Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Korrupsiyaya qarşı aparılan mübarizə sonadək aparılmalıdır
Fərəc Quliyev:Korrupsiyaya qarşı aparılan mübarizə sonadək aparılmalıdır |
"İnsanların aqressiyası, formalaşmış mühitə etirazları hökumətin atdığı addımlar sayəsində rəğbətə
çevrilməkdədir" Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) son günlər Naxçıvanda apardığı əməliyyatlar, maliyyə yoxlamaları və həbslər gündəmin əsas müzakirə mövzularındandır. Son olaraq Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rəfael Əliyev də həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui- istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. R.Əliyev 2 il öncə nazir vəzifəsinə təyinat alıb. Onun bu postdan əvvəl muxtar respublikanın Dövlət Gömrük Komitəsində şöbə rəisi kimi çalışdığı bildirilir. Bir neçə gün əvvəl nazirin gömrükdəki xələfi Mənsur Əsgərovu da 132 milyonluq ittihamla həbs ediblər. Qeyd olunub ki, Bakıdan gedən maliyyəçilər bir müddətdir muxtar respublikada maliyyə sənədlərini yoxlayırlar. Naxçıvan gömrük rəsmilərinin milyonlarla dəyərində qaçaqmalçılıqda iştirakı və büdcə pullarının yeyintisi araşdırılır. Naxçıvan DGK-nin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzovun komitənin inzibati binasına buraxılmadığı deyilir. Hazırda muxtar respublikada bir sıra struktur islahatlarının aparıldığı, Naxçıvandakı qurumların Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilməsi istiqamətində addımlar atıldığına dair məlumatlar yayılır. Məlumatlara görə, Gömrük Komitəsində aparılan əməliyyatın bir məqsədi də qurumun ləğv edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyinə verilməsini təmin etməkdir. Məlumat üçün bildirək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ləğv edilib. Onun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə tabe olan Naxçıvan Baş İdarəsi yaradılıb. Azərbaycanda korrupsiya və rüşvətə qarşı 2018-ci ildən etibarən ciddi mübarizə aparılır. Keçən müddət ərzində müxtəlif nazirliklərdə, icra hakimiyyətlərində və digər büdcə təşkilatlarında DTX əməliyyatlar keçirib, nazirlər, icra başçıları həbs olunub. Eyni zamanda, korrupsiyaya bulaşmış müavinlər, şöbə, idarə rəisləri saxlanılıb. 44 günlük Vətən müharibəsinin başlaması bu prosesi bir qədər səngitsə də, postmüharibə dövründə mübarizə qaldığı yerdən davam etdirilib. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Şərq"ə açıqlamasında bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan unitar dövlətdir. Partiya rəhbərinin sözlərinə görə, Naxçıvandakı bütün qurumlar dövlətimizə tabe olmalıdır: "Naxçıvanda ciddi qanun pozuntuları baş verib və oradakı qurumlar baş verənlərə biganə qalıblar. Bilərəkdən, düşünülmüş şəkildə onlarla əlbir olaraq qanunsuzluqlara şərik olublar. Dövlət Təhlükəsizlik Xidməti çox millətçi, vətənçi və barışmaz mövqedən çıxış edir. Bu da təsadüfi deyil, qurumun başında dayanan adam Birinci Qarabağ müharibəsinin qazisi, vətənpərvər bir kişidir. Korrupsionerlər DTX rəhbərliyinin üzərinə gəlməyə çalışsa da, qurum öz işini çox ləyaqətlə görür. 44 günlük müharibə dövründə çox ciddi fəaliyyət sərgiləyən Dövlət Təhlükəsizlik Xidməti postmüharibə dönəmində də olduqca önəmli işlər görməkdədir. O baxımdan DTX-nin Naxçıvanda aparılan korrupsiya və mənimsəmə hallarına qarşı mübarizədə ən öndə olması təsadüfi deyil. Naxçıvan Muxtar Respublikasının statusu siyasi baxımdan bölgənin təhlükəsizliyi üçün hesablanmış məsələdir. Bu məqam Qars və Moskva müqaviləsində öz əksini tapıb. Amma Naxçıvandakı idarəçilər bu müqavilənin arxasında gizlənib, özbaşınalıq edə bilməzlər. Müqaviləni saxlamaq şərti ilə Naxçıvanda ciddi islahatlara ehtiyac var. Naxçıvanda bütün nazirliklər ləğv olunmalı, Nazirlər Kabineti ortadan qalxmalıdır. Bunlar artıq strukturlardır və avtomobilin beşinci təkəri kimidir. Birmənalı şəkildə rəsmi Bakıya birbaşa tabeçilik təmin olunmalıdır. Naxçıvanın Şərur rayonu ilə Şəki rayonu eyni formada tabeçilik nümayiş etdirməlidir. Bu, islahat xarakterli məsələdir və əlavə qurumlara ehtiyac yoxdur". F.Quliyev vurğulayıb ki, Naxçıvanda korrupsiyaya qarşı aparılan mübarizə heç kimi təəccübləndirməməli və proses sonadək aparılmalıdır: "Söhbət təkcə maliyyə nazirindən getmir. Böyük ehtimal başqaları da əlbir şəkildə bu işləri görüblər. Çünki bu qədər böyük vəsaiti qısa müddət ərzində mənimsəmək fantastik məsələdir. Nəzərə alaq ki, hələ bir qurumdan söhbət gedir. Qanun qarşısında hamı bərabərdir. Aşkar edilən qanunsuzluqlarda kimin əli, iştirakı varsa, qanunlarımız çərçivəsində cəzalandırılmalıdır. Bu, təqdirəlayiq addımdır. Bir formasını taparaq Naxçıvanın təhlükəsizliyi və statusu ilə bağlı məsələni də səhmana salmaq mümkündür. Naxçıvanda struktur dəyişikliklərinə ciddi ehtiyac var. Bildiyiniz kimi Dövlət Təhlükəsizlik Xidməti Naxçıvanda yerli idarə yaradıb. Məncə, digər strukturlar da tamamilə ləğv olunmalıdır. Naxçıvan camaatı bunu çox yüksək qiymətləndirir və dəstəkləyir. İnsanların aqressiyası, formalaşmış mühitə etirazları hökumətin atdığı addımlar sayəsində rəğbətə çevrilməkdədir". Partiya sədri bəyan edib ki, Naxçıvandakı kadr təyinatlarına diqqət yetirmək lazımdır: "Yaxın zamanlarda Zəngəzur dəhlizi açılacaq. Naxçıvan bir qapıdır. O baxımdan Naxçıvanda idarəçiliyin və kadrların dövlətçiliyə, millətçiliyə bağlı olmasına böyük ehtiyac var. Müxalifət partiyası olaraq bütün mənalarda Naxçıvanın səliqə-səhmana salınmasını, korrupsiyaya qarşı mübarizəni və islahatları dəstəkləyirik". İsmayıl Qocayev/sherg.az Geri dön |