Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərzaq məhsullarının keyfiyyəti mütəmadi araşdırılsa da...
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Ərzaq məhsullarının keyfiyyəti mütəmadi araşdırılsa da...

Ərzaq məhsullarının keyfiyyəti mütəmadi araşdırılsa da...


Eyyub Hüseynov: “Azərbaycanda yeyinti sənayesində ciddi nöqsanlar var”
“İstehsal olunan bəzi məhsulların keyfiyyəti aşağı səviyyədədir”


Əhalinin sayının və gəlirlərinin ildən-ilə artması ən müxtəlif mallara və xidmətlərə tələbatı artırır. Bütün bunlar isə istehlakçı hüquqlarının müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir. Xüsusilə yeyinti sənayesində, ərzaq bazarında keyfiyyətin olması daha vacibdir. Lakin aidiyyəti qurumlar tərəfindən mütəmadi yoxlamalar aparılmasına baxmayaraq, istər ölkə daxilində istehsal olunan, istərsə də xaricdən idxal olunanlar arasında keyfiyyətsiz məhsullar kifayət qədərdir. "Yeyinti məhsulları haqqında" qanunun 4-cü maddəsinə əsasən, yeyinti məhsullarının keyfiyyəti yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dair tələblərin normallaşdırılması və təkmilləşdirilməsi sertifikatlaşdırılması, dövlət gigiyena qeydiyyatı və yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə dövlət nəzarəti ilə təmin edilir.
Qeyd edək ki, ötən il ərzində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları satışdan çıxarılaraq məhv edilib. İnsafən bildirək ki, 2011-ci illə müqayisədə 2012-ci ildə aşkarlanan keyfiyyətsiz ərzaq məhsullarının həcmi təxminən 2 dəfə azalıb. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə 2011-ci ildə 1537 təsərrüfat obyektində yoxlama aparıb və onlardan 622-də standartların, metroloji norma və qaydaların tələblərinin pozulması hallarını aşkar edib. Laboratoriya araşdırmalarına əsasən, 2200 kq şokolad və vafli, 85 kq şirniyyat və biskvit tortu, 134 kq yağ, 5528 litr alkoqolsuz məhsul, 2267 litr süd və süd məhsulları, 30765 litr nar şirəsi, 4500 litr alkoqol keyfiyyət standartlarına cavab vermədiyi və istehlakçıların sağlamlığına zərər verə biləcəyi üçün məhv edilib.
Ekspertlər bunu bazarlarda hələ də keyfiyyətsiz ərzağın olması və istehlakçı hüquqlarının zəif qorunması ilə əlaqələndirirlər. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda Ərzaq Təhlükəsizliyi Proqramı qəbul olunmasına baxmayaraq, onun icrası hələ istənilən səviyyədə deyil. Ekspert bildirdi ki, 2012-ci ilin 6 ayının statistikasına əsasən, Azərbaycanda ərzaq məhsullarından 616 zəhərlənmə faktı qeydə alınıb. E.Hüseynov zəhərlənmə faktlarının artmasına səbəb kimi istehsal olunan ərzaq məhsullarının keyfiyyətinin aşağı olmasını göstərir. O, məsələ ilə bağlı quruma çox sayda şikayətlər daxil olduğunu vurğuladı: "Azərbaycanda yeyinti sənayesində ciddi nöqsanlar var. İstehsal olunan bəzi məhsulların keyfiyyəti aşağı səviyyədədir. Ölkədə yeyinti sənayesini idarə edən strukturlar ləğv edilib və fiziki-kimyəvi laboratoriyalarda analiz aparılmır. Belə şəraitdə istehlakçı məhsulun keyfiyyətini müəyyənləşdirə bilmir".
E.Hüseynov qeyd etdi ki, bütün qida istehsalı müəssisələrində gəlirin 25 faizi keyfiyyətə xərclənməlidir: "Keyfiyyət isə insan amili, texnoloji və xammalda özünü göstərir. Azərbaycanda təcili Dövlət Keyfiyyət Şurası yaradılmalıdır. Belə bir qurum MDB-nin aparıcı ölkələri olan Rusiya, Ukrayna və Belarusda çoxdan fəaliyyət göstərir. Bu, həmin ölkələrdə inhisarçılığın və kölgə iqtisadiyyatının vüsət tapmasına imkan vermir".

Günel CƏLİLOVA

Geri dön