Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > İranın Azərbaycandakı agentləri - Onlar kimlərdir?
İranın Azərbaycandakı agentləri - Onlar kimlərdir? |
Azərbaycanın cənub qonşusu olan İranla zaman-zaman konfliktlər yaşanır. Bir çox hallarda İranın ölkəmizə qarşı təxribatları, bu dövlətin maliyyələşdirdiyi və xüsusi xidmət orqanları tərəfindən idarə olunan şəxslərin həyata keçirdiyi müxtəlif qanunsuz addımlar gündəmə gəlir.
Bu dəfə Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib. DTX-nın yaydığı məlumata görə, İran xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının gizli şəkildə ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb olunması, onların maliyyələşdirilməsi və fəaliyyətlərinin istiqamətləndirilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilir. Vaxtaşırı Azərbaycan əleyhinə təxribatlar törədən şəxslər aşkarlansa da, görünür ki, onların tamamilə sıradan çıxarılması, zərərsizləşdirilməsinə hələ xeyli zaman lazımdır. Bəs İran agentlərinin kökünü birdəfəlik necə kəsmək olar? Bununla bağlı danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, İranın agentləri ilə əlaqədar çox ciddi işlərin görülməsinə ehtiyac var. Deputatın sözlərinə görə, İrana xidmət edən insanlar Azərbaycanda müxtəlif sahələrdə çalışırlar: “İran Azərbaycanda bir çox sahələrdə - media, ədəbiyyat, din, təhsil kimi sektorlarda öz agentura şəbəkəsini formalaşdıra bilib. Həmin agentlərin dəqiq siyahısı və ya kimliyini müəyyənləşdirmək çətindir. Agentlər sosial şəbəkələrdə də çox aktivdirlər, ciddi iş aparırlar. Xüsusilə Azərbaycan məscidlərində bu şəbəkənin nümayəndələri çoxdur. Din sahəsində təbliğat aparan şəxslər yaxşı maliyyələşirlər və İranın diqqətindədirlər. Həmin şəxslər zaman-zaman vəziyyətdən istifadə edib, ciddi addımlar atırlar. Bu şəbəkənin üzvləri müəyyənləşdirilməli və zərərsizləşdirilməlidir. Bir məsciddə belə İran təfəkkürlü şəxs olmamalıdır. İranın din xadimləri vasitəsilə Azərbaycan cəmiyyətinə təsir etməsinin qarşısı alınmalıdır. İranda oturub, Azərbaycanın əleyhinə təbliğat aparanlar da kifayət qədər çoxdur. Rəsmi Bakı dəfələrlə müraciət etsə də, İran həmin şəxsləri ölkəmizə təhvil verməyib. Bu sahədə də ciddi addım atılmalı, həmin şəxslər Azərbaycana verilməlidir”. İranın televiziya və radio kanallarının Azərbaycan ərazilərində yayımlanmasını tənqid edən Ceyhun Məmmədov deyib ki, bu səbəbdən, xüsusilə cənub zonasında İran ideologiyası insanların düşüncələrinə təsir edir: “Hazırda az da olsa təhsil üçün İrana üz tutanlar var. Qarşısını almaq lazımdır ki, həmin şəxslər oxuyub, ölkəyə qayıdanda agentura şəbəkəsinin tərkib hissəsi olmasınlar. İrana ziyarətə gedən insanlar arasında xüsusi təbliğat aparılır. Onların İranın ideoloji təsirlərinə məruz qalmaması üçün ciddi işlər görməliyik. İndidən addım atmasaq, gələcəkdə ciddi problemlərlə üzləşə bilərik. Xüsusi tədbirlər planı olmalı, hər bir dövlət qurumunun qarşısında vəzifələr qoyulmalı və vəzifələr yerinə yetirilməlidir”. Komitənin digər üzvü Azər Badamovun fikrincə, İran qonşumuz olsa da, ölkəmizdə siyasi sabitliyin pozulmasına və dövlət təhlükəsizliyimizə qarşı cəhdlər edir, məqsədlərini həyata keçirmək üçün vətəndaşlarımızı ələ alır:“İranın ayırdığı xüsusi ödənişlər hesabına bəzi şəxslər gizli təlimlərə cəlb edilir və ölkəmizdə agentura şəbəkəsinin yaradılmasına xidmət edir. Amma Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti mütəmadi araşdırmalar aparır, belə ünsürlər məlum olan kimi ifşa edilir və cinayət məsuliyyətinə cəlb olunurlar. O cümlədən bu günlərdə DTX-nin apardığı uğurlu əməliyyat sayəsində 19 nəfər İranın agenti saxlanılmış və bu istintaq tədbirləri davam etdirilməkdədir. DTX-nın mətbuata açıqlamasında qeyd olunub ki, həmin şəxslər xüsusi xidmət orqanları tərəfindən İranda təlimlərə cəlb edilərək hazırlanıb və ölkəmizdə siyasi sabitliyi pozmaq üçün xüsusi tapşırıqla göndərilib. Hətta İran səfirliyinin avtomobilində ölkəmizdə qadağan olunmuş, insanları radikal dini çağırışlara cəlb etmək üçün çap materialları və digər vasitələr müəyyən edilərək götürülüb. Bu o deməkdir ki, DTX öz işini görür və dövlətin təhlükəsizliyinə yönəlmiş bütün cəhdlər izlənilir və ifşa olunur. İranın niyyəti artıq bizə məlumdur. Hesab edirəm ki, bu istiqamətdə nəzarət tədbirlərimiz daha ciddiləşdirilməlidir. Hardasa yenidən belə cəhdlər müşahidə edilsə, o zaman qarşısı alınacaq. Amma belə agentura şəbəkələrin ifşasında vətəndaşların da iştirakını vacib hesab edirəm. Ölkəni, dövlət müstəqilliyini sevən və təmin olunmuş siyasi sabitliyə dəyər verən hər bir vətəndaş belə ünsürlərlə rastlaşdıqda dərhal müvafiq dövlət orqanına məlumat verməlidirlər. Ən azından ona görə ki, xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirmək istədikləri hər bir təxribata cəhd hər birimizin təhlükəsizliyinə qarşı yönəlib”, - deputat vurğulayıb. Geri dön |