Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Serj Sərkisyan etiraf edir ki, ölkə boşalır və bunun əsas səbəbi iqtisadi səfalətdir
Serj Sərkisyan etiraf edir ki, ölkə boşalır və bunun əsas səbəbi iqtisadi səfalətdir |
Ermənistan prezidenti Serj Sərkisyan gələn ay keçiriləcək prezident seçkiləri ilə bağlı öz təbliğatını Qarabağ məsələsi üzərində qurub. Xəbər verildiyi kimi, ötən həftə o, seçki qərargahını formalaşdırandan dərhal sonra Ermənistan Müdafiə Nazirliyində ictimaiyyət nümayəndələrinin, regionların rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirib və Qarabağ məsələsi ilə bağlı davakar bəyanatlarla çıxış edib.
Dünən isə Ermənistanda prezidentliyə namizədlərin təbliğat kampaniyası rəsmən başlayıb və elə həmin gün AzadlıqRadiosunun erməni xidməti Sərkisyanla geniş müsahibəni yayıb. Müsahibəni xidmətin rəhbəri Harri Tamrazyan aparıb. Ermənistan prezidenti ölkəsi üçün milli təhlükəsizlik probleminə çevrilmiş miqrasiyadan və Qarabağ münaqişəsindən, habelə Türkiyə ilə münasibətlərdən danışıb. “Ermənistan kimi kiçik bir ölkədən hər il on minlərlə insan Rusiya, Avropa və ABŞ-a mühacirət edir və 2001-2009-cu illər arasında 272 min erməni Rusiya vətəndaşlığı alıb, həmçinin bunun 55 mini 2009-cu ilin payına düşür... Hər bir ölkə belə bir əhali itkisini fəlakət sayardı... Ancaq bu axını önləmək üçün nə edəcəksiniz?” deyə AzadlıqRadiosunun əməkdaşı Sərkisyandan soruşub. Sərkisyan sualın cavabında miqrasiyanın Ermənistan üçün böyük problem olduğunu etiraf etsə də, belə bir ifadə işlədib: “Heç bir halda ölkə vətəndaşları üçün həbsxana olmamalıdır”. Ermənistan prezidenti ölkədən böyük miqrant axınının ölkədə ədalət və azadlıqların yoxluğu ilə bağlılığına dair iddiaları rədd edib. O bildirib ki, miqrasiyanın coğrafiyasına fikir verilsə, bəlli olar ki, ermənilər ədalətin daha böyük olduğu yox, maaşların yüksək olduğu ölkələrə üz tuturlar. Sərkisyanın sözlərinə görə, Ermənistanda iş yerləri var, ancaq onlar çox yüksək maaş ödəyə bilmirlər. “Biz Vanadzor Kimya Zavodunun işini bərpa etmişik və orada sadə işlər üçün adam tapmaqda çətinlik çəkirik. Bu gün İrəvanda işçiyə ehtiyacı olan müasir fabriklər var. Ancaq doğrudur ki, maaşlar aşağıdır. Bu gün Ermənistanda heç kim 370 dollardan aşağı maaş istəmir” deyə o bildirib. Bununla belə, Sərkisyan əlavə edib ki, ümumilikdə Ermənistanı tərk edənlər erməni olaraq qalırlar. AzadlıqRadiosu müxbiri Dağlıq Qarabağa dair sualında deyib ki, deyəsən, bütün tərəflər bu bölgənin “de-fakto müstəqilliyi ilə” barışıblar, ancaq bununla belə, Azərbaycan ərazilərin geri qaytarılması üçün hərbi gücə əl ata biləcəyi barədə hədələr səsləndirir. “Mən çox güclü şəkildə əminəm ki, bu məsələnin uzun müddət həll olunmadan qalması heç kimi qane etmir. Birincisi, bu, Dağlıq Qarabağ xalqını qane etmir, daha sonra Ermənistan Respublikasını və əminəm ki, hətta Azərbaycanı da qane etmir. Çünki daim müharibə hədəsi altında yaşamaq o qədər də xoşagələn deyil. 