Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Azadlıq arzusu, mübarizlik ruhu, müstəqilliyin qüruru...
Azadlıq arzusu, mübarizlik ruhu, müstəqilliyin qüruru... |
Sitarə Cabbarlı
Mən 20 Yanvarın yaşıdıyam. 20 Yanvar mənim yaşıdımdır. Ömrüm boyu unutmayacağım yaşıdım – “başı bəlalı” yaşıdım... Deyirlər, Vətənini, valideynlərini, bir də doğum tarixini insan özü seçmir. Ağlım kəsəndən həmişə düşünmüşəm, necə olub ki, bu ağır, həm də şərəfli il bizim doğum tariximizə düşüb? Sualın cavabını böyüdükcə anlamışam: bu, sadəcə, taleyin işi deyil. Bu, təsadüf də deyil. Bu, böyük Allahın o böyük ağrıların qarşısında Azərbaycana göndərdiyi təsəllidir. Tanrı şəhidlərin yerini boş qoymaq istəməyib, məncə... Əslində, 1990-cı ildə Azərbaycanda neçə nəfər dünyaya gəlib – dəqiq bilmirəm. Amma dəqiq bilirəm ki, bu, 20 Yanvar şəhidlərinin sayından qat-qat çoxdur. 3 il əvvəl faciənin 20-ci ildönümündə ATGTİ-nın “Mənim 20 yaşım var” adlı aksiyasına təkcə Bakıdan nə qədər yaşıdım toplaşmışdı. Onda biz metronun “Elmlər Akademiyası” stansiyasından Şəhidlər xiyabanına qədər yürüş etdik. Səsimizi səslərə qatmaq istəyirdik. İstəyirdik ki, dünya bizi eşitsin, dünya bizi duysun. Yaşıdlarımıza da mesajımız vardı: biz o qəhrəmanlığa başqalarından daha çox layiq olmalıyıq... O vaxtdan 23 il keçir. Hər il bir yaş böyüdükcə o günün mahiyyətini daha dərindən dərk etmişik... Öyrənmişik ki, Azərbaycan 20-ci əsrin 70 ilini sovet imperiyasının əsarəti altında yaşayıb. Və sonunda bu imperiya öz vətəndaşlarına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 20-də Bakıda yüzlərlə günahsız insan amansızlıqla qətlə yetirilib. Bəziləri elə öz evindəcə gülləyə tuş gəlib. Xalqları istismarda saxlayan və bunu davam etdirmək istəyən rejimin – sovet sisteminin saxtakarlığı da həmin gecə üzə çıxıb, elə həmin gecədə də yerlə yeksan olub. Xalqımız cəsarət nümayiş etdirib, şəhidlər verib, amma sınmayıb. Öz tarixinə şərəfli bir gün də yazıb, həmin günü Azərbaycan tarixinin pozulmaz səhifəsinə çevirib. O gecədəki həmrəylik, birlik xalqımızın müstəqillik uğrunda mübarizəsinə yeni ruh verib, azadlığa aparan yolu işıqlandırıb... ...23 ildir xalqımız bu faciənin ağrılarını və qürurunu yaşayır. Və illər keçdikcə bu tarixin gətirdiyi qürur bütün ağrı-acıları üstələyib, kədərə qalib gəlib. Şəhidlər xiyabanı xalqın müqəddəs and yerinə çevrilib, Azərbaycan insanının qürurunu nümayiş etdirən ziyarətgaha dönüb. Dünəninə hörmət, sabahına zəmanət meydanına çevrilib... Biz, 20 Yanvarın yaşıdları bu tarixdən nə öyrəndik, nə götürdük? Bu sualın cavabında ağlıma hər şeydən əvvəl, bu fikirlər gəlir: Azadlıq arzusu, mübarizlik ruhu, qəhrəmanlıq, müstəqilliyin qüruru... – o gecə, hər şeydən əvvəl, bu ali duyğuları öyrətdi bizə, bizdən sonra gələnlərə. ...Azadlıq arzusundan güc alan o gecə Azərbaycana ŞƏHİDLƏR gətirib. O gecədən səhərə QƏHRƏMANLAR qalıb. İmperiya ordusu bir xalqın milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib. Ölüm bir amal – Vətənin müstəqilliyi arzusu ilə sıx birləşən insanları qorxutmayıb. O gecə Azərbaycan