Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Güney Azərbaycan xəbərləri, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İran rejimi illərdir Azərbaycan əleyhinə siyasət aparır
Fərəc Quliyev:İran rejimi illərdir Azərbaycan əleyhinə siyasət aparır |
FƏRƏC QULİYEV: "FƏTVA VERİRLƏR Kİ, İŞĞAL OLUNMUŞ YERDƏ DƏSTƏMAZ ALMAQ BELƏ GÜNAHDIR, AMMA ƏRAZİLƏRİMİZİ ERMƏNİLƏRLƏ BİRGƏ TALAYIBLAR"
İran Azərbaycana qarşı sərgilədiyi riyakar, düşmənçilik siyasətini İkinci Qarabağ müharibəsindən sonra açıq şəkildə ortaya qoydu. Bundan əvvəl də həm birinci Qarabağ müharibəsində, eyni zamanda, sonrakı illərdə İran rejimi ölkəmiz əleyhinə hər cür mənfur əməllərə əl atıb. İşğal dövründə Ermənistanla sıx əməkdaşlıq edən rejim sərvətlərimizin, insanlarımızın əmlakının talan edilməsində ermənilərlə əlbir olub. Bu günlərdə isə ermənilərin ASALA terror təşkilatı ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb. Qruplaşmanın keçmiş üzvü Martiros Jamkoçyan Ermənistanın "Hraparak" nəşrinə müsahibəsində deyib ki, ASALA-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb, onlarla torpaqlarımızın işğalı ilə bağlı sövdələşib və əməkdaşlıq ediblər. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev "525"ə bildirib ki, İran rejimi illərdir Azərbaycan əleyhinə siyasət aparır: "Bu, müəyyən dövrlərdə görünən olub, müəyyən dövrlərdə isə gizli şəkildə həyata keçirilib. İran Azərbaycanla sadəcə protokol qaydasında dost, qonşuluq münasibətləri elan edib. İkinci Qarabağ müharibəsindən əvvəl də Azərbaycanla münasibətləri ortada olub, müharibə zamanı gördük ki, xristian dövlətləri belə, məsələn, Gürcüstan öz ərazisindən silah-sursat buraxmadı. Ancaq İran ərazisindən Ermənistana 900 tona yaxın silah-sursat daşıdı. Belə faktlar daha əvvəl də olub. Partiya sədri deyib ki, İran işğal zamanı ermənilərlə birgə ərazilərimizi talan edib daşıyıb, xüsusi şirkətlər yaradıb: "Bunlar fətva verirlər ki, işğal olunmuş yerdə dəstəmaz almaq belə günahdır. Guya bu qədər təmizdirlər. Amma işğal müddətində bütün ərazilərimizi ermənilərlə birgə çapıb talayıblar. Müharibədən sonra da mövqeləri ortadadır. Azərbaycan öz sərhədlərini bərpa edəndə qırmızı xətdən danışmağa başladılar. Molla rejimi mütəmadi olaraq Azərbaycana qarşı düşmən münasibəti sərgiləyib. Yeganə ölkə səfirliyidir ki, Azərbaycanda yazırlar ki, İranın Bakı səfiri. Azərbaycan dövləti sözünü belə yazmaq istəmirlər. Həm güneydə, həm quzeydə bizə qarşı əllərindən gələni ediblər. 1828-ci ildən bu günə qədər Güney Azərbaycanda soydaşlarımızın bütün haqları əlindən alınıb, orda dəfələrlə azərbaycanlıları kütləvi şəkildə qırıblar. Bu təsadüfi bir siyasət deyil. Azərbaycan İkinci Qarabağ müharibəsindən qalib çıxdıqdan sonra rejim gördü ki, Azərbaycan güclü dövlətə çevrilirsə, bu güneyli soydaşlarımız üçün motivasiya olacaq. Ona görə də Azərbaycanın güclü olmasında maraqlı deyillər. Hər bəhanə ilə Azərbaycanı əzməyə çalışırlar. Sərhəddə hərbi təlim keçirdilər, digər addımlar atdılar. Amma Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil və biz qarşılarına mövqe qoyduqdan sonra geri çəkilməyə məcbur qaldılar". F.Quliyev deyib ki, Azərbaycan Prezidentinin məsələ ilə bağlı çox gözəl yanaşması oldu: "Dövlət başçısı bütün dünyadakı, o cümlədən, güneyli soydaşlarımıza sahib çıxacağını, onların müdafiəsi üçün hər şey ediləcəyini deməklə iki mesajı verdi. Birincisi, Azərbaycanın şimalı cənubu yoxdur. Bir millət olaraq bir-birimizə sahib çıxmalıyıq. Bu gün İran sizdən bəhrələnib, faydalanıb güclənərək burda Quzey