Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Turan sevdalı, əfsanə ziyalının oğlu danışdı.
Turan sevdalı, əfsanə ziyalının oğlu danışdı. |
Türk dünyasının böyük aydını Turan Yazqanın missiyası davam etdirilir
Közhan Yazqan: “Turan Yazqan 3 oğulun fizioloji atasıdır, ancaq bütün türk dünyasında onun minlərlə övladları var” Ötən ilin noyabr ayında türk dünyası son illərin ən ağır itkilərindən birini yaşadı. Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı professor Turan Yazqan haqqın rəhmətinə qovuşdu. Həyatını türk dünyasına xidmətdə keçirən bu böyük fikir adamının vəfatı bütün sevənləri sarsıtdı. Turan sevdalısı Turan Yazqan 1980-ci illərdə türk coğrafiyasında mədəni bir bütünlük yaratmaq məqsədilə Türk Dünyası Araşdırmaları Vəqfi qurmuşdu. Əslində bu, onun həm də siyasi bir uzaqgörənliyinin nəticəsi idi. Türk xalqlarından bir çoxunun hələ də kommunist rejiminin basqısı altında olduğu o çağlarda T.Yazqan artıq yaxın gələcəkdə dünyada ciddi siyasi dəyişiklik yaşanacağının havasını hiss edə bilmişdi. O zamanlar Turan sevdalısı bu insan türk dünyasının digər böyük fikir adamları ilə bərabər onillərlə milli kimliyi unutdurulan toplumlara özünü tanıma cəsarəti vermək üçün fikirlərdə bağımsızlıq toxumu əkməkdəydi. TDAV-ın düzənlədiyi toplantılarda, elmi konfranslarda, dərc etdiyi “Tarix” dərgisində dəmir pərdənin o üzündə yaşayan toplumlara yönəlik çox ciddi mesajlar vardı. 1991-də SSRİ-nin çöküşü bu ideoloji mübarizənin təntənəsi oldu. Türk cümhuriyyətləri müstəqilliklərini elan edəndən sonra TDAV bu ölkələrlə daha yaxın təmaslar qurmağa başladı. Turan Yazqan ən böyük xəyallarından olan milli, mədəni dəyərlərinə sahib çıxan türk gəncliyinin yetişdirilməsi üçün türk cümhuriyyətlərində məktəblər açmağa başladı. Belə bir məktəb 1992-ci ildə Bakıda da açıldı. Prezident Əbülfəz Elçibəyin də qatıldığı açılış törənində Turan Yazqanın qürur qarışıq həyəcanına şahid olmaq belə çox fərqli duyğuydu. O gündən keçən 20 ildə Qazi Mustafa Kamal Atatürkün adı verilən Bakı Atatürk Litseyində neçə-neçə gənclər yetişdirilib. Vəfatından qısa zaman öncəki görüşümüzdə rəhmətlik Turan Yazqan bizə qurduğu məktəblərin digərlərindən fərqini belə anladırdı:“Bizim sistem digərləri kimi təbliğat üzərində qurulmayıb. Müəllimlərimiz heç bir şagirdi qarşısında oturdub onun beynini “propoqanda” ilə yükləmir. Biz sadəcə cocuqlarımıza keyfiyyətli təhsil vermək niyyətindəyik. Düşüncəmiz türk cocukların seçəcəkləri elm sahələrində başarılı olmalarına şərait yaratmaqdı. Məqsədimizin kökündə türk dünyasına xidmət dayanır. Ancaq biz cocuqlara ulu bir soydan gəldiklərini yalnız sözlə anlatmırıq, onların bunu yaşamasına imkan yaradırıq. İldə bir dəfə İstanbulda düzənlədiyimiz Türk Dünyası Cocuq Şöləninin də əsas qayəsi budur. Yakutiyadan Uyğuristana, Ön Asiyadan Anadoluya, Kırımdan Balkanlara qədər nəhəng bir coğrafiyada yaşayan insanları bir araya gətirib onlara bir xalının ilmələri olduqlarını göstərməkdən gözəl nə ola bilər? Azərbaycanda doğulan bir fidan Altayda doğulan qardaşının da onun kimi “gün”ə “gün”, “ay”a “ay” deməsindən təsirlənməyəcəkmi?” Turan Yazqanın vəfatından sonra TDAV İdarə Heyətinin qərarı ilə qurumun başqanlığına oğlu Közhan Yazqan seçilib. TDAV başqanı kimi ilk dəfə Bakıya gələn Közhan bəylə Bakı Atatürk Litseyində görüşdük. - TDAV kimi önəmli bir vəqfin yaşaması üçün planlarınız nədir? - Biz onun bütün ideyalarının yaşaması üçün çaba göstərəcəyik. Turan Yazqan bizim üçün yeri doldurulmayacaq bir insandır. Həm bir ata olaraq, həm bir idealımız olaraq böyük bir insanı itirdik. Bundan sonra üzərimizə düşən vəzifə