Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Tehranın Bakıya Vilayəti ilə göndərdiyi müsbət mesajlar - İran ritorikasını dəyişdi
Tehranın Bakıya Vilayəti ilə göndərdiyi müsbət mesajlar - İran ritorikasını dəyişdi |
1979-cu ildə İranda İslam İnqilabı baş verdikdən sonra rəsmi Tehran daha çox hücum xarakterli siyasət yürütməyə başladı. Tehran uzun illərdir xalqa onun təhlükəli xarici düşmənlərinin olduğunu və onların İran dövlətini yox etmək istədiyini təbliğ edib. Təbliğ olunub ki, İran mütləq şəkildə xarici təhdidlərin qarşısını almaq üçün hücum siyasəti həyata keçirməli, ətraf dövlətləri siyasi və hərbi təzyiq altında saxlamalıdır. Tehranın 80-ci illərdən yürütdüyü bu siyasi xətt hazırda da davam edir.
İranın sərhədlərindən kənarda və ətrafında yerləşən bəzi ölkələrlə siyasi münasibətlərinə nəzər salaq: - Tehran okeanın o tayındakı ABŞ-ı “şeytanın başı” adlandırır. İslam İnqilabından sonra Vaşinqtonla ulduzları heç vaxt barışmayan Tehran ABŞ-ı bölgədəki maraqlarına ən böyük təhdid görür. Bu səbəbdən, Vaşinqtona qarşı daim aqressiv mövqe sərgiləyir; - İran İngiltərəni də regiondakı sabitliyə təhdid hesab edir. Bu səbəbdən, ölkə rəsmiləri mütəmadi olaraq Londonun əleyhinə bəyanatlar səsləndirir. Rəsmi Tehran İngiltərəni İrana qarşı silahlı mübarizə aparan qruplaşmaları dəstəkləməkdə ittiham edir; - İran bir çox hallarda Avropanın hərbi-siyasi təsisatlarını özünə təhdid sayır; - Tehran sərhədləri yaxınlığında ən böyük düşməninin İsrail olduğunu bəyan edir. İran hakimiyyəti İsraillə münasibətinin pis olmasına səbəb kimi Təl-Əvivin Fələstinə qarşı yürütdüyü siyasəti və Tehranın nüvə proqramına qarşı çıxmasını göstərir; - İran hakimiyyətinin müsəlman-ərəb dövlətləri ilə də münasibətləri yaxşı deyil. Başda Səudiyyə Ərəbistanı olmaqla, digər ərəb dövlətləri ilə məzhəbçilik davası aparan İran, daim həmin ölkələri özünə qarşı hərbi təhdid hesab edir. Hətta Yəməndə İranın dəstəklədiyi Husi üsyançıları Səudiyyəyə mütəmadi olaraq raket zərbələri endirir. - İranla Pakistan arasında da münasibətlər tez-tez gərginləşir. Tehran Pakistanla sərhəddə terroçuların toplaşmasını özü üçün təhdid hesab edir. Terrorçuların bölgədə yerləşməsinə görə isə Pakistanı günahlandırır. 2017-ci ildə Pakistanın Bəlucistan əyalətindəki silahlılar İran ordusunun hərbçilərinə atəş açmışdı. Nəticədə 10 İran hərbçisi həyatını itirmişdi. Bu hadisə Tehranla İslamabad arasında siyasi gərginlik yaratmışdı. Bundan başqa, İran Türkiyə-Azərbaycan-Pakistan dostluğunu da özü üçün təhdid hesab edir; - Tehran bir çox məsələlərdə Ankara ilə də uzlaşa bilmir. İranla Türkiyə əsasən Suriyada üz-üzə gəlir. Həmçinin Tehran xüsusilə İkinci Qarabağ Müharibəsindən sonra Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə qısqanclıqla yanaşır. Hətta İran ordusu bir müddət əvvəl Türkiyə ilə sərhəddə genişmiqyaslı təlim də keçirmişdi; - İran-İraq münasibətlərində gərginliklər əsasən İslam İnqilabından sonrakı dövrdə intensivləşib. İslam İnqilabından sonra İranla İraq arasında 10 il (1979-1989) davam edən müharibə başlamışdı. ABŞ İraqı işğal etdikdən sonra İran şiə tərəfdarlarının vasitəsi ilə Bağdadın yeni hökumətlərinə təsir edə bilsə də, bu münasibətləri tam düzəltmədi. Hazırda İran İraqda fəaliyyət göstərən kürd silahlıların mövqelərinə raket zərbələri endirdiyi üçün iki ölkə arasında münasibətlər yaxşı deyil; - “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Tehranla Kabil arasında münasibətlər gərginləşib. İran-Əfqanıstan sərhədində tez-tez silahlı toqquşmalar baş verir; - İranın regional siyasətdə bitərəf mövqedə dayanan Türkmənistanla münasibətləri normaldır; - Hazırda isə İranın ən yaxın dostu Ermənistandır. İran Ermənistan müstəqillik qazandıqdan sonra onun üçün nəfəslik rolunu oynayıb, Bakının İrəvanı tam blokadaya almasına imkan verməyib. İrəvan-Tehran münasibətləri barədə geniş yazmağa ehtiyac