Azərbaycana meydan oxuyur. İlk özünüz onların qarşısında dayanın. İkinci mesaj budur ki, biz bütün hallarda sizin hüquqlarınızı müdafiə edəcəyik, Azərbaycan dövləti sizin yanınızdadır. İndi Güney Azərbaycanda gedən bu proseslərdə qarşılıqlı himayə mexanizmi var. Bizim Azərbaycan dövləti ilə güneydəki soydaşlarımız bir-birinə sahib çıxır. Bu da çox normal yanaşmadır. Etirazlara səbəb nə olur olsun, hesab edirəm ki, artıq İran bu təzyiqlərin altında çıxa bilməz. Ayaqlanma var, bu ayaqlanmada Quzey və Güney Azərbaycan indiki kimi dirəniş, qətiyyət göstərərsə, İran sonunda məğlub olacaq. Artıq görürsünüz İranın Ali rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin bir açıqlaması oldu. Düzdür, orda müəyyən nüanslar var, amma hər halda geri çəkilmək məcburiyyətindədirlər. İran kimi, Rusiya kimi dövlətlə məhz bu cür danışmaq lazımdır. Hesab edirəm ki, Güney Azərbaycanda proseslər beş gün tez, beş gün gec, güneylilərin istiqlal qazanması ilə bitəcək. Azərbaycan üçün ədalətli status-kvo tarixi coğrafi ərazisində bütöv Azərbaycandır. Güneyli soydaşlarımızın özlərinin Güney Azərbaycan dövlətini qurandan sonra birləşmə, yoxsa ayrı-ayrı dövlət olma məsələsini referendum yolu ilə həll etmək olar. Fərqi yoxdur, amma Güney Azərbaycanda 40 milyon insanımızın bu gün haqqın istəməsi doğru yanaşmadır. Prezidentimiz də son çıxışında bildirdi ki, İranda ermənilərin məktəbləri var, soydaşlarımızın isə bir məktəbi belə yoxdur. 40 milyon insana öz dilində danışmağa imkan vermirlər. Urmiya gölünü bilərəkdən qurudurlar ki, oranı ekoloji fəlakətə sürükləsinlər, ərazimizdə Kürdüstan yaradırlar, insanlarımızı məhv edirlər, zindanlar doludur. Ona görə də orda baş verənlər təsadüfi hadisələr deyil. 1828-ci ildən bu günə qədər mübarizə gedib, bundan sonra da gedəcək. Biz 4 dəfə inqilab edən xalqıq. Pişəvəri hakimiyyətini hamı xatırlayır, dünyaya nümunə olan dövlət qurdu. Hesab edirəm ki, biz bütün hallarda haqlıyıq və bütün imperiyalar kimi İranın da vəziyyəti çox pis olacaq". Partiya sədri üç məqamı xüsusi qeyd edib: "Beynəlxalq aləmin də qarşısında İran çox pis vəziyyətdə qalıb. Həm nüvə dövlətinə çevrilmək cəhdi var, həm imperiya olaraq bütün xalqları əzir. Üçüncüsü, Ukrayna Rusiya müharibəsində şərin yanındadır. Ona görə beynəlxalq şərtlər də bizim xeyrimizə işləyir, indiyə qədər İrana sanksiyaları yumşaltmaq haqqında danışanlar yeni sanksiyalardan bəhs edirlər. Düşünürəm ki, həm İran daxilindəki vəziyyət, həm beynəlxalq münasibət və sanksiyalar, həm də Azərbaycanın haqlı mövqeyi və bizim bu duruşumuz davam edərsə, İran üçün son olacaq". İranın ASALA terror təşkilatı ilə əlaqəsindən danışan partiya sədri deyib ki, bunu ermənilər özləri etiraf etdilər: "Terrorçu Melkomyanı qəhrəman hətta, cihadçı adlandırırdılar, islam təəssübkeşliyindən danışan bir dövlət terrorçuya qcaq açdı. Özlərinin qəhrəmanı elan etdilər. Keçən il Xocalı soyqırımı günlərində onlar erməni keşişləri ilə bayram edirdilər. Soyqırımla bağlı səslərini belə çıxarmadılar. 30 ildə məscidlərimizi dağıdanlara bir kəlmə söz demədilər. ASALA ilə iş birliyini İranın terrorçu dövlət olması ilə əlaqələndirirəm. İran bu gün Suriyada, İraqda, Türkiyənin sərhədlərində, o cümlədən, başqa yerlərdə bu fəaliyyətlə məşğul olur. Azərbaycanın özündə də casus şəbəkələri aşkar edilir. Bir neçə il əvvəl İsrail diplomatlarına burda sui-qəsd hazırlamışdılar, hüquq mühafizə orqanlarımız qarşısını aldı. Ona görə də bu terrorçu dövlətin hərəkətləri artıq təəccüb yaratmır". Pərvanə SULTANOVA/525.az Geri dön |