Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Azərbaycan hökumətinə inflyasiyanı aşağı səviyyədə saxlamaq tövsiyə olunub”
Azərbaycan hökumətinə inflyasiyanı aşağı səviyyədə saxlamaq tövsiyə olunub” |
Bu gün Bakıda Beynəlxalq Valyuta Fondunun (BVF) IV maddə üzrə missiyasının Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Azərbaycan üzrə missiyanın rəhbəri Nadim İlahi qeyd edib ki, iki həftə davam edən səfər müddətində missiya baş nazir, maliyyə naziri, AMB sədri və digər yüksək vəzifəli rəsmilər, özəl sektor və vətəndaş cəmiyyətinin, eləcə də diplomatik dairələrin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Görüşlərdə Azərbaycandakı son iqtisadi proseslər, həyata keçirilən makroiqtisadi siyasət və ortamüddətli iqtisadi perspektivlərin qiymətləndirilməsi müzakirə olunub. N.İlahi bildirib ki, Azərbaycan iqtisadiyyatı ölkədə neft hasilatının azalmasına baxmayaraq, nisbətən yüksək sürətlə artıb. Yaxın iki ildə ölkədə neft hasilatının artmayacağını söyləyən missiya rəhbəri qeyd edib ki, buna baxmayaraq, ölkənin qeyri-neft sektoru dinamik inkişaf edir. Onun sözlərinə görə, bu il qeyri-neft sektorunun artım tempinin 9% təşkil edəcəyi gözlənilir. Gələn il isə 6%-dən çox olacaq. İnflyasiya bu il 8% təşkil edəcək. Missiya rəhbərinin sözlərinə görə, Azərbaycan hökuməti ilə aparılan danışıqlarda 2012-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunub, inflyasiyanı aşağı səviyyədə saxlamaq, maliyyə, o cümlədən bank sektorunda sabitliyi qoruyub saxlamaq, qeyri-neft sektorunu inkişaf etdirmək və özəl sektorda islahatlar aparmaq tövsiyə olunub. N.İlahi qeyd edib ki, 2003-cü ildən etibarən Azərbaycan iqtisadiyyatında yaxşı artıma nail olunub, ölkədə yoxsulluğun səviyyəsi azaldılıb: “Ölkənin neft gəlirlərinin Dövlət Neft Fondunda saxlanması təqdirəlayiqdir. Dövlət borcunun səviyyəsi çox aşağıdır və Dövlət Neft Fondunun ehtiyatları Azərbaycanı problemlərdən qoruya bilər. BVF Azərbaycanın təhsil sahəsində aparılan təkmilləşdirmə işlərini dəstəkləyir”. N.İlahi əlavə edib ki, BVF-nin IV maddə üzrə missiyasının Azərbaycana səfərinin yekunlarına dair hesabat hazırlanacaq və fondun İcraçı Şurasının gələn ilin yanvar ayında keçiriləcək toplantısında müzakirəyə çıxarılacaq: “Missiyanın Azərbaycana növbəti səfəri 2012-ci ilin aprel-may aylarına planlaşdırılır”. Geri dön |