insanı xalqın minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edib. Şəhid olanlar xalqımızın tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduqlarını bütün dünyaya nümayiş etdiriblər. Azadlıq istəyi, azadlıq sevgisi onların ürəklərinə təpər, qollarına güc verib. Bu qeyrət onları bir gecədə əsl qəhrəmana çevirib. Qədirbilənlik... Xalqımız şəhid övladlarını əzizləyib, onlar üçün göz yaşı töküb, həm də onlarla öyünüb. Onları böyük ehtiramla Bakının ən uca nöqtəsində dəfn edib... ...20 Yanvarda bütün dünya Azərbaycan övladının daha bir böyüklüyünə şahidlik edib. Bu, ulu öndərimiz Heydər Əliyevin öz milləti ilə həmrəylik, birlik nümayiş etdirməsi, xalqına dayaq olması idi. Vətəndən uzaqda, Moskvada olan ümummilli lider həmin gün daha bir örnək göstərib. Özünü və əzizlərini gözləyən təhlükəni göz önünə almadan, heç nədən çəkinmədən təcavüzə etirazını bildirib, dünyanı qanlı qırğından xəbərdar edib. Bununla elə imperiyanın mərkəzində, Moskvadaca faciəyə ilk siyasi qiymət verib. Bu kadrları biz dəfələrlə televiziya kanallarında izləmişik... Bu qədirbilənliyi möhtərəm Prezidentimiz İlham Əliyev də davam etdirir – xalqın ürəyindən xəbər verən qərarları ilə... Bayaq dedim: biz 20 yanvarın yaşıdları o qəhrəmanlığa layiq olmalıyıq. Necə? Heç şübhəsiz, tarixi həqiqətlər zaman keçdikcə yeni nəsillərin yaddaşında vərəqlənir, təhlil olunur. Baxın, biz doğulanda o tarixdən xəbərsiz idik. İndi isə çox şey bilirik. Məhz ona görə də bu mövzunu hər günün mövzusuna çevirməliyik. Bu mövzunu hər gün yaddaşımızda, beynimizdə, xəyalımızda, əməllərimizdə daşımalıyıq. Bütün şəhidlərimizi, bütün qəhrəmanlarımızı tanımalıyıq, tanıtmalıyıq. Qanlı 20 Yanvarın xalqımıza qarşı soyqırımı kampaniyasının bir hissəsi olmasını bütün dünyaya car çəkməliyik. Lakin iş təkcə bununla bitmir. O dəhşətli gecənin gizli məqamlarını araşdırmaq, sirlərini açmaq, yeni-yeni kitablar yazmaq, tarixin bu ağrılı və şərəfli dövrünün yaddaşını yaratmalıyıq... Qarabağımız düşmən əlindədir. Valideynlərimin doğulub-böyüdüyü, ulu babalarımın məskəni olan doğma Qarabağa getmək arzusu bir an da olsun məni tərk etmir. O günün gələcəyinə inanıram. 20 Yanvar onu da öyrətdi ki, xalqımız ən amansız düşməni belə enməyə qadirdir. Bu xalq həmrəylik, birlik nümayiş etdirəndə daha qüdrətli, daha əzəmətli, daha yenilməz olur. Və bu birliklə ən qəddar, ən zalım, ən hiyləgər düşməni belə enmək, məğlubiyyətə uğratmaq, bütün dünyanın gözü qarşısında ifşa etmək olar. 70 illik bir güclü imperiyaya qalib gələn xalqın övladları ermənilərin əlində aciz qalmayacaq ki? Bu qələbəyə həm də Azərbaycanın bugünkü danılmaz uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir... Mən inanıram ki, 20 Yanvarın yaşıdları şəhidlərimizin müqəddəs xatirəsinə and içib Qarabağa yol alanların, QƏLƏBƏ bayrağını daşıyanların ön sırasında olacaqlar... Mən inanıram ki, bundan sonra biz Bakıda həsrətlə Şuşadan danışmayacağıq, tezliklə Şuşadan qürurla möhtəşəm Bakımıza baxacağıq!... ELƏ İSƏ GEC QALMAYAQ... Allah bütün şəhidlərimizə rəhmət etsin... Geri dön |