yoxdur. Azərbaycan cəmiyyəti iki ölkə arasında münasibətlərin hansı maraqlar üzərində qurulduğunu yaxşı bilir. Göründüyü kimi, İran həm sərhədlərindən uzaqdakı, həm də həmsərhəd olduğu əksər dövlətlərlə yola gedə bilmir, onlara təzyiq göstərməklə maraqlarını təmin etməyə çalışır. Son hadisələr göstərdi ki, İran ətraf dövlətlərə qarşı yürütdüyü aqressiv hücum diplomatiyasını eynilə şimal qonşusu Azərbaycan üzərində sınaqdan keçirmək fikrinə düşüb. Məqsəd isə aydındır: Rəsmi Tehran Bakıya hərbi və siyasi təzyiq göstərməyə çalışır ki, Azərbaycan Vətən Müharibəsindən sonra gündəmə gələn layihələrin icrasından imtina etsin. İran Azərbaycana təzyiq etmək üçün hansı addımları atdı? - Ermənistanın ərazi bütövlüyü “qırmızı xətt” elan edildi; - Rəsmi Tehran ölkə ictimaiyyətinin nümayəndələrindən Azərbaycana qarşı istifadə etməyə başladı. Məsələn, İran parlamentinin millət vəkilləri, hərbi və mülki rəsmi şəxsləri Azərbaycanı bu günə qədər hədələyir; - İran Silahlı Qüvvələri şimal sərhədlərində Azərbaycana hücumu özündə ehtiva edən hərbi təlimlərə başladı; - Tehran rəsmilərinin Ermənistana səfərləri intensivləşdi; - İran Qafanda, Ermənistan isə Təbrizdə konsulluq açmaqla bağlı qərar qəbul etdi; İran hakimiyyəti düşünürdü ki, Bakı Tehranın bu hədə-qorxularına görə geri çəkiləcək, hədəflərindən imtina edəcək. Amma tam əksi oldu. Azərbaycan-İran münasibətləri tarixinin ən gərgin dövrünə qədəm qoydu. Bakı Tehranın təzyiq siyasətinə necə cavab verdi? - Məlumdur ki, İran illərdir azərbaycanlıların dini hisslərindən istifadə edərək ölkə daxilində özü üçün ideoloji təbliğat resursları formalaşdırmışdı. Son gərginlik nəticəsində İranın Azərbaycandakı dini-ideoloji resursları sıradan çıxarıldı; - Bakı Tehranın sərhədlərimizdə keçirdiyi hərbi təlimlərinə adekvat cavab verdi. Azərbaycanın təşkil etdiyi təlimlər daha yüksək səviyyədə idi; - Azərbaycanın xüsusi xidmət orqanları İranın ölkəmizdəki casus şəbəkəsini ifşa etdi və zərərsizləşdirdi; - Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında Cənubi Azərbaycan məsələsini qaldırdı. Ölkə başçısı o taydakı həmyerlilərimizin ana dilində təhsil almaq hüququnun olmamasına diqqət çəkdi; - Azərbaycanın İsraildə səfirliyinin açılması barədə qərar qəbul edildi; - Ümumilikdə Tehrandan səsləndirilən ermənipərəst və anti-Azərbaycan bəyanatlar İranın Azərbaycan cəmiyyətində nüfuzunu tam itirməsi ilə nəticələndi. Hadisələrin gedişi göstərir ki, İran Azərbaycanla gərginliyi özü yaratmışdı. Amma Bakının həyata keçirdiyi hərbi və siyasi cavab tədbirləri Tehranı ritorikasını dəyişməyə məcbur etdi. Məsələn, İranın Ali Dini Lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehrandan Bakıya müsbət mesajlar səsləndirib. Əli Əkbər Vilayəti bildirib ki, son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar. “Bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur, xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar, yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır”. Təbii ki, Vilayətinin Bakıya göndərdiyi müsbət mesajları Tehranın rəsmi mövqeyi kimi qəbul etmək olar. Çünki o, İran hakimiyyətinin xarici siyasətinə yön verən şəxslərdən biridir. Görünür, Tehran Bakının hücum diplomatiyasının bu qədər sərt olacağını düşünmədiyi üçün Azərbaycana təzyiq göstərməyə çalışırdı. Amma İran hakimiyyəti gördü ki, Bakının Tehrana təzyiq imkanları daha çoxdur və tez bir zamanda effektiv nəticələr əldə etmək mümkündür. Azərbaycanın 30 illik müstəqillik tarixi göstərir ki, Bakı heç bir qonşusu ilə düşmənçilik aparmaqda maraqlı deyil. Ətraf dövlətlərlə ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsasını təşkil edib. Rəsmi Bakı heç vaxt nə Cənubi Qafqazda, nədə ki ümumilikdə İran ətrafında gərginliyin cərəyan etməsində maraqlı olmayıb. Bu səbəbdən, Tehrandan gələn müsbət mesajlar fonunda Bakının da gərginliyi uzatmayacağını ehtimal etmək olar. Geri dön |