Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Mədəniyyət, Müsahibə, Güney Azərbaycan-Təbriz > Ruhi Tuna: «İranda Azərbaycan türkləri incəsənət baxımından da ayrı-seçkiliyə məruz qalırlar»
Ruhi Tuna: «İranda Azərbaycan türkləri incəsənət baxımından da ayrı-seçkiliyə məruz qalırlar» |
«Rejim Tehranda fəaliyyətinə icazə verdiyi bir çox sənət növlərini Güney Azərbaycanda yasaq edir»
Müsahibimiz əslən Güneydən olan, hazırda isə Kanadada yaşayan soydaşımız, istedadlı heykəltəraş Ruhi Tuna haqqında yazmaq istədik. Təbrizdə yaşadığı müddətdə Səttarxan, Bağırxan kimi Məşrutə hərəkatı liderlərinə heykəlini hazırlayan sənətkar digər tarixi şəxsiyyətləri də diqqətdən kənarda qoymayıb. Onun əl işlərinin sırasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin də heykəlləri var. Bir müddət Türkiyədə yaşayan, sonra isə Kanadaya köçən Ruhi Tuna hazırda Toronto şəhərində məskunlaşıb. Orada da fəaliyyətinə davam edən heykəltəraş yeni əl işlərində də milli düşüncələrini əks etdirir. O, Kanadada yaşadığı müddətdə azərbaycanlı tarixçi və pedaqoq, professor Məhəmmədtağı Zehtabi, sənətçi Həsən Dəmirçi, ustad Məhəmmədhüseyn Şəhriyar və bir çox tanınmış Azərbaycan şəxsiyyətlərinin heykəllərini hazırlayıb. Onunla daha yaxından tanış olmaq üçün Ruhi Tunanın «Amerikanın Səsi»nə verdiyi müsahibəsini qələmə aldıq. - Heykəltəraşlıq sənətinə necə başladınız? - Rəsm çəkməyə kiçik yaşlarımdan başlamışam. Şah dövründə heykəltəraşlıq sənəti ilə yalnız mərkəzdə məşğul olurdular. Güney Azərbaycan şəhərlərində bu sənət o qədər də geniş yayılmamışdı. Mən heykəltəraşlıqla 16-17 yaşlarımdan başladım. Siyasi düşüncəmə görə erkən yaşlarımdan həbs edildim. Gənclik illərim zindanlarda keçdi. Həbsdə ikən gizli şəkildə sənətimi davam etdirirdim. 16 yaşımda həbs ediləndə Qoşaçay zindanına göndərdilər. Mənə yemək üçün verilən çörəyi dişimlə əzib xəmir halına salırdım. Sonra da həmin xəmirdən kiçik heykəllər düzəldirdim. Hazırladığım əl işlərimi məhbus yoldaşlar arasında paylayırdım. Təbriz zindanında qalanda isə qabartma heykəllər hazırlamağa başladım. Bunun üçün alüminium qutulardan istifadə edirdim. Orada Şəhriyarın, Səttarxanın və bir çox tanınmış azərbaycanlı aşıqların heykəllərini hazırladım. Həmçinin rəsm çəkməyə də davam edirdim. Marağa zindanında qaldığım müddətdə kiçik taxta parçalarını yonub, ondan heykəl düzəldirdim. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Haziprliyinin («Ettelaat») təcridxanasında saxlanıldığım 7-8 ay ərzində isə iynələrlə divarı yonub heykəl hazırlayırdım. Nəhayət, 1988-ci ildə azadlığa buraxıldım. - Azadlığa buraxıldıqdan sonra fəaliyyətinizə necə davam etdiniz? - Həbsdən çıxandan sonra Təbrizdə yaşadım. İlk hazırladığım heykəl Babəkin oldu. Ağacı yonaraq heykəl düzəltdim. Demək olar ki, İranda ilk dəfə Babəkin heykəlini mən hazırladım. Həmin heykəlin surətini çoxaldıb əhali arasında payladım. Yaradıcılığımda Azərbaycan tarixinin digər görkəmli simalarına da müraciət edirdim. Sonrakı əl işlərimi Koroğluya, Qaçaq Nəbiyə, Nəsimiyə həsr etdim. Eləcə də Türk Dünyasının tanınmış şəxsiyyətlərinin, o cümlədən Yunus Əmrənin, Mövlanənin heykəllərini də düzəltdim. Mövlanənin iki heykəlini hazırladım. 