Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Yeni reallıqların nəzərə alınması təqdirəlayiqdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Yeni reallıqların nəzərə alınması təqdirəlayiqdir

Fərəc Quliyev:Yeni reallıqların nəzərə alınması təqdirəlayiqdir


"Siyasi partiyalar haqqında" qanun layihəsində dəyərli təkliflər nəzərə alınıb

"Siyasi partiyalar haqqında" yeni qanun layihəsi Milli Məclisin dünən keçirilən plenar iclasında birinci oxunuşda müzakirə olundu. Buna qədər qanun layihəsinin ictimai dinləmələri keçirilib və məsələ yenilənmiş variantda parlamentə təqdim edilib.
Yenilənmiş variantda parlamentdə siyasi partiyalardan gələn təkliflər nəzərə alınıb, qanun layihəsinə ümumilikdə 66 düzəliş edilib. Belə bir mükəmməl qanun layihəsinin hazırlanması göstərir ki, islahatların davamı olaraq siyasi sistemin təkmilləşdirilməsi diqqət mərkəzindədir.
Mövzu ilə bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinin yeni versiyasında partiyaların təkliflərinin nəzərə alınması bizi məmnun edir: "Açıq-aydın görünür ki, yeni qanun layihəsi siyasi partiyaların yaradılmasını və fəaliyyətini stimullaşdırır. Nəticədə partiyaların peşəkar şəkildə formalaşmalarını və onların siyasi mühitdə aktiv fəaliyyət göstərmələrini təmin edəcək hüquqi baza yaradılır. Ümumilikdə yenilənmiş variantda bir sıra güzəştlər tətbiq edilib, təklif və iradlar nəzərə alınıb. Lakin fikrimcə, ölkədə nizamnaməsi və proqramları oxşar olan partiyaların birləşdirilməsi daha məqsədəuyğun olardı. Bu konteksdən yanaşsaq, qanun layihəsinin birinci variantında siyasi partiyalar üçün nəzərdə tutulan üzv və təsisçi sayı normal idi. Lakin bir sıra təklifləri nəzərə alaraq müəyyən dəyişikliklər edildi və say tərkibi azaldıldı. Əslində, say çoxluğu o demək idi ki, dövlət siyasi palitrada çoxüzvlü partiyaların olmasında, hər kəsin fikrini sərbəst ifadə etməsində maraqlıdır".
Partiya sədri bildirib ki, yeni qanun layihəsi vətəndaşların daha sərbəst fikir söyləməsinə zəmin yaradır: "Bu, ölkədə sağlam siyasi rəqabət formalaşdırmaqla partiya liderlərinin məsuliyyətini artırır. Qanun layihəsinin hazırlanması zamanı yeni reallıqların və dünyanın geosiyasi mənzərəsinin nəzərə alınması təqdirəlayiqdir. Onu da qeyd etmək lazımdır ki, yenilənmiş versiyada demokratik ruh daha aydın sezilir və lazımsız məhdudiyyətlər aradan qaldırılıb".

Nəzrin QARDAŞXANOVA/"Azərbaycan" qəzeti

Geri dön