Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bəşər Əsəd supergücləri savaşa sürükləyir: Rusiya və İran Qərbi dünya müharibəsiylə hədələdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Bəşər Əsəd supergücləri savaşa sürükləyir: Rusiya və İran Qərbi dünya müharibəsiylə hədələdi

Bəşər Əsəd supergücləri savaşa sürükləyir: Rusiya və İran Qərbi dünya müharibəsiylə hədələdi


Suriya böhranı ətrafındakı proseslərin gedişatı bölgə üçün iri hərbi qarşıdurmalar vəd edir. Bölgədə davamlı olaraq, irimiqyaslı hərbi proseslər cərəyan edir. İndiki məqamda Suriyada Bəşər Əsəd rejiminin və tərəfdarlarının, nə də onun düşmənlərinin geri çəkilmək niyyəti görünmür.

Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “Bəşər Əsədin hakimiyyətdən getməsi Suriya danışıqlarında ilkin şərt deyil” açıqlamasından sonra onun təmsil etdiyi ölkənin, son onilliklərin ən böyük hərbi dəniz təlimlərinə başlaması, rəsmi Moskvanın aqressiv niyyətlərindən xəbər verir.

Rusiya dünəndən etibarən Aralıq dənizində və Qara dənizdə genişmiqyaslı hərbi təlimlərə başlayıb. Yanvar ayının 29-na kimi davam edəcək hərbi təlimlərdə Rusiyanın Şimal, Baltik, Qara dəniz və Sakit Okean hərbi donanmalarının 20-dən çox döyüş, patrul və digər növlərdən olan gəmiləri iştirak edəcək. Bu hərbi manevrlər Rusiyanın SSRİ dağıldıqdan sonra keçirdiyi ən böyük təlimlər hesab edilir. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, hərbi təlimlərdə “Moskva” kreyser gəmisi, “Severomorsk” sualtı müdafiə gəmisi, “Smetlivıy” və “Yaroslav” patrul gəmiləri, həmçinin “Saratov”, “Azov”, “Kaliningrad” və “Aleksandr Şabalin” adlı iri təyyarədaşıyan gəmilər, o cümlədən, hərbi hava qüvvələrinin vasitələri iştirak edəcək.

Nazirlikdən bildirilib ki, hərbi təlimlərin bir hissəsi Aralıq dənizinin Suriya dəniz sularına yaxın ərazilərində həyata keçiriləcək. “İnterfax” informasiya agentliyinə danışan nazirlik səlahiyyətlisi hərbi təlimlərin əsas məqsədinin hərbi birliklərin savaşa hazırlıq səviyyəsini müəyyən etmək və uzaq dənizlərdə müxtəlif dəniz qüvvələri arasında koordinasiyanı gücləndirmək olduğunu söyləyib.

Yuxarıda da qeyd etdik ki, indiki halda heç kim geri çəkilmək istəmir. Rusiya və İranın çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Türkiyə NATO-nun “Patriot” raketdən müdafiə sistemlərinin Suriya sərhədində yerləşdirmə prosesinə başlayıb. Diqqət yetiriləsi əsas məqam da təlimlərin məhz “Patriot” raketdən müdafiə sistemlərini gətirən ilk gəminin Türkiyə sahillərinə yaxınlaşdığı bir vaxtda başlamasıdır. Türkiyənin Suriyadan ehtimal edilən raket hücumu təhlükəsinə qarşı NATO-dan istədiyi “Patriot” sistemlərini daşıyan ilk gəmi İskəndərun körfəzinə gəlib. Almaniyadan gələn və Danimarka bayrağı altında üzən “Suecia Seaways” adlı gəminin boşaldılmasına başlanılıb. Hollandiyadan gələn “Lovise Russ” adlı gəmi isə dünən axşam saatlarında İskəndərun limanına 4 millik məsafəyə qədər yaxınlaşıb.

Rusiya isə “Patriot” sistemlərinin Ankaranın iddia etdiyi kimi heç də, yalnız müdafiə xarakterli olması ilə razılşamır. Moskva “Patriot” sistemlərinin Türkiyə-Suriya sərhədində yerləşdirilıməsinin sülhə xidmət etməyəcəyi, əksinə, gərginliyi daha da artıracağı fikrindədir. Bir neçə gün bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyənin Suriya ilə sərhəddində yerləşdiriləcək “Patriot” raketləri ilə əlaqədar prosesləri yaxından izlədiklərini, gərginliyin yüksək olduğu bölgəyə əlavə silah və texnikanın gətirilməsinin təhlükəni daha da artırdığını bildirib. Rusiyalı general Türkiyəni xəbərdar edərək söyləyib ki, bölgəyə hər hansı xarici müdaxilə vəziyyəti öz məcrasından çıxarda bilər.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə “Patriot” sistemlərinin bölgədə hərbi qarşıdurma riskini artıracağını dilə gətirib. Amma Rusiyanın “Partiot” xəbərdarlığı bununla bitmir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç də Türkiyə-Suriya sərhədində "Patriot" raket qurğusu yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib: "Rəsmi Moskva Türkiyə-Suriya sərhədinin hərbiləşdirilməsini həyəcan siqnalı hesab edir. Biz artıq Türkiyəyə xəbərdarlıq etmişik. İndi mənə bunu şərh etmək çətindir. Lakin birmənalı olaraq deyə bilərəm ki, Türkiyə öz potensialını, dialoqu başlatmaqdan ötrü Suriya müxalifətinə təsir etmək üçün istifadə etməlidir, əzələlərini şişirdib, vəziyyəti daha da təhlükəli etmək üçün deyil".

Suriyanın digər bir müttəfiqi İran isə “Patriot” məsələsində daha aqressiv və təhlükəli bəyanatları ilə gündəmə gəlir. İran Sılahlı Qüvvələrinin Baş qərargah rəisi Həsən Firuzabadi Türkiyə-Suriya sərhədinə yerləşdiriləcək ”Patriot”ların bir dünya müharibəsinə zəmin hazırlayacağını söyləyib. İranlı general “Patriot”ların “Avropanı udacaq bir dünya müharibəsinə səbəb ola biləcəyini” də dilə gətirib.

Bir sözlə, bu region Suriya böhranının başlanmasından buyana müharibəyə bu qədər yaxın olmayıb.

Ömər Əmirov

Geri dön