Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Azərbaycan, türk adını, soyumuza bağlı olan hər şeyi silmək istəyirlər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Güney Azərbaycan xəbərləri, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Azərbaycan, türk adını, soyumuza bağlı olan hər şeyi silmək istəyirlər

Fərəc Quliyev:Azərbaycan, türk adını, soyumuza bağlı olan hər şeyi silmək istəyirlər


Fars molla rejimi bütün gücü və resursları ilə İran adlı dövlətdə köklü Türk faktorunu silməyə, Türk milli kimliyini ləğv etməyə, yaxud assimilyasiya eləməyə çalışır, çünki bunu özünün varlığına əsas təhdid sayır. Eyni səbəbdən İran hakimiyyəti bir ovuc erməniyə öz ana dilində təhsil almaq üçün hər cür şərait yaratdığı halda, on milyonlarla soydaşımızın analoji haqqını, digər təməl haqlarını tanımaq istəmir. Bu da növbəti sübut.

Bugünlərdə məlum olub ki, İran Qeydiyyat İdarəsi İlkin adına şəxsiyyət vəsiqəsi verməkdən imtina edib. Bu barədə uşağın atası Babək Hüseyni Müqəddəm özünün sosial media hesabında yazıb.

“Övladıma kimlik almaq üçün Qeydiyyat İdarəsinə getdim. "İlkin" adının türkcə olduğunu və İran Qeydiyyat İdarəsinin adlar siyahısında olmadığını bildirib, vəsiqə verməkdən boyun qaçırdılar. Bu bizim hüququmuzdur və övladıma İlkin adında sənəd alana kimi mübarizə aparacağam", - o qeyd edib.

Bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər.

İki ay öncə İran Qeydiyyat İdarəsinin Təbriz şöbəsi Volkan adı qoyulan azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişdi. Bildirilmişdi ki, övladları dekabr ayında dünyaya gəlsə də, Azərmirad ailəsi türk mənşəli ad seçdiklərinə görə uşağa şəxsiyyət vəsiqəsi ala bilmir. Qeyd edək ki, kimlik vəsiqəsi olmadıqda uşaqlar üçün müayinə, müalicə və peyvənd olunmaq kimi tibbi xidmətlərdən istifadə etmək olmur.

Yeri gəlmişkən, martın 15-də Azərbaycanın Güneyindən olan hüquqşünas və Azərbaycan Güneyinin Şərq əyalətinin Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının sədr müavini Sina Yusifi İran Qeydiyyat İdarəsinin türk adlarına qarşı tətbiq etdiyi qadağalarla bağlı paylaşım edib: “Bu günlər İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarının qoyulmasını qadağan etməsi və sənədləşdirməməsi o qədər çoxalıb ki, hər gün onlarla insan Qeydiyyat İdarəsində şikayət verir. Bu, güc, polis və güllə hesabına insanların ilkin hüquqlarını pozmaqdır” - deyə vəkil yazıb.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən “Ərk” Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda “İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunması” da vurğulanıb.

Maraqlıdır ki, məsələ ilə bağlı hətta İranın rəsmi televiziyasında çağırışlar səslənib. Dövlət televiziyasında qonaq olan İran Qeydiyyat İdarəsinin nümayəndəsi, fars dili və ədəbiyyatı mütəxəssisi türk dilini “qeyri-İrani” və “moğol-qırqız” dili adlandırıb. “Salam Tehran” verilişində çıxış edən qonaq türk adlarının ölkədə günü-gündən çoxalmaqda olduğunu bildirib: “Türk adları "anlamsız", “qeyri-irani”, “qeyri-islami”dir. Türk adları “ciddi təhlükə”dir. Türk adlarının geniş istifadə olunması mədəni problemləri artıracaq. Belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir".

XXI əsrdə belə yanaşma əlbəttə ki, heç bir dəftər-kitaba sığmır, o ki ola müqəddəs Qurani-Kərimə, çünki “İlkin” də müsəlman adıdır. Belə çıxır, bütün islam ölkələrində uşaqlara ad qoyularkən fars-molla rejimindən icazə alınmalıdır?

Fərəc Quliyev: “Azərbaycan, türk adını, soyumuza bağlı olan hər şeyi silmək istəyirlər”


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzunu şərh edərkən qeyd etdi ki, vəziyyət Güney Azərbaycan istiqlala qovuşana qədər davam edəcək. O xatırlatdı ki, İran güney azərbaycanlılara qarşı bir çox məsələlərdə eyni yanaşmanı nümayiş etdirir: “İranın Konstitusiyasında dillə bağlı müddəalar var. Buna baxmayaraq, Azərbaycan türklərinin öz dilində danışmasını, təhsil almasını, dilin inkişafı üçün müəyyən işlərin görülməsini qadağan edirlər. 1979-cu il inqilabından sonra azərbaycanlılarla bağlı müxtəlif güzəştlər nəzərdə tutulmuşdu, lakin heç bir güzəşt tətbiq olunmadı. Azərbaycan, türk adını, soyumuza bağlı olan hər şeyi silmək istəyirlər. Əksər ostanlardan Azərbaycan adı götürüldü. Təbrizdə Şuşa məhəlləsinin adını dəyişib, Şuşi ediblər. Bu, institutlaşmış siyasətdir. Rejim Güney Azərbaycanın ərazisini, əhatə etdiyi coğrafiyanı, mədəniyyətini insanlara unutdurmaq, manqurt kimi saxlamağa çalışmaq, yaddaşını silmək, onları imperiyaya adaptə etmək üçün əllərindən gələn bütün üsullardan istifadə edir. Azərbaycan bütün haqları ilə bərabər bu haqqın da gerçəkləşməsi üçün çalışmalıdır. Əlbəttə, bu sonranın işidir. Referendum keçirilə bilər, iki dövlət razılaşarsa, bütöv Azərbaycan da qurmaq mümkündür. Buna görə də məsələnin köklü həlli Güney Azərbaycanın istiqlalından keçir. Bunun üçün mübarizə aparmaq lazımdır”.

Nigar HƏSƏNLİ/“Yeni Müsavat”


Geri dön