Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əkrəm Əylislinin erməni sevgisi, yaxud “bəşərilik” sevdası - MÖVQE
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Əkrəm Əylislinin erməni sevgisi, yaxud “bəşərilik” sevdası - MÖVQE

Əkrəm Əylislinin erməni sevgisi, yaxud “bəşərilik” sevdası - MÖVQE


Herostrat qoçaqlığı

Miladdan 350 il əvvəl qədim Yunanıstanda məşhur Artemis məbədi yandırıldı. Məbədi yandıran şəxs yunanların axmaq və mərdimazar adlandırdıqları Herostrat adlı bir adam idi. Ondan bu bəd əməli niyə törətdiyini soruşduqda “hərə bir cür tarixdə qalır, mən də məbədi yandırdım ki, Artemis adı çəkiləndə tarix boyu məni də xatırlasınlar”, – demişdi.

İndi Artemis məbədi yoxdur, Herostratın da sümükləri çoxdan çürüyüb, lakin təəssüf ki, necə olursa olsun, tarixdə qalmaq kimi axmaqlıqlar davam etməkdədir.

Bu yaxınlarda Moskvada “Drujba narodov “ jurnalında böyük bəh-bəhlə çap olunan Azərbaycanın xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanını məhz Herostrat axmaqlığının növbəti təzahürü kimi qiymətləndirmək olar.

Əsəri müəllif öz həmyerlilərinə – bu dünyadan əzabla köçmüş Əylis ermənilərinə həsr edib. Olsun!

Özünün də etiraf etdiyi kimi, əsər tarixi faktlar əsasında deyil, müəllifin təxəyyülünün məhsulu olaraq yaranmışdır. Buna da etiraz etmirik. Amma istənilən əsər, xüsusi ilə də millətlər və xalqlar arasında müqayisə predmetinə iddia edən əsər həqiqətə və vicdana əsaslanmalıdır.

Biz ermənilərin türklərə, o cümlədən, Azərbaycan türklərinə qarşı aqressiv, böhtanla dolu əsərlərini çox oxumuşuq. Lakin etiraf etməliyəm ki, Azərbaycan xalqını Əkrəmin bu əsərindəki qədər aşağılamaq, onu rişğənd mənbəyinə çevirmək bizə Əkrəmdən də çox nifrət edən Silva Kaputikyan və Zori Balayana da nəsib olmamışdır.

Müəllif və qəhrəman

“Daş yuxuların” qəhrəmanı müəllifin öz prototipi olan istedadlı aktyor “sünnət olunmuş Əylis ermənisi” Saday Sadıxlıdır. Məlum həqiqətdir ki, insanın milli mənsubiyyətini onun adı, soyadı, xarici görkəmi və hətta danışdığı dili də müəyyən etmir. İnsanın milli kimliyi genetik bağlılıqdan daha çox fikir, düşüncə, etiqadla müəyyən edilir, daha doğrusu, insan öz daxilində özünü hansı millətdən hesab edirsə, odur. Haqqında danışdığımız əsərdə də qəhrəmanın dili ilə deyilir ki, mənim nəslimdə erməni qanı yoxdur, amma nədənsə, getdikcə içimdə bir adsız ermənini gəzdirdiyimi, daha doğrusu, gizlətdiyimi hiss edirəm.

Əsər Saday Sadıxlının “yerazlar”, “it uşağı qaçqınlar” (“еразы”, “сукины дети беженцы” ) tərəfindən ölümcül döyülməsi epizodu ilə başlayır. Əsərin müəllifi vicdanını da tarixi faktlar kimi bir tərəfə qoymasa idi, bu aqressiv insanların haradan və niyə qaçqın olmasını da xatırlaya və heç olmasa ikicə kəlmə ilə qeyd edə bilərdi. Axı 1989-cu ilin dekabrın sonlarında Saday Sadıxlını döyən qaçqınlar hələ bir il əvvəl 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR-də kompakt yaşadıqları dədə-baba yurdlarından didərgin salınmışdılar.

Bu zaman onların ah-nalələrinə rəhm olunmamışdı, qarın-buzun içində, 30 dərəcə şaxtada ayağı yalın , başı açıq, yesir kökündə qovulmuşdular. Əmlakları isə əllərindən alınmışdı. Müqavimət göstərənlər, haqqını tələb edənlər döyülüb, şül-küt edilmiş, süngüyə taxılmış, güllələnmiş, itlərə yedizdirilmişdi. Hələ bir il əvvəl Quqark rayonunda 12 nəfər uşağı böyük diametrli borunun içində qaynaq edərək havasızlıqdan və susuzluqdan boğmuşdular. Ermənistan SSR – də 23 rayonun 260 yaşayış məntəqəsində – öz dədə-baba yurdlarında yaşayan 250 min azərbaycanlının yalvarışına, ah-naləsinə məhəl qoyulmamışdı. Və bunların hamısını Əkrəm Əylislinin böyük məhəbbətlə “Əylis erməniləri qədər vicdanlı, mədəni və zəhmətkeş insanlar dünyanın heç yerində yoxdur”, - deyərək vəsf etdiyi xalqın nümayəndələri etmişdilər.

“Əsərimdə bir kəlmə yalan varsa, məni doğrasınlar,” – deyən Əkrəm Əylisli, bu həqiqətlər varmı sənin əsərində?

Pislər və yaxşılar

Romanda azərbaycanlılara münasibətdə “bu şəhərdə adamlar bir-biri ilə sözləşiblərmiş kimi insanlıqdan uzaq qaçmağa çalışırdılar” qənaətində olan müəllif bircə cümlə ilə də olsa bu metamarfozun səbəbini acmaq istəmir.

Necə oldu ki, uzun illər boyu ermənilərin Bakının, eləcə də Azərbaycanın ən gözəl yerlərində yaşamasına, işləməsinə, varlanmasına daralmayan, kişilərini kirvə tutan, qızlarını gəlin gətirən Azərbaycan xalqı birdən-birə qəddar və amansız qaniçənə çevrildi?

Bu tarixi kökləri araşdırmaq isə siyasəti bir yana qoysaq belə, xalq yazıçısının həm öz xalqı, həm də bəşəriyyət qarşısında vicdan borcu idi.

Bunun əvəzində “İstiqlal” ordenli xalq yazıçımız hansı qənaəti öz oxucusuna təlqin edir: “Ermənilər pis deyillər, pis biz özümüzük”(“это не армеяне, а мы сами плохие»)

Əsərdə bizim bütün müqəddəsliyimiz (dini inancımız, milli xüsusiyyətlərimiz, toponimlərimiz, şəxsiyyətlərimiz, Qarabağ və Azadlıq uğrunda mübarizəmiz və s.) imkan düşdükcə aşağılanır, rişğənd olunur, təhqir edilir.

Nümunələrə baxaq:

- uğursuz komik rollar ifaçısının adı- Nümayiş (Nüvariş) Qarabağlıdır;

- Şuşadan gəlmiş Şahqacar Ərmağanov (Şah Qacar adı əslində obrazın qəddar və qaniçən olmasına, Qacar türklərinin vəhşiliyinə işarədir -M.U) yazıq kimsəsiz erməni qarısı Qreta Sarkisovanı eyvandan yerə atıb öldürür, onun mənzilini ələ keçirərək, fahişəxanaya çevirir (1989 –cu ildə ha!);

- Azərbaycanlı ana cehizsiz gəldiyinə görə gəlinini evdən qovur;

- Sünnətsizlərin xoşuna gəlsin deyə, sünnət etdirilənləri lağa qoyur: “ Bəyəm Allah sizin Peyğəmbərdən ağılslz idi ki, kişiləri sünnətli yaratmışdı, Peyğəmbər onun səhvini düzəltdi?”;

- Bakını, Azərbaycanı dünyanın ən pis yeri sayır: “Mənim atam bir dəfə axmaqlıq etdi ki, İrandan Bakıya gəldi, mən isə ikinci daha böyük axmaqlığı etdim ki, Moskvadan buraya qayıtdım”;

- Adamlar küçələrdə sürü ilə gəzir, ibtidai insanların ov mərasimində olduğu kimi vəhşicəsinə qışqırırlar: Qa-ra-bağ, A-zad-lıq, ermənisən ölməlisən!;

- İrəvan, Goruş, Qarabağ, Əylis, Nehrəm və s. kimi toponimlərin adını çəkir, onların azərbaycanca izahını lağa qoyur, erməni sözləri olduğunu vurğulayır ( eyni zamanda, Ermənistan SSR-dəki 2100 türkmənşəli toponimlərin birinin də qalmadığının fərqində deyil. - M.U);

- Sumqayıt faciəsini Azərbaycanın ən tanınmış şəxsiyyəti tərəfindən Kremldən açıq çıxmaq üçün təşkil edildiyi kimi axmaq olduğu qədər də zərərli fikir ortaya atır.

Bu misalları çox çəkmək olar. Lakin oxucuların vaxtını almaq və əsəblərini pozmaq istəmirəm.

Hayqanuş və Aniko (Anıx)

Bəs əsərdə müsbət, işıqlı obraz yoxdurmu? Var. İki Əylis ermənisi – Hayqanuş və Aniko. Əsərdə bu iki qadın Əylisin qədim sakinləri olan ermənilərdən qalan yeganə gözmuncuğu kimi göstərilir.

Belə ki, 1918-ci ildə türk ordusunun zabiti Atif bəy bütün Əylis ermənilərini bir həyətə yığıb sıraya düzdürür. Yaylım atəşi əmrindən sonra ölənlər ölür, yaralananlar isə xəncər və süngü ilə qətlə yetirilirlər. Ermənilərin evləri azərbaycanlılar tərəfindən qəsb olunur. Ona görə də indiyə qədər bu evlərdə yaşayan azərbaycanlıların uşaqları ruhi xəstəliyə tutulurlar, yaxud başqa bədbəxtliklə üzləşirlər. Həmin qətliamda ata-anasını , bacı-qardaşını itirən 10 yaşlı Aniko qaçıb təndirdə gizlənir. Türkiyədə təhsil almış Mirzə Vahabın anası Anikonu tapır, evinə gətirib böyüdür. Sonra isə Mirzə Vahab onu zorla özünə arvad edir, dinini dəyişdirir. Lakin cəsur və məğrur bir qadın olan Aniko öz xristianlığını içində yaşadır, xristian bayramlarında kilsəyə gedir, kilsəni süpürüb təmizləyir, evinin yanındakı kilsəni odun və saman anbarına çevirmiş Mirzəli kişi ilə daim mübarizə aparır, nəhayət istəyinə çatır, professor Abbasəliyevin köməkliyi ilə kilsənin açarlarını Mirəli kişidən alır.

Əylisdəki azərbaycanlı qadınlardan fərqli olaraq, Aniko (Anıx) hər şeydən baş çıxarır, arıçılığı bilir, ipəkçiliyi bacarır, türkəçarə təbabət biliklərinə malikdir və əylislilərə hər şeydə yardım göstərir.

İkinci müsbət qəhrəman Hayqanuşdur. Əylisdə ən güllü - çiçəkli bağ, ən təmiz həyət Hayqanuşun həyətidir, ən gözəl limonları da Hayqanuş yetişdirir.

Əylisdəki ən təmizkar, ən mehriban, ən humanist qadın da Hayqanuşdur. Atası müharibədən qayıtmamış, anası vəfat etmiş, nənəsinin gözləri tutulmuş Cambul Camalın başını bit basır, yazıq uşaq utandığından yay-qış kepkasını başından çıxartmır. Əylis qadınlarının heç birinin-nə sinif rəhbəri Muleyli müəllimənin, nə qohum-qonşularının “ağlına gəlmir ki “, yetim Camalın başını bircə dəfə yusunlar.

Yenə Hayqanuşun ona yazığı gəlir, erməni kilsəsinin həyətində mis qazanda su qaynadaraq Camalın başını yuyub dərmanlayır, qarışqa topası kimi qaynaşan bitləri dırnaqları ilə təmizləyir, özü

də bunu Camalı sevə-sevə, əzizləyə - əzizləyə eləyir.

Əylisdəki azərbaycanlı qadınlarla təxəyyülündə uydurduğu bu iki erməni qarısını məmnuniyyətlə müqayisə edən xalq yazıçımız nədənsə, hər iki millətin real həyatda təmsilçiləri olan, Qarabağ münaqişəsinin ilk günlərindən öz xalqını üsyana, qana, türkləri son nəfərinə kimi qırmağa səsləyən erməni Silva Kaputikyanla, separatçı Stepanakert erməniləri ilə haqq-hesab çəkməyə gedən Ağdamlı gənclərin qarşısına baş yaylığını ataraq axa biləcək qanın (hər iki millətin qanının!) qarşısını alan azərbaycanlı Xuraman Abbasovanı müqayisə etməyi ağlına gətirmir.

“Qəddar” türklər və “məzlum” ermənilər

Əkrəm Əylisli “Daş yuxular”da doğulduğu kəndi az qala ruhi əsəb dispanseri kimi təsvir edir. Burada hər iki evdən birində ruhi xəstə vardır, çünki onlar günahsız qətlə yetirilmiş ermənilərin evlərini qəsb ediblər, halallıqlarını almadan orada yaşadıqlarından bu məzlum xalqın ruhu onları rahat buraxmır: Pesmis Qulunun babası çaqqal Abdulla 1919-cu ildə daşyonan Minası və onun arvad-uşağını balta ilə doğrayır, qəssab Məmmədağa küçədə keşiş Mıkırtıçın qızının qarnını xəncərlə yırtır, ilantutan Əbdüləlinin oğlu zəhmətkeş Arakeli əkin sahəsində öldürür, onun arvadı Ecxi isə havalanıb özünü qayadan atır.

Bu dəhşətləri təsvir edən müəllif faciələri törədən səbəb barədə çox müdrikcəsinə susur. Söyləmir ki, həmin illərdə Andronikin 10 minlik qoşunu Türkiyəni basa-basa Naxçıvana, Dərələyəzə, Zəngəzura nəyə gəlmişdi, həmin illərdə bu yerlərdə ermənilərin törətdikləri qətliamlardan Əkrəm Əylislinin xəbəri yoxdurmu? O ki oxumuş adamdır. Heç olmasa öz həmyerlisi, böyük yazıçımız Məmməd Səid Ordubadinin canlı şahid ifadələri və müşahidələr əsasında yazdığı “Qanlı sənələr” əsərini yadına salardı. Bəs Zəngəzurda, Vedidə, Dərələyəzdə, Çöyçədə azərbaycanlılara qarşı törədilən soyqırımları, etnik təmizləmələri, Bakıda, Qubada, Şamaxıda, Göyçayda olan qırğınları kimin ayağına yazaq?

Əkrəm Əylislinin əsil övlad sevgisi ilə yana-yana təsvir etdiyi 1919-cu il Əylis faciəsindən düz bir il əvvəl, 1918-ci ilin yayında Andronik Ozanyanın ordusu təkcə Zəngəzurda 115 müsəlman kəndini dağıtmış, 1068 nəfəri azərbaycanlı olduğuna görə işgəncə ilə qətlə yetirmiş, bu yerlərdə yaşayan 50 min azərbaycanlını etnik təmizləməyə məruz qoymuşdu.

Bu gün də saxlanılan arxiv sənədlərinə görə (“Daş yuxular” romanının müəllifinin yuxulu təxəyyülünə görə yox, məhz möhürlü, imzalı sənədlərə görə!) Sisyanın Vağədi kəndində Andronikin quldur dəstəsi 400 müsəlmanı məscidə doldurub qapını çöldən bağlamış, bacadan içəriyə qaz bombası ataraq onları tüstüdə boğmuş, sonra isə od vuraraq məsçidi və içərisindəki insanları yandırmışdır. Andronik bu kənddəki 15 gözəl qızı seçərək erməni əsgərlərə paylamış, zorlanaraq alçaldılan müsəlman qızları isə özlərini qayadan ataraq intihar etmişlər.

1918-ci ildə Qafan rayonunun Qatar kəndində ermənilər kənd ağsaqqallarından Məşədi Qələmdar Məşədi Qulu oğlunu diri-diri yandırmış, Kərbəlayı Allahverdi Hüseyinqulu oğlunu isə, əl-ayağını bağlayaraq erməni zabitinin ayaqları altında qurban kəsmişlər.

Daşnak əsgərləri Qafan bölgəsinin Oxcu kəndində (bu kənd Əkrəm Əylislinin əsərində rişğəndlə “ən böyük bəy” adlandırdığı Əbülfəz Elçibəyin ata kəndidir – M.U.) Şərəbanı adlı bir qadının iki azyaşlı körpəsini qurhagurla yanan təndirə atmışlar. Balalarını xilas etmək üçün həmin qadın özünü təndirə tullamış, lakin çıxmağa imkan verilmədiyinə görə hər üçü təndirdə yanmışlar.

Belə misalları onlarla, hətta yüzlərlə çəkmək olar və bunlar, Əkrəm Əylislidən fərqli olaraq, bizim təxəyyülümüzün məhsulu deyil, arxiv sənədlərində əks olunan insan faciələri, açı tarixi həqiqətlərdir.

Əgər Türkiyədən Kazım Qarabəkir paşanın komandanlığı ilə xilaskar ordu Qafqaz müsəlmanlarının köməyinə gəlməsə idi, Əkrəm Əylislinin mədəni və vicdanlı adlandırdığı xalqın “qəhrəman” övladları bu ərazilərdə bir nəfər də olsun türk və müsəlmanı salamat buraxmayacaqdı.

Axı bu həqiqətləri kim də bilməsə, Əkrəm Əylisli yaxşı bilir!

Biz Əylisdə, Bakıda, Sumqayıtda ermənilərin öldürülməsini inkar və təqdir etmirik. Eyni zamanda daşnaklar tərəfindən günahsız azərbaycanlıların qətlə yetirilməsinin, yer-yurdlarından qovulmasının, Xocalı kimi bir şəhərin yer üzündən silinməsinin, Azərbaycan torpaqlarının işğal olunmasının göz ardına vurulmasını da qəbul edə bilmirik.

Bütün bu son yüz ildən çox müddətdə davam edən, hər iki xalqa bədbəxtliklər gətirən milli zəmində qarşıdurmaların kökündə yalnız və yalnız bir məsələ dayanır: Ermənilərin ərazi iddiası. Vicdanı və ədaləti olan kəs problemin kökünü burda axtarmalı, həll yolunu bu nöqtədən çıxış edərək göstərməlidir.



Yoxsa “Daş yuxular” romanının əsas leytmotivini təşkil edən “Əylis Allahın evidir, ona görə orada 12 kilsə tikilmişdi, hərəsi də bir dağın arxasında”. “Mesrop Maştos erməni əlifbasını Əylisdə yaradıb, Raffı Əylisdə dərs deyib”. “Nehrəm (Leqram) ermənilərə məxsus olub”, “mən Eçmiadzinə gedib xristianlığı qəbul edəcək, monax həyatı yaşayaraq Allaha dua edəcəyəm ki, Sumqayıt vəhşiliyi törədən müsəlmanları bağışlasın” tipli düşüncələrlə nə münaqişəninin həllinə, nə də millətlər arası barışığa nail olmaq mümkün deyildir.

Naqislik

Əkrəm Əylislinin romanındakı xalqımızın böyük şəxsiyyətləri – Ümummilli lider Heydər Əliyev və Xalq şairi “İstiqlal” ordenli Xəlil Rza Ulutürk haqqında böhtan və ironiya dolu aşağılayıcı fikirlərini qəzəbsiz oxumaq olmur. Bunu personajın deyil, müəllifin mənəvi naqisliyindən başqa heç nə ilə izah etmək də mümkün deyildir.

Rəhmətlik Xəlil Rza hamımızın gözünün önündə hələ Qarabağ hadisələrindən xeyli əvvəl, Sovet rejimi ilə mərdi-mərdanə mübarizə aparan, təpədən-dırnağa milli ruhlu bir şair idi. O bütün həyatını Azərbaycanın azadlığına və müstəqilliyinə həsr etmiş, bu yolda təqiblərə, təhdidlərə məruz qalmış, həbs olunmuş, sağlamlığını, özünün və sevimli övladı Təbrizin həyatının bu yolda qurban getməsinə “uf” deməmişdır.

Belə bir fədakar insanı lağa qoymaq, aşağılamaq hansı mənəviyyata sığa biləcək bir hərəkətdir? Qoy bu suala “Əkrəm böyük yazıçıdır, gözəl də əsər yaradıbdır”, - deyənlər cavab versin.

Onun Heydər Əliyev haqqında allahsızcasına yazdığı “xalqın ruhunu axtalayırdı ki, hamı dinməz və sözəbaxan olsun”, “hərəyə bir şey verib insanın ən dəyərli şeyini-qürurunu əlindən alırdı”, “onun hiyləgər və məkirli siyasəti nəticəsində ermənilər bizdən üz döndərdilər”, “bəlkə Kremldən acıq çıxmaq üçün Sumqayıt hadisələrini o özü törətmişdir” və s. kimi böhtanların, bu kinin və acığın səbəbini normal məntiqlə heç cür izah etmək olmur.

Özü də bu fikirləri, Ümummilli liderdən həmişə qayğı və xeyirxahlıq görən, ondan çox aşağıda durduğunu ört – basdır etməkdən ötrü, Heydər Əliyevin yanında az qala hoppula-hoppula yeriyən Ərəm Əylisli yazırsa!!!

Hər bir insanın daxilində bir mənəvi borc və minnətdarlıq hissinin olması təbiidir. Bu yaxınlarda şair Əlisəmid Kürün bir müsahibəsini oxudum. Ona Anarın Yazıçılar Birliyinin rəhbəri kimi fəaliyyətindən sual verəndə, Əlisəmid təxminən belə söyləyir ki, Anarın fəaliyyətindən razı, yaxud narazı ola bilərəm, amma ömrüm boyu Anarın əleyhinə çıxa bilmərəm. Çünki, 30 il əvvəl mən həbsdə olarkən Anar mənə kömək edib, əl tutub, o yaxşılığı itirsəm gözümdən gələr.

Əkrəm Əylislinin yaradıcılığının və şöhrətinin ən parlaq dövrü ötən əsrin 70-80-ci illərinə, Heydər Əliyevin Respublika və SSRİ hakimiyyətinin Olimpində olduğu dövrə təsadüf edir. Gəlin əlimizi ürəyimizin üstünə qoyub etiraf edək ki, Heydər Əliyevin xoş məramı olmasa idi, Əkrəm Əylisli bu iltifata layiq görülə bilərdimi?

Bəs ona “Şöhrət” və “İstiqlal” Ordenləri kimin Fərmanı ilə verilmişdir?

Məncə cəsarətli və oriojinal görünmək, axına qarşı üzdüyünü nümayiş elətdirmək üçün soyunub küçədə lüt-anadan gəlmə gəzmək o qədər də uğurlu üsul deyildir, xüsusilə, ahıl yaşlarda.

İki Əylisli və Eçmiadzin

Əkrəm Əylislinin əsəri 13 yanvar 1990-cı il tarixlə tamamlanır. Məhz bu ərəfədə qayınatasının onun başı üstündə aramsız olaraq oxuduğu Əylisli Zəkəriyyənin “Gündəliyi” qəhrəmanın genetik yaddaşını oyadır və Saday Sadıxlı komaya düşəndən sonrakı on gün ərzində ilk dəfə ağzını açaraq yeganə bir söz söyləyir : “Eçmiadzin”.

Tibdə çoxdan məlumdur ki, insan ekstremal situasiyalarda (şok, affekt halı, narkozdan sonra, komadan, dərin yuxudan ayılanda və s.) ilk olaraq ən çox bağlı olduğu şeyləri xatırlayır. Qəhrəmanın dilindən səslənən “Eçmiadzin” kəlməsi heç şübhəsiz ki, onun mənəvi və genetik bağlılığının təzahürüdür. Ölüm ayağında olan müsəlmanın üzərində Quran oxunması nə qədər təbiidirsə, ölüm ayağında olan Əylis ermənisinin üzərində 17-ci əsrdə yaşamış erməni taciri Əylisli Zəkəriyyənin “Gündəliy”inin oxunmasından sonra onun “Eçmiadzin” kəlməsini söyləyərək dünyasını dəyişməsi də o qədər məntiqidir. Bu yerdə Əkrəmin ustalığını qeyd etməmək insafsızlıq olardı.

Bununla yanaşı, “Parapetdəki kilsənin pəncərələrindən çıxan qara tüstü burumları 1990-cı ilin 13 yanvarının qan qoxuyan gecəsinin qaranlığına qarışaraq daha da qatılaşırdı” – söyləyən müəllif nədənsə 20 yanvar Bakı qırğını, Xocalı soyqırımı, Qarabağın və ətraf rayonların işğal olunmasını, illərlə vaqonlarda zillət çəkən yüz minlərlə insan talelərini xatırlamır.

Yoxsa öz prototipini yaratdığı qəhrəmanı kimi Əkrəm Əylislinin də yaxın yaddaşı pozulub, yalnız uzaq qan və gen yaddaşı oyanıq qalmaqdadır.

“Öldürülən hər erməni üçün bircə şam yandırılsa, bu şamların işığı ayın işığından da parlaq olardı” – söyləyən “bəşəri yazıçı” görən bircə dəfə Bakıda Şəhidlər xiyabanında yatanlara ürəkdən rəhmət diləyibmi? Yəqin ki, Əkrəm bəy bu xiyabanın 1918-ci il erməni qətliamının qurbanlarının uyuduğu Çəmbərəkənd qəbiristanlığı olduğunun da fərqindədir. Görəsən bu əsəri yazan Əkrəm Əylisli Quba məzarlığına gedibmi?

Milli naqislikdən Nobel mükafatına

Bu da narahat edici bir məqamdır ki, sovet hökuməti dövründə Ermənistan SSRİ-də yaşayan azərbaycanlılara ermənilər “türk” dedikləri halda, onlar qovulandan sonra, məhz Bakıda bizim Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov kimi milli ziyalılarımız, xalq yazıçılarımız, “İstiqlal” və “Şöhrət” ordeni daşıyanlarımız, “rayonlular gəlib Bakının elitar mühitini dağıtdılar”-, deyərək bu talesiz soydaşlarımıza, aşağılayıcı “yeraz” yarlığını qoşdular. İndi özün söylə, əziz oxucu: belə “ziyalısı”na xalq çətin gündə güvənə bilərmi? Axı deyəsən, “Ziyalılar forumu” deyilən bu təşkilatın antimilli xoruzunun quyruğu bu dəfə də Əkrəm Əylislinin qoltuğunun altından görünməkdədir!

Bəlkə Əkrəm Əylisli Orhan Pamuk olmaq istəyir? Bəlkə də Əkrəm Əylisli fikirləşir ki, bu cür əsərlər yazmaqla, erməni təəssübkeşliyi göstərməklə ona da Nobel mükafatı verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar. Düşünürəm ki, bu onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayağına atan yazıçı ümumbəşəri ola bilməz. Mən çox təəssüf edirəm ki, “Xalq yazıçısı” adını daşıyan, “İstiqlal” ordenli bir yazıçımızın əsəri Ermənistanda toy-bayram kimi qarşılanır. Bu bizim həm də ermənilərlə siyasi müstəvidə mübarizəmizə böyük bir zərbədir.

Xocalı faciəsinin bütün dünyada tanınmağa başladığı bir dövrdə belə bir əsərin ortaya çıxması, Azərbaycanın tanınmış yazıçısı tərəfindən qələmə alınması, “tək mən Azərbaycanda yaxşıyam, bütün azərbaycanlılar pisdir” şüarının ortaya atılması bizim bu işimizə də böyük əngəl törədəcək.

Bu əsərdə Bakıdakı ermənilərin vəhşicəsinə qətlinin, Sumqayıt qətliamının azərbaycanlılar tərəfindən törədildiyi iddiası qara parçanın üzərindəki ağ sap kimi görsənir. Bununla da, millətin vəhşi obrazı yaradılır və bütün dünyaya Xocalı qətliamının da bu millətin özü tərəfindən törədildiyini iddia edəcək qədər ermənilərin əlinə böyük bir dəstəvuz vermiş olur.

Bu əsərdən çıxan məntiq ermənilərin əlinə başqa bir dəstavüz verir ki, belə vəhşi bir millətlə biz birgə necə yaşaya bilərik?

Ona görə də dünya birliyi bizim Qarabağın Azərbaycandan ayrılması tələbimizi haqlı saymalı və dəstəkləməlidir.

Yəni bütün bu əsər həm millətə, həm dövlətin ərazi bütövlüyünə qarşı çox böyük qəsddir. Bizim mübarizəmizə ermənilərin 25 il ərzində, Qarabağ savaşı başlayandan bəri vura bilmədikləri zərbəni Əkrəm Əylisli vurdu.

Tövbə və günah duası

İndi toy-bayram içində olan erməni mətbuatı Əkrəm Əylislini “Türkiyənin və Azərbaycanın yüz il boyunca inkar etdiyi erməni soyqırımını etiraf edən tövbəyə dayanmış qəhrəman” kimi tərənnüm etməkdədir.

Əkrəm Əylisli əsərinin başlanğıcında qeyd edir ki, mən bu əsəri bu dünyadan dərdli köçmüş həmyerlilərimə ithaf edirəm.Təbii ki, Əkrəm “həmyerlilərim” deyəndə Əylis ermənilərini nəzərə tutur.

Əsərinin axırında isə əsəri Əylisdə bitirdiyini yazır. Göstərir ki, əgər hər öldürülən bir erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı Ayın işığından da parlaq olardı. Dolayısı yolla türklər tərəfindən milyondan çox erməninin öldürüldüyünü vurğulayır.

Əkrəm Əylisli bir neçə il öncə öz kəndinə döndü, iki ilə yaxın Əylisdə yaşadı. Əylisin çörəyini yedi, əylislilər onun suyunu daşıdılar, odununu yardılar, evini isitdilər, evində ona qulluq etdilər. Əkrəm Əylisli də Əylis ermənilərinin xətrinə Əylis azərbaycanlılarını, o ki var, aşağıladı, onları qaniçən və qəsbkarların varisləri, qatil, yaramaz, ruhi xəstə, tənbəl və mədəniyyətsiz adlandırdı. Mən bütün bunlara və hələ gəncliyimdən istedadına hörmət etdiyim bir yazıçının yaradıcılığının belə uğursuz və şərəfsiz sonluğuna çox təəssüf edirəm. Əkrəm Əylisli indi ömrünün axirəti düşünməli olan yaşlarındadır. Çox güman ki, həyatının son günündə onun üstündə “Qurani Kərim” deyil, məhəbbətlə vəsf etdiyi Zakariyya Aqulisskinin “Gündəliyi” oxunacaq və onun bu dünyaya vida kəlməsi “Eçmiadzin” sözü olacaq. Bu onun öz işidir, özünün dediyi kimi vicdan azadlığı hüququdur.

Ancaq öz xalqı ilə bir yerdə olmayan, onun mübarizəsinə dəstək verməyən, onun tapdalanmış hüquqlarının bərpasına çalışmayan, əksinə, bəşərilik pərdəsi altında , başqa xalqı böyük göstərmək naminə, öz xalqını aşağılayan, ona rişxənd edən bir qələm sahibinin o xalqın yazıçısı adını daşımağa mənəvi haqqı yoxdur.

Mən əminəm ki, bir gün bu münaqişə ədalətlə bitəcək, bu düşmənçiliyə son qoyulacaq, qonşu xalqlar yenə mehriban münasibətlərini bərpa edəcək. Əkrəmin bu kitabı da, bizim ona acıqlı reaksiyamız da tarixin yaddaşının dərin qatlarında itib batacaq.

Amma Əylisin torpağı, suyu, Əylis azərbaycanlılarının incik ruhu bu dönüklüyü Əkrəmə bağışlayacaqmı?

Musa Urud,
millət vəkili, şair-publisist,
Yazıçılar Birliyi İdarə heyətinin üzvü

Geri dön