Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > QARABAĞIN KÖMÜRÜ ERMƏNİSTANA DAŞINACAQ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > QARABAĞIN KÖMÜRÜ ERMƏNİSTANA DAŞINACAQ

QARABAĞIN KÖMÜRÜ ERMƏNİSTANA DAŞINACAQ


Ağdərə yataqlarından çıxarılan daş kömürün İrəvan İstilik Elektrik Stansiyasında sınaqdan keçirilməsi başa çatmaq üzrədir

Dağlıq Qarabağdan çıxarılan daş kömürün İrəvan İstilik Elektrik Stansiyasının köhnə blokunda yandırılması ilə bağlı sınaqlar yekunlaşmaq üzrədir. Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsesyan deyib ki, sınaqlar bu ilin aprelində başa çatacaq.

Ağdərə ərazisindəki daş kömür yataqlarının talanması 2011-ci ildən başlayıb və Ermənistan filizi İrəvana daşımaq üçün Kəlbəcər ərazisindən Göyçə istiqamətində yeni yol çəkib. Ermənistan Nazirlər Kabineti işğal altındakı Azərbaycan ərazilərindən çıxarılan daş kömürün İrəvan İES-də yandırılmasılna dair xüsusi qərar çıxarıb. Qarabağ kömürünün İrəvan İES-də istifadə edilməsi prezident Serj Sərkisyanın göstərişi əsasında baş verir.

Erməni KİV-lərinin məlumatlarına görə, A.Movsesyan deyib ki, sınaqlar başa çatandan sonra enerji blokunun işləməsi üçün nə qədər daş kömür tələb olunduğu müəyyənləşəcək. “Sınaqlar yaxın iki ayda başa çatmalıdır, onun əsasında biz müəyyən edəcəyik ki, hansı miqyasda investisiya tələb olunur və nə qədər enerji hasil etmək mümkündür”, - deyə nazir bildirib.

Armen Movsesyan deyib ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir. “Bizə elə variant tapmaq tapşırılmışdı ki, köhnə enerji blokunu ən az itkilərlə yenidən işə salmaq mümkün olsun. Nəticədə Mardakert rayonunun Maqavuz kəndi ərazisindəki (Ağdərə rayonunun qədim Çardaxlı kəndini ermənilər bu cür adlandırır-red.) daş kömür yataqlarından istifadə etmək qərara alındı. Məhz bu yataqlardan hər gün İrəvan İES-in köhnə enerji blokuna gündə 2 min ton daş kömür filizi çatdırmaq nəzərdə tutulur. Bu filizdən isə elektrik enerjisinin istehsalı üçün zəruri olan kömürhidrogen əldə ediləcək”, deyə Movsesyan bildirib.

Erməni nazirin bildirdiyinə görə, bu layihə həm maliyyə, həm investisiya və təşkilati baxımdan çox əhəmiyyətlidir. Belə ki, bu cür layihələri dünyada təzə tətbiq etməyə başlayırlar. Movsesyan hesab edir ki, Qarabağdan çıxarılan daş kömür hesabına istehsal edilən elektrik enerjisi sayəsində Ermənistan əlavə enerji gücü əldə edəcək, nəticədə onu istər daxili bazarda, istərsə də xaricdə satmaq imkanı qazanacaq. Movsesyan dünyada enerjidaşıyıcılarının qiymətinin artdığı bir vaxtda layihənin əhəmiyyətinin böyük olduğunu da vurğulayıb. Qeyd olunur ki, Qarabağda zəngin daş kömür yataqlarının mövcud olması hələ ötən əsrin 80-ci illərinin sonlarında aparılan geoloji kəşfiyyat işləri nəticəsində təsdiqlənib.

Qeyd edək ki, Ağdərə Azərbaycanın zəngin təbii yeraltı və yerüstü sərvətlərlə zəngin ərazilərindən biridir. Rayonun ərazisində zəngin faydalı qazıntı yataqları var. 80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayon ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı.

Xəbər verildiyi kimi, Ermənistan zəngin yeraltı sərvətlərə malik Kəlbəcər rayonunu Ermənistana birləşdirən yeni yol açıb. Erməni rəsmilər gizlətmirlər ki, bu yolun tikintisi rayonda yeraltı sərvətlərin daha geniş miqyasda talanmasına, daşınıb Ermənistana aparılmasına xidmət edəcək. Yeni yol Göyçə mahalında dəmir yol stansiyasına birləşdirilib. Qarabağda olan xarici ölkə vətəndaşlarının səfər qeydlərindən məlum olur ki, hər gün bu yolla filiz daşıyan ağır tonnajlı yük maşınları hərəkət edir.

Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərində təbii sərvətləri bütün dünyanın gözü qarşısında talamasına bu vaxta qədər adekvat reaksiya göstərilməyib. Belə görünür, rəsmi Bakı bu talançılıq əməlləri barədə faktları beynəlxalq tribunalarda daha fəal şəkildə qaldırmalıdır. Ermənistanın işğal altındakı ərazilərdə yeraltı və yerüstü sərvətləri talaması ətraf mühitə böyük zərbə vurulması ilə müşayiət olunur. Artıq erməni ekoloqlar da bu məsələ ilə bağlı həyəcan təbili çalırlar və deyirlər ki, “azad olunmuş” ərazilər oliqarxların qızıl, mis yataqlarını necə gəldi talaması nəticəsində ekoloji fəlakətlə üzləşir.

Fərhad MƏMMƏDOV

Geri dön