölkəsinin şairindən gözləyir. Bu, onun haqqı deyilmi? – Azərbaycan öz güləşçisinin tatami üstündəki qələıbələriylə kifayətlənməlidi, ta onun qolunun zoruynan başqa yüklərini daşıtdırmamalıdı ona. Ədəbiyyatda da belədi – ondan estetik qələbələr gözləyin. Estetik qələbələrsə ədəbiyyata azadlıq verəndə mümkün olur. – Sizə elə gəlmirmi ki, nəsr şeri üstələyib? – Buna “üstələmək” deməzdim. Sadəcə, getdikcə nəsr kütləviləşir, şeir isə elitarlaşir. – Heç düşünmüsünüzmü, niyə nəsrə oxucu marağı şeirdən çoxdur? – Məncə bu psixoloji məsələdi. İnsan hadisəyə, əhvalatçılığa, süjetə meyillidi. Şeirdə isə bunlar olmur. – Yeri gəlmişkən, indi bizdə də bir roman bumu yaşanır. – Bunun bir-neçə səbəbi var. Bir qisim doğrudan da nəsr potensialını düzgün dəyərləndirib roman yazır. Bir qisim dünyada nəsrin dominantlığını görüb bəhsə düşür. Bir qisim bazara girmək istəyir, yəni satılan mal istehsal eləmək istəyir. Bir qisim də sadəcə özünü ədəbiyyatda təqdim eləmək istəyir və bununçün də mümkün vasitə romandır – çünki romanda istedadsızlığı gizlətmək mümkündü, şeirdə yox. Orxan Pamuk deyirdi ki, bizim bir romanımızı bir misrayla yazanlar var. Insafən bu roman bumunda son illər bir-neçə yaxşı əsər yaranıb.Amma, maşallah, heç şeir məhsuldarlığımız da pis deyil. – Düzdü, şeir məhsuldarlığımız pis deyil, bəs onların keyfiyyəti? – İndi interneti doldurmuş bu şeirlərə baxan kimi bir əlamət açıq-aşkar görünür: bu mətnlərdə hər şey tapmaq olar – müəllifin, cəmiyyətin, insanın əzablarını – ancaq bu mətnlərdə yazının öz əzabı yoxdur. Məncə, artıq oxucunun ixtiyarına verilmiş mətnin sir-sifətindən müəllifin yox, həmin mətnin yorğunluğu, o mətnin müəllif tərəfindən hansı əziyyətə düçar edilməsi, hansı əzablardan keçib ərsəyə gəlməyi sezilməlidir. – Həm də bu günkü şerimizdə romantika demək olar ki, yoxdur. Nədən? – Yəqin, indiki şairlərimizin əksəriyyəti dəbdə olan realist şablonlara çox meyillidirlər. İç sarsıntılarından qidalanmırlar. İndiki şeirlərin əksəriyyəti müəllifin öz evi, öz dünyası deyil, dekorasiyadı, sünidi, quramadı. Şəxsən mən Sovet dövrünün romantikasını çox dəyərləndirirəm. Ümumən düşünürəm ki, romantik aurada ədəbiyyatın təsir gücü daha çox olur. Ancaq məndəki nostalji o dövrün romantik pafosuna yox, gerçək həyatın romantikasıdır. Səngərdə əsgərin Yesenini oxuya-oxuya döyüşərək qələbə çaldığı romantikanın nəyi pis idi ki?! Həm də bu, təkcə Sovet dövrününmü romantikasına nostaljidir? Homer başdan-ayağa romantika deyilmi? Ya elə Nitsşe, Eliot, Dostoyevski, Nizami? Məsələn, oxucunun nə vecinədir ki, Markesi ədəbiyyatşünas¬lar mistik-realizmin banisi sayırlar, oxucunu cəlb eləyən Markesin romantikasıdır, məncə. – Şeir oxucusu və nəsr oxucusu... Fərqləri varmı? – Üzdə olan fərq budur ki, oxucu şairə nasirdən daha çox inanır. Ona elə gəlir ki, şair bütün şeirlərində özüdür, öz taleyilə, öz yaşantılarıyladır. Məsələn, mən özüm yazdığım şeirlərin misraları üstündə oxucular tərəfindən həyati detallarımı araşdırmaq cəhdlərinə çox rast gəlmişəm. Ancaq bu, absurddur. Çünki, yazdığımız şeirlər müxtəlif dağınıq düşüncə qatlarının nəticəsidir, bəziləri heç müəllifin öz yaşantıları deyil, müşahidədən gələnləri də var, uydurulanı da var, sadəcə, məna və söz oyunları da var. O şeirlərin içində elələri də var ki, həyatilikdən uzaq təxəyyül kombinasiyalarıdır, yəni, ədəbiyyat yuxularıdır. Yəni, iki cür şeir oxucusu var. Biri heç vaxt şeirə sənət meyarlarından yanaşmaq istəmir və məncə, o, bu mənada yarımhaqlıdır. O, şeirdəki enerjinin yarısını almaq istəyir – ruhi-mənəvi zövqü alır, amma estetik zövq barədə düşünmür. O biri isə əksinə, şerin estetik yükünə diqqət yetirir, oxuduğunu içinə salmır. – Son vaxtlar tendensiyaya çevrilmiş bir hal da var: başqalarını inkar etmək. Necə baxırsız bu məsələyə? Doğrudanmı, özünü təsdiqin yolu başqalarını inkardan keçir? – Burda sözsüz ki, hazır bir düstur var. Odur ki, inkarçılıgın arxasında yaradıcılığın, ədəbi faktın dayanması kifayət eləyir ki, qara-qışqırığa ehtiyac qalmasın. Ancaq çox vaxt inkarçılıq yalnız quru və nəzəri iddialara söykənir. Bu da arxasında ərazi, millət və dövlət mövcud olmayan bir bayrağı hay-küynən yellətməyə oxşayan bir şeydir. – Şeirlərinizdə çox güclü ironiya var. Bu ironiya kimə və nəyə qarşıdı? – Ənənəvi şerimizdəki vətən pafosuna, sevgi pafosuna, ölüm pafosuna. Məsələn, götürün baxın, ənənəvi sevgi şerimizdə şairlər qadına ancaq sığal çəkməklə məşğul olub. Mənsə düşünürəm ki, şeirdə qadına sığalı necə gözəl çəkmək mümkündürsə, şilləni də elə gözəl çəkmək mümkündür. – Belə bir şeriniz də var: “Sənə bu əllərlə toxunmaq üçün, başqa yox yoxdu ta şillədən savay...” – Qoy birini də mən deyim: İyim yanıq iyi, dadım su dadı – mən adam balası deyiləm, qadın. Məni sevməyin də yolu başqadı – bununçün məhəbbət-filan şərt deyil! P.S Tanrı millətimizə mənəviyyatların ən gözəlini bəxş edib. Azərbaycan axarı olmayan dənizə bənzəyir. Fırtınası da öz içində, lal sükutu da. Hər ikisi də gözəldi! Amma ən gözəli bunları ifadə edən dildir. Yəni qələmin dili. Salam Sarvan bu dili çox gözəl bilir. Tanrıya və Tanrının dilinə ruhuyla bağlı olduğundandır ki, hamımızın daxilinə bu qədər xitab edə bilir. O, Tanrının dilində danışır. Azərbaycanın yetişdirdiyi, bundan sonra sizə böyük diqqət və məmnunluq hissi ilə təqdim edəcəyimiz bir çox ədəbiyyat adamlarımız kimi. Şairlər Tanrı elçiləridir, Tanrı elçisinə isə zaval olmaz! Söhbətləşdi Nigar İsfəndiyarqızı Geri dön |