onun yapdıqlarını və yapmağı düşündüklərini davam etdirməkdir. Bu yolda var gücümüzlə çalışacağıq. Ancaq bu, bizim tək başımıza görə biləcəyimiz iş deyil. O, çox güclü bir insan idi. Həyatı boyu onun yanında olan bütün insanlardan – məsləkdaşlarından, tələbələrindən bu müqəddəs işdə yardım alacağımıza inamımız böyükdür. Turan Yazqan vəfat etdiyi ilk gündən əslində biz həm ailə, həm TDAV olaraq bu dəstəyi hiss etməkdəyik. Hər kəs atama sanki vəfa borcunu ödəmək üçün bizim işlərimizə çiyin verməyə çalışır. Buna görə hər kəsə təşəkkür edirik. Vəqfi yaşatmaq, onun əsərlərini yaşatmaq bizim ən böyük istəyimizdir. Onun fikrində gerçəkləşdirməyi düşündüyü çox projelər vardı. Bu fikirlər üzərində çox əmək sərf edir, ideyalarını reallaşdırmanın yollarını axtardı. Onları həyata keçirmək bizim üzərimizə düşür. - Turan hocanın vəfatından sonra TDAV-ın Azərbaycanla bağlı siyasətində hər hansı yenilliklər gözlənilirmi? - Bu məktəbi çox sevirdi, Bakı Atatürk Litseyinin onun üçün özəl yeri olduğunu hər zaman söylərdi. Burada bir də İqtisad Universiteti nəzdində İqtisadiyyatın İdarəedilməsi fakültəmiz var. Azərbaycanda türk cocukların savadlı, xalqına, dövlətinə gözəl xidmətlər edən gənclik kimi yetişdirilməsi onun üçün çox qürurvericiydi. Hər zaman da bunu çox böyük fəxarət hissi ilə ifadə etməyi sevərdi. Bu məktəbi çox böyük ümidlərlə açmışdı. Burada təhsil alan gəncliyin hər uğuruna öz övladlarının uğuru qədər sevindiyinin şahidiyəm. Hər ali məktəb qazanan, hər hansı elm sahəsində uğur əldə edən şagird, tələbə onun göz bəbəyi idi. Həm Bakı Atatürk Litseyinin, həm fakültənin rəhbərliyi ilə görüşlərimiz oldu. Təbii, hər iki müəssisənin bundan sonra da yaşaması, inkişaf etməsi üçün qüvvələri səfərbər edəcəyik. - Digər türk cümhuriyyətlərinə səfərlər nəzərdə tutulubmu? - Əlbəttə. Atamın vəfatının 52-cü gününü keçirdikdən sonra ilk Azərbaycana getmək qərarı verdik. TDAV-ın bütün türk dünyasında projeləri var. Biz bütün mümkün imkanlardan yararlanaraq bu projelərin daha da genişlənməsinə, şərtlərin daha da yaxşılaşmasına çalışacağıq. - Azərbaycanda Türkiyə universitetlərindən məzun olub ölkəyə dönən çox gənc var. Siz onların potensialından yararlanmağı düşünürsünüzmü? - Şübhəsiz. Yanılmıramsa, Bakı Atatürk Litseyindəki müəllim heyətində elə bu məktəbdən məzun olanlar var. Biz bu prosesi davam etdirməyi düşünürük. - TDAV-ın adının dəyişdirilərək Türk Dünyası Vakfı qoyulması nə qədər realdır?-Turan Yazqanın adının əbədiləşdirilməsi yönündə çalışmanız varmı? - Atamın vəfatının bir ilinin tamamına qədər onun haqqında kitab buraxılmasını planlaşdırırıq. Artıq işlərə start verilib. Bu, bir ömür yolu kitabı olacaq, onun türk dünyasına, çalışdığı elm sahələrinə verdiyi əməklər haqqında bir əsər olacaq. Bundan başqa Türkiyənin çeşidli bölgələrində Turan Yazqan adına simpoziumlar keçirilir. Hətta TDAV-dan kənar, onun ideyasının daşıyanların təşəbbüsü ilə bir neçə elmi toplantı yapılıb. Bu məqsədlə bir neçə xarici ölkəyə də dəvətlər almışıq. Biz eyni zamanda Turan Yazqan ödülü təsis etməyi düşünürük. Türk dünyası üçün əmək sərf edən, Turan Yazqan ideyalarını yaşadan insanları bu mükafatla təltif etmək istəyirik. Ancaq ən böyük hədəfimiz Turan Yazqan Universiteti yaratmaqdır. Çox çətin bir missiyanı üzərimizə götürmüşük. Turan Yazqan 3 oğulun fizioloji atasıdır, ancaq bütün türk dünyasında onun minlərlə övladları var. Bu gün TDAV okullarında oxuyan hər kəs bizim üçün qiymətlidir. İnanıram ki, həyatlarını hansı sahədə davam etdirmələrindən asılı olmayaraq türk dünyasına xidməti əsas vəzifələri sayacaqlar. Aygün Muradxanlı Geri dön |