Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AŞPA-nın komitə iclasında Azərbaycan mədəni irsinin qorunmasından danışılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > AŞPA-nın komitə iclasında Azərbaycan mədəni irsinin qorunmasından danışılıb

AŞPA-nın komitə iclasında Azərbaycan mədəni irsinin qorunmasından danışılıb


Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilir.

2 gün davam edəcək iclasda AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov iştirak edir. Komitə iclasında Avropanın mədəni həyatında aktuallıq kəsb edən silsilə məsələlər müzakirəyə çıxarılıb. İclasın ilk günündə “İqlim dəyişikliyi və mədəni irs” mövzusu müzakirə olunub. R.Hüseynov iclasda çıxış edərək mədəni irslə bağlı mövzunun Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bildirib ki, 30 il Ermənistanın işğalı altında olmuş ərazilərimizdə bütün Azərbaycan mədəni və tarixi irsi dağıdılaraq yerlə-yeksan edilib. Bu ərazilərdəki maddi-mədəniyyət nümunələri və tarixi abidələr məhv və qəsb edilib. Tarixi qalalara, daş abidələrə ciddi ziyan dəyib.

Onun sözlərinə görə, mədəni irsə qarşı təhlükələrin insan və təbiət kimi iki əsas mənbəyi var: “Zahirən təbiətin törədə biləcəyi təhlükələr daha miqyaslı və qarşısıalınmaz olsa da, əslində vəziyyət əksinədir. Ədalətli təbiət mümkün təhlükələrin qarşısını almaq üçün bəzən tədbirlər görməyə imkan verir. Son dövrlərdə qlobal iqlim dəyişikliyi bu təhlükələr sırasında getdikcə ön sıraya çıxmır. İqlim dəyişikliyinə təsir göstərmək bizim iradəmizdən xaricdir. Ancaq dəyişən iqlimin mədəni irsə vura biləcəyi ziyanın qarşısını almaq mümkündür və bu istiqamətdə fəaliyyət mütəmadi olaraq davam etdirilməlidir”.

R.Hüseynov iqlim dəyişikliyinin tarixi abidələrə yarada biləcəyi ciddi problemlərdən söz açıb. Azərbaycanda, eləcə də digər Avropa ölkələrində bir sıra tarixi abidələrin təhlükə altında olduğunu və onların müdafiəsi üçün ümumi qaydaların hazırlanmasının əhəmiyyətinə toxunub. Azərbaycan deputatı iqlim dəyişikliyinin yaratdığı eroziya və aşınmaların mədəni irs nümunələrinə vura biləcəyi zərərin qarşısını almaq məqsədilə görülməli olan tədbirlərdən danışıb. Qobustan, eləcə də dünyada ona oxşar qədim qaya yazıları və rəsmləri olan tarixi məkanların belə proseslərdən qorunması üçün UNESCO-nun diqqətini artırmasının vacibliyini vurğulayıb.

“Açıq səma altındakı belə muzeylərin, min illərlə yaşı olan qayaüstü rəsmlərin və yazıların iqlim dəyişikliyinin doğurduğu fəsadlardan xilas edilməsi ciddi elmi araşdırmalar tələb edən məsələdir. Çünki belə abidələrin hər biri hansı ölkədə yerləşməsindən asılı olmayaraq, bəşəri xarakter daşıyır. Bütövlükdə insana, bəşəriyyətə aid olan belə irsin qorunması çox məsuliyyət tələb edir”, - deyə Rafael Hüseynov bir daha mədəni irsin qorunmasının vacibliyini diqqətə çatdırıb.

Şəhla Ağalarova

Geri dön