1996-cı ildə Təbriz Mədəniyyət Evində sərgim keçirildi. Əl işlərimi orada nümayiş etdirdim. Sərgi ilə bağlı Güney Azərbaycanda ilk dəfə olaraq türk dilində broşür hazırlayıb yaydıq. İranda afişalarda heykəl sözünü yazmaq qadağan idi. Buna baxmayaraq sərgim üçün hazırladığımız afişalarda heykəl sözünü yazdıq. Güney Azərbaycandakı yaradıcılığımda Qaşqay türkləri üçün də əl işlərim oldu. Əbu Qasım Nəbatinin böyük ölçülü heykəlini hazırlayıb Kəleybərə göndərdim. - Bir müddət Türkiyədə də yaşamısınız. Orada fəaliyyətinizi necə davam etdirdiniz? - Öncə yaradıcılığımla bağlı məlumat vermək istəyərdim. Mənim öz üslubum var və abstrak janrda çalışıram. Yəni heykəllərimin bir qismi real görüntünü əks etdirmir. Eləcə də rəsm əsərlərimdə abstrak təsəvvürləri canlandırmışam. Əl işlərimdə öz dünyamı, duyğularımı əks etdirirəm. Daxili dünyam necədirsə, əsərlərimdə də o cür təzahür edir. Ona görə də ortaya çıxan heykəllərim və rəsmlərim abstrak görüntüdə olur. Lakin Azərbaycana, ümumilikdə götürsək, Türk Dünyasına həsr etdiyim əsərlər abstrak deyil, reallığı əks etdirir. Mən 8 il Türkiyədə yaşadım. Bu müddət ərzində orada da fəaliyyətimə davam etdim. Bir çox əl işim Türkiyənin şəhərlərində var. Azərbaycana və Türk Dünyasına həsr etdiyim heykəllərlə qədim və müasir dövrümüzü əks etdirmək istədim. Yeni nəsillərə tanıtmaq, dünənimizi, tarixi şəxsiyyətlərimizi unutmamaq üçün onları diqqətdə saxlamaq, göz önündə tutmaq lazımdır. Tarix və mədəniyyətimizi qorumaq, yeni nəsillərə ötürmək üçün hər kəs əlindən gələni etməlidir. Mən də sənətkar olaraq heykəllərlə bu işi görməyə çalışıram. - Türkiyədə yaşadığınız müddətdə kimlərin heykəllərini hazırladınız? - Azərbaycan başda olmaqla Türk Dünyasının bir çox tanınmış şəxsiyyətlərinin heykəllərini hazırladım. Təkcə Mustafa Kamal Atatürkün 310 heykəlini düzəldib Anadolu kəndlərinə payladım. Hətta Şimali Kipr Türk Cümhuriyyətinə, Qazaxıstana, Qaqauz və Balkan türklərinə, Krım tatarlarına aid də heykəllər düzəltdim. Türkiyədə ilk dəfə olaraq Qacar imperiyasının qurucusunun, sonra Nadir şahın, həmçinin Şah İsmayıl Xətainin də heykəlini hazırladım. Xətainin iki heykəlindən birini şəhər meydanında qoydular, digəri isə muzeydə saxlanılır. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy də müraciət etdiyim şəxsiyyətlərdəndir. - Adətən, heykəlləri hara üçün hazırlayırdınız? - Qaçaq Nəbi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, İmadəddin Nəsimiyə həsr etdiyim heykəllər bələdiyyələrdir. Üzeyir Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy, Seyid Cəfər Pişəvəri kimi şəxsiyyətlərin heykəllərini özümüz üçün hazırladım. Onları hazırda İstanbulda bir dostumun anbarında saxlayıram. Əbülfəz Elçibəyin, Məhəmməd Əmin Rəsulzadənin və başqa bir heykəli Moskvaya göndərmişəm. Amma onların surətini İstanbulda da saxlayıram. İstanbul da daxil olmaqla Türkiyənin bir çox şəhərində əl işlərim var. Təkcə bir şəhərin ictimai yerlərində və meydanlarında 24 heykəlim qoyulub. Dədə Qorqud da onlardan biridir. - Güney Azərbaycanda olarkən nə üçün həbs edilirdiniz? Sənətinizlə bir əlaqəsi var idi? - Həbs olunmağımın səbəbi siyasi fəaliyyətim idi. Mən siyasi düşüncələrimi əl işlərimdə əks etdirir, siyasi mövzuda rəsmlər çəkirdim. Siyasi düşüncələrimə və fəaliyyətimə görə də həbs edilirdim. Demək olar ki, gəncliyim zindanlarda keçib. Amma heç zaman yaradıcılığımı dayandırmamışam. - Güney Azərbaycanda heykəltəraşlıq sənəti ilə bağlı nə deyərdiniz? - Güney Azərbaycanda bu sənətin tarixi gəncdir. Qədim bir keçmişə malik deyil. Bu baxımdan da digər türk toplumlarıyla müqayisədə çox geri qalır. Məsələn, Azərbaycan Respublikasında, Türkiyədə bu sənət daha çox inkişaf edib. - Güney Azərbaycanda bu sənətin geri qalmasının səbəbi nədir? - Mən əsas iki səbəbini qeyd edərdim. Bunlardan biri şah, digəri isə dini rejimin hakimiyyətdə olmasıdır. Hər iki rejimdə də Güney Azərbaycana heç zaman diqqət göstərilməyib, əhəmiyyət verilməyib. Əgər Güney Azərbaycanda bir istedadlı sənətçi yetişirsə, onu dərhal əzməyə başlayırlar. İnkişaf etməsinə imkan vermirlər. Sənətçilərimiz yaradıcılığına davam etmələri üçün ya Tehrana köçməli olur, ya da Avropa ölkələrinə üz tutur. Bu, azərbaycanlı sənətçilərin İranda üzləşdikləri məcburiyyətlərdən biridir. Sizə bir misal deyim. Tehranda bir çox heykəltəraşların ustadı əslən Güney Azərbaycandan olan mərhum Çingiz Şəhvəqi olub. O orada bir çox sənətçi yetişdirib. Əgər Çingiz Şəhvəqi Təbrizdə qalsaydı, bizim şəhərdə çox gəncin sənətçi olaraq yetişməsinə dəstək olardı. İranda Tehranda fəaliyyətinə icazə verilən bir çox sənət növlərini Güney Azərbaycanda yasaq edirlər. Şah dövründə bir azərbaycanlı heykəltəraş tanınmış aşıqlardan birinin heykəlini düzəldib Təbrizdə qoymuşdu. Şahın anası görən kimi heykəli yıxdılar. Demək istəyirəm ki, İranda nə heykəltəraşlığa icazə vermirlər, nə də azad düşüncəyə. Sənətçilər hər iki rejimin diktə etdiyi sənətlə məşğul ola bilərlər. Güney Azərbaycanda ana dilinə basqı var. Heykəltəraşlığın inkişafı üçün şərait, bu sənəti araşdıran və öyrənən fakültə yoxdur. Güney Azərbaycanda heykəltəraşlıqla bağlı ən böyük problemlərdən biri budur. Halbuki Tehranda və İsfahanda bu sənət üçün lazımi şərait var. Yaxşı heykəltəraş olmaq istəyən gərək sənətkar qadın və kişi anatomiyası üzərində çalışmalıdır. Bu imkan Təbrizdə, Urmiyada və Güney Azərbaycanın digər şəhərlərində yoxdur. Bir sənətin təməlini bilmədən necə inkişaf etmək olar? Güney Azərbaycandakı heykəltəraşlarımız çix istedadlıdır. Məsələn, üz baxımından onların əl işləri Avropa sənətkarlarının heykəlləri ilə müqayisə olunacaq səviyyədədir. Amma heykəlin vücud hissəsinə gəlincə çox geridə qalıb. Çünki Güney Azərbaycanda vücud çalışması yasaqdır. Oradakı gənclərimiz heç bir imkan və şərait olmadan, təhsil almadan öz üzərlərində çalışırlar, çox zəhmət çəkirlər. Öz adımdan onların hamısının əllərindən öpürəm. - İndiki fəaliyyətiniz haqqında məlumat verərsiniz. - 2006-cı ilin dekabr ayında Kanadada məskunlaşdım. Hazırda Toronto şəhərində yaşayıram. Bura köçəndə ilk olaraq ulu öndərimiz Atatürkün heykəlini düzəltdim. 2008-ci ildə Atatürkün böyük ölçülü qabartma heykəlini hazırladım. Sonra Məhəmməd Füzuliyə, Əlişir Nəvaiyə müraciət etdim. Hazırda Məhəmməd Əmin Rəsulzadənin heykəli üzərində çalışıram. Yaradıcılığıma bu cür də davam edirəm. Torontoda studiya açmışam, heykəltəraşlıqla bağlı dərs keçirəm. Hazırkı yaradıcılığımı türkçülüyə, insan haqlarına, Qarabağ və Urmiyada ermənilərin törətdiyi soyqırıma və s. həsr edirəm. Turqut Geri dön |