Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İnsanlar özlərini sanki konslagerdə hiss edirdilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İnsanlar özlərini sanki konslagerdə hiss edirdilər

Fərəc Quliyev:İnsanlar özlərini sanki konslagerdə hiss edirdilər


“Hər yerdə olduğu kimi Naxçıvan camaatı da sadəcə istəyir ki, onları dinləsinlər”

Ölkəmizdə həyata keçirilən islahatlar inkişafa mane olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayır. Bu baxımdan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də Azərbaycan dövləti tərəfindən vacib məsələ kimi diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası üzrə Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması, hazırkı dövrədək muxtar respublikada müşahidə olunan korrupsiya, rüşvətxorluq, qeyri-şəffaflıq və digər neqativ halların aradan qaldırılmasında da mühüm rol oynayacaq. Dövlət başçısının sərəncamı Naxçıvanın sürətli və hərtərəfli inkişafını təmin edəcək. İctimaiyyət nümayəndələri də Naxçıvanın yeni mərhələnin astanasında olduğunu deyirlər. Artıq start götürən islahatların muxtar respublikanın sürətli inkişafını, sosial-iqtisadi həyatın canlanmasını və vətəndaşların rifah halının yüksəlməsini təmin edəcəyinə ümid edilir. Məlumat üçün bildirək ki, islahatlar fonunda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğv olunacağı da iddia edilir. Bununla bağlı müvafiq tapşırıqların verildiyi bildirilir. Qeyd olunur ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq. Xatırladaq ki, Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi təsis edilib.

Muxtar Respublikada gedən prosesləri "Sherg.az"a dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev Naxçıvanda kifayət qədər ciddi problemlərin olduğunu deyib. Səlahiyyətli nümayəndənin təyinatından sonrakı vəziyyəti şərh edən partiya rəhbəri Fuad Nəcəflinin ziyalı adam olduğunu, muxtar respublikanı yaxşı tanıdığını söyləyib:


"Fuad Nəcəfli işinə, vəzifəsinə məsuliyyətlə yanaşan ciddi şəxs olmaqla yanaşı, həmçinin vətəndaşların problemlərini dinləmək, dərdlərini bölüşmək bacarığına sahibdir. Bu komponentlər çox mühümdür və Fuad müəllimin işini asanlaşdıracaq amillərdir. Xüsusi nümayəndənin Naxçıvanda insanlarla görüşü, onları dinləməsi göstərir ki, həqiqətən əhali ilə bir yerdə olmaq, onların dərdləri ilə dərdlənmək və ən əsası problemlərin həllinə nail olmaq istəyir. Əslində hər yerdə olduğu kimi Naxçıvan camaatı da sadəcə istəyir ki, onları dinləsinlər. Əgər hansısa problemin çözümü mümkündürsə, dərhal həll etmək lazımdır, yox əgər, qeyri-mümkündürsə, yaxud çətindirsə, bunu əhali çox gözəl başa düşür və normal yanaşır.
Vətəndaşlardan və problemlərdən qaçmaq isə qətiyyən onu həll etmək anlamına gəlmir. O səbəbdən əhali ilə mütəmadi görüş çox müsbətdir. Reallıq odur ki, Naxçıvanda çox ağır vəziyyət yaranmışdı. İnsanlar özlərini sanki "konslagerdə" hiss edirdilər. Muxtar respublikada yaradılmış rejimdən bezdikləri üçün kütləvi şəkildə Naxçıvanı tərk edirdilər. Ona görə də sakinlər əvvəlki mühitin dəyişməsində maraqlıdır. Artıq bu yöndə müəyyən addımlar atılır. Naxçıvan sakinləri özlərini polisdən, məmurdan qorumurlar. Əksinə, problemin həlli üçün onlara üz tuturlar. Naxçıvan Daxili İşlər Nazirliyinin rəhbərliyinə Süleyman Neymətovun təyinat alması böyük avantajdır. Süleyman Neymətov öz vəzifəsinin öhdəsindən gəlməyi bacaran millətçi kişidir. Çox uğurlu kadrdır. Naxçıvanda həlli zəruri olan məsələlər çoxdur. Ən əsası odur ki, bölgədə korrupsiyaya bulaşmış xeyli məmurlar var. Onlarla hesablaşmaq, vəzifədən azad etmək və yerlərini göstərmək lazımdır. Nazirliklər, idarələr ciddi yoxlamadan keçməlidir. Çünki sabah həmin şəxslər, qruplar sabotaj edə bilərlər".

F.Quliyev vurğulayıb ki, Azərbaycandakı strukturlarla Naxçıvanın idarəetmə sistemindəki strukturlar arasında paralellik aradan qalxmalıdır: "Yersiz nazirliklər, komitələr ləğv olunmalıdır. Ali Məclisin olması mənasızdır. Bəziləri Qars müqaviləsini əsas gətirərək iddia edirlər ki, əgər Naxçıvan Muxtar Respublikadırsa, onda bu strukturlar da qalmalıdır, toxunmaq olmaz və s. Bu düşüncələr yanlışdır. Qars müqaviləsində inzibati ərazinin adının hansı cür olması göstərilmir. Azərbaycan unitar dövlətdir və bölgələri ilə bağlı qərarı özü istədiyi formada vermə haqqına sahibdir. Buna da hazırlıqlar getməlidir".

Partiya sədrinin fikrincə, Naxçıvanda ciddi problemlərdən biri də işsizlikdir:

"Bu problemin həlli üçün ciddi addımlar atılmalıdır. Fuad Nəcəflinin ən çox çalışmalı olduğu sahələrdən biri bu olacaq. Naxçıvanın potensialı çoxdur. Mən vaxtı ilə Parlamentdə dəfələrlə məsələ qaldırırdım ki, Bakıda hansısa bir körpünün tikintisinə qoyulan vəsaitlə Naxçıvanın bir neçə rayonunda meyvə emalı zavodları tikmək olar. Bu zaman həm yeni iş yerləri açılar, həm də insanlar məhsul yetişdirmək üçün təsərrüfatla məşğul olarlar. Naxçıvan təkcə aqrar bölgə deyil. Bölgədə mədənlər də var. Məsələn, Naxçıvanda molibden mədənini işə salmaq lazımdır. Əvvəlki rəhbərlik buna mane olmuşdu, iş dayanmışdı. Hətta Türkiyə vətəndaşı olan bir iş adamı bununla bağlı şikayətini bildirmişdi. Ordubadda Kələki bölgəsində qızıl mədənləri, Culfada uran mədəni var. Həmçinin mineral sularla zəngindir və turizm üçün potensialı böyükdür. Bu sahələri dirildərək insanları Naxçıvana qaytarmaq mümkündür. Zəngəzur dəhlizinin açılmasına da indidən hazırlıq görmək lazımdır. Ordubaddan Sədərəkə qədər yol boyu yeni infrastrukturun qurulması çox vacibdir".

Fərəc Quliyev muxtar respublikanın əvvəlki rəhbərliyi ilə bağlı yayılmış iddialardan da söz açıb:

"İddialar var ki, Naxçıvanda keçmişdə hakimiyyətdə olanlar İraqda və başqa yerlərdə neftayırma zavodlarına 3 milyard dollar vəsait qoyub. Hətta onların terrorçu PKK liderləri ilə ortaqlığı iddia olunur. Ona görə də Naxçıvanın təhlükəsizliyi və digər məsələlərlə bağlı DTX başda olmaqla bütün qurumların işlərini yenidən qurması çox vacibdir.

Əgər iddialar doğrudursa, PKK-nın bölgədəki rüşeymləri qazınıb atılmalı, gələcəkdə yenidən dirçəlməsinə imkan verilməməlidir. Hesab edirəm ki, əgər islahatlar beləcə davam edərsə və Naxçıvan camaatı ilə çiyin-çiyinə verilərsə, nəticələr müsbət olar. Xalqımız mübariz xalqdır. Naxçıvan camaatı da daşın üstünə torpaq töküb onu becərən insanlardır.

Zəhmətkeş adamlardır və əminəm ki, dövlətçiliyin arxasında möhkəm dayanacaqlar. Mən Fuad müəllim başda olmaqla bütün yeni kadrlara uğurlar arzulayıram".

İsmayıl Qocayev/sherg.az

Geri dön