Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İsmayıllıda baş verən hadisələrlə bağlı yeni rəsmi AÇIQLAMA yayılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > İsmayıllıda baş verən hadisələrlə bağlı yeni rəsmi AÇIQLAMA yayılıb

İsmayıllıda baş verən hadisələrlə bağlı yeni rəsmi AÇIQLAMA yayılıb


Yanvarın 23-dən 24-nə keçən gecə İsmayıllı rayonunda çoxsaylı insanın iştirakı ilə keçirilən aksiya, onun baş vermə səbəbləri, xəsarət alan və saxlanılan şəxslər barədə İsmayıllı rayon Polis Şöbəsi rəsmi açıqlama yayıb.

Rayon Polis Şöbəsinin rəis müavini Şöhrət Cəfərovun APA-ya bildirdiyinə görə açıqlamada qeyd olunur:

“İsmayıllı şəhərində fəaliyyət göstərən “Çıraq” otelinin müdiri, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Şəmsəddinov Emil Məhərrəm oğlu sərxoş vəziyyətdə idarə etdiyi 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” markalı idman tipli minik maşını ilə yanvarın 23-də axşam saat 21:30 radələrində İsmayıllı şəhərinin Nizami küçəsi ilə hərəkətdə olarkən qəza törədib. Emil Şəmsəddinov avtomobilini əvvəlcə yolun kənarındakı səkiyə, sonra isə işıq dirəyinə çırpıb. Baş verən hadisə zamanı xəsarət alan olmasa da sürücü Emil Şəmsəddinov və onun avtomobilindəki dostu, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmmədov Elməddin Lazım oğlu ilə birgə maşından düşərək yolun kənarında dayanmış 31-BD-817 dövlət nömrə nişanlı “VAZ 21074” markalı minik avtomobilinə ayaqla bir neçə zərbə vuraraq onu əziblər. Sonra həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21074”ün sürücüsü 1985-ci il təvəllüdlü Bəkirov Ramil Əlimurad oğlunu döyüblər. Sürücü R. Bəkirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib”.

Rəis müavini bildirib ki, onlar arasında baş verən bu insident şəhər əhalisinin sıx toplaşdığı yerdə baş verdiyi üçün əraziyə xeyli sayda adam toplaşıb. Emil Şəmsəddinov orada toplaşan 200-ə yaxın İsmayıllı sakinini nalayiq söyüşlərlə təhqir edib. Sonradan Emil Şəmsəddinov ümumilikdə İsmayıllı əhalisinin ünvanına kobud və təhqiramiz ifadələr söyləyib. Qısa vaxt ərzində ümumilikdə 3 minə yaxın rayon sakini əraziyə toplaşaraq sahibkar Emil Şəmsəddinovun müdir işlədiyi “Çıraq” otelinə tərəf hərəkət edərək obyekti daş-qalaq edib. Sonra insanlar hasardan aşaraq otelin həyətinə keçiblər və darvazanı aşırıblar. Darvazanın aşması nəticəsində İsmayıllı rayonunun Günəşli qəsəbə sakini 1983-cü il təvəllüdlü Nəsirov Emin Bəxtiyar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Otelin həyətinə daxil olan kütlə oradakı 31-AA-088 dövlət nömrə nişanlı “Chevrolet Niva”, 90-NR-485 dövlət nömrə nişanlı “Chevrolet Camaro” və 10-ZZ-485 dövlət nömrə nişanlı “Hummer” markalı minik avtomobillərini yandırıblar. Sonra onlar otelin sındırılmış pəncərələrindən içəri daxil olaraq ikimərtəbəli oteli yandırıblar. Sonra iğtişaş iştirakçıları İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun oğlu Elxan Ələkbərovun evinə basqın ediblər. Onlar mənzilin həyətindəki 10-NX-700 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik maşınını, iki ədəd dördtəkərli motosikleti və istirahət guşəsini yandırıblar. Hadisə zamanı İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları - 1980-ci il təvəllüdlü Əsgərov Səfa Ədalət oğlu, 1989-cu il təvəllüdlü Lətifov İmran Vahid oğlu və 1986-cı il təvəllüdlü Kərimov Rauf Bəxtiyar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə əlaqədar olaraq “Çıraq” otelinin müdiri Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov həbs edilib. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. Aksiya iştirakçılarından isə heç kim polis əməkdaşları tərəfindən saxlanılmayıb. Dörd saat davam edən aksiyanın dinc yolla sakitləşdirilməsi üçün tədbirlər görülüb və gecə saat 02:30 radələrində insanlar evlərinə gediblər. Hadisə yerinə İsmayıllı, Göyçay, Şamaxı, Qəbələ rayonlarından polis əməkdaşları, Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və daxili qoşunların briqadaları cəlb edilib.

Aksiya başa çatdıqdan sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general mayoru Cavanşir Məmmədovun rəhbərliyi ilə İsmayıllı rayon Polis Şöbəsində müşavirə keçirilib.

Geri dön