1988-ci ildən bəri, 25 il müddətində Dağlıq Qarabağ əhalisi belə bir hədə altında yaşayır” deyə Sərkisyan bildirib. Ermənistan prezidenti ölkəsinin böyük təbii sərvətlərə malik olmadığını və bu üzdən də Dağlıq Qarabağ probleminin Ermənistan üçün əlavə iqtisadi çətinlik yaratdığını etiraf edib. O deyib ki, ölkəsi hazırda ona ölçüsü ilə müqayisədə daha çox orduya və döyüş silahlarına malik olmağa məcburdur: “Biz nə üçün belə bir problemin uzanmasında maraqlı olmalıyıq, mən bunu dəfələrlə qeyd etmişəm və buna görə tənqid olunmuşam. Mən hesab edirəm ki, Dağlıq Qarabağ probleminin mümkün qədər tez həlli Ermənistanın inkişafı üçün müsbət hal olardı. Lakin necə deyərlər, əl çalmaq üçün iki əl lazımdır. Bu problemin həll olunması üçün Azərbaycanın razılığı olmalıdır”. Sərkisyan Azərbaycan rəhbərliyinin indiki Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində qurulduğuna dair faktları son illər tez-tez gündəmə gətirməsindən nə dərəcədə narahat olduğunu da büruzə verib. Onun fikrincə, bu, Azərbaycan rəhbərliyinin “reallıq hissini itirməsindən” xəbər verir. Ermənistan prezidenti deyib ki, belə bir şəraitdə günü sabah hər hansı nəticəyə nail olmaq, iki xalqın dinc yanaşı yaşayışını təmin edə biləcək sənədi möcüzə ilə əldə etmək qeyri-realist düşüncə tərzi olardı. “Lakin digər tərəfdən, düşünürəm ki, Azərbaycan rəhbərliyi kifayət qədər uzaqgörəndir və yeni bir oyuna başlamaq istəməz” deyə Sərkisyan əlavə edib. Bununla belə, o, Azərbaycanın hər an müharibəyə başlamasını istisna etmədiyi üçün müharibəyə də hazırlaşdıqlarını deyib: “Biz xalqımızı, ilk növbədə Dağlıq Qarabağın əhalisini, daha sonra Ermənistanın sərhəd bölgələrini və nəhayət, ümumilikdə Ermənistanı müdafiə etməyə hazır olmalıyıq, odur ki, biz silahlı qüvvələrimizi gücləndirməkdə davam edəcəyik. Biz danışıqları davam etdirməyə həmişə hazır olacağıq, çünki bunun alternativi müharibədir”. Belə görünür ki, Sərkisyan beynəlxalq ictimaiyyət, xüsusən Qərb qarşısında özünün Qarabağ münaqişəsi ilə bağlı danışıqların davam etdirilməsini istəyən “konstruktiv obrazını” yaratmağa çalışır. Digər tərəfdən, məlumdur ki, Ermənistan rəhbərliyinin davamlı təxribatları, təmas xəttində vəziyyəti gərginləşdirməsi və nəhayət, Minsk Qrupu həmsədrlərinin təqdim etdiyi təklifləri qəbul etməməsi üzündən danışıqlar prosesi bir ildir faktiki dayanıb. Eyni zamanda Ermənistan Rusiyanın köməyi ilə silahlanmaqda davam edir və münaqişənin dondurulmuş olaraq qalmasına hər cür xidmət göstərir. Baxmayaraq ki, Sərkisyanın da etiraf etdiyi kimi, münaqişənin həll olunmaması Ermənistana böyük iqtisadi zərərlər, kütləvi miqrasiya və səfalət hesabına başa gəlir. Ancaq seçkiərəfəsi özünün “əsl patriot və eyni zamanda sülhpərvər” imicini yaratmağa çalışan Sərkisyan “xalqını qorumaq səylərindən” və bu məqsədlə Ermənistanın ölçüləri ilə müqayisə olunmayacaq silahlanmadan danışır. Doğrudur, Sərkisyan üçün seçkilərdə ciddi rəqabət gözlənilmir. Prezidentliyə mümkün əsas iddiaçıların heç biri seçkilərə qatılmayıb və onun rəqibləri zəifdir. Bununla belə Ermənistanda narazılığın və problemlərin hansı səviyyədə olduğunu bilən Sərkisyan üçün narahatlıq var. Bu narahatlıq ondan ibarətdir ki, əhali “Sərkisyandan başqa kim olursa olsun” prinsipi ilə səs verib ona ciddi problem yarada, nəticədə seçkiləri daha total miqyasda saxtalaşdırmaq lazım gələ bilər. Fərhad MƏMMƏDOV Geri dön |