Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Qəhrəman övladı: “Telekanallarda şəhidlər haqda verilişə yox, seriallara baxırlar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hərb > Milli Qəhrəman övladı: “Telekanallarda şəhidlər haqda verilişə yox, seriallara baxırlar”

Milli Qəhrəman övladı: “Telekanallarda şəhidlər haqda verilişə yox, seriallara baxırlar”


Yusif Əliyev: “Atamın adını yox, özünü sağ görmək istərdim”

Davam.az saytı Modern. az saytının “Milli Qəhrəman övladları” layihəsini təqdim edir. Budəfəki həmsöhbətimiz Milli Qəhrəman Əliyar Əliyevin oğlu Yusif Əliyevdir.

- Ailəniz neçə nəfərdən ibarətdir və hazırda harada yaşayırsınız?

– 4 nəfərik: anam, qardaşım, bacım və mən. Hazırda Bakıda dövlət tərəfindən verilmiş, atamın adını daşıyan küçədəki evdə yaşayıq.

– Atanızı necə xatırlayırsınız?

– Atamı itirəndə 5 yaşım var idi. Ona görə də güclə xatırlayıram.

– Milli Qəhrəman övladı olmaq sizə nə verir, nə alır? Biləndə ki, Milli Qəhrəmanın övladısınız, hörmət edirlərmi?

– Biləndə, tanıyan insanlar olanda hörmətlə yanaşırlar. Hörmət edən də , etməyən də sağ olsun. Nə deyə bilərik ki. Hərbidə də, universitetdə oxuyan vaxtlarda da yaşlı müəllimlər bilirdilər və hörmətlə davranırdılar.

– O, şəhid olanda, Milli Qəhrəman adını alanda çox kiçik idiniz. Hələ bu adın məsuliyyətini, mənasını anlamırdınız. Böyüdükcə insan bu məsuliyyəti dərk edir, eləmi?

– Uşaq vaxtı dərk etmirsən. Yaşa dolduqca isə yoxluğunu hiss edirsən. Amma onun adı da olsa, özünün sağ olmağı mənə daha çox lazım idi. Təbii ki, hər bir valideynin övladının yanında olmağı daha üstündür. Sağ olsunlar, özü olmasa da, özündən sonra elə bir iz qoyub ki, biz təklikdə, darlıqda böyüməmişik. Ailənin maddi cəhəti pis olmayıb. Özü olmasa da maddi-mənəvi cəhətdən həmişə bizə dəstək olub. Yaşamımızda, özümüzə doğru yol tutmağımızda həmişə bizə kömək olub. Mən və qardaşım hüquqşünasıq. O, 812 nömrəli hərbi hissdə, bacım Pərvanə isə Odlar Yurdu Universitetində çalışır.

– Məktəbdə oxuyanda, institut illərində yoldaşlarınızdan fərqli olaraq ürəyinizdə belə bir fərq var idimi ki, mən Milli Qəhrəman övladıyam?

– Təbii ki, bu hər kəsə nəsib olmayan bir şeydir ki, atası ölkənin Milli Qəhrəmandır. Bizim üçün fəxrdir ki, biz elə kişinin övladıyıq. Bunun məsuliyyəti həmişə üzərimizdə olub. Mən hərbidə olanda komandirimiz həmişə deyirdi ki, “bax ha, sən Əliyarın oğlusan. Bil kimin oğlusan”. Təbii ki, belə sözlər səni başqa insanlardan fərqləndirir. Orada hamı səni tanıyır, hamını gözü səndə olur. Sən də elə bir insan olmalısan ki, sənə göstərilən hörməti doğrulda biləsən. Onun qazandığı ada xələl gətirməyək.

– Dostlarınızdan kiminlə əlaqəniz qalıb?

– Atamın iki dostu var ki, hələ də onlarla münasibətimiz var. Məsələn, Sadiq Paşayev atamın müavini olub. İndi də ailəvi gediş-gəlişimiz var. Atam briqadaya keçəndə o tabor komandiri olub.

– İnsanların Milli Qəhrəmanlara münasibəti məsələsini necə qiymətləndirirsiniz?

– Təbii ki, gənc nəsil həddindən artıq çox zəifdir. Çünki açıq deyim ki, heç biri maraqlanmır. Birdə görürsən ki, çağırırlar ki, atanla bağlı tədbir keçiririk, biz də gedirik. Gedib görürsən ki, gənclər də var, sadəcə olaraq onları ora gətiriblər, amma heç onlar üçün maraqlı deyil. Heç bilmirlər söhbət nədən gedir. Gənc nəsil o ruhda deyil. Müharibə görmüş insanların münasibəti ilə, körpə uşağın münasibəti bir deyil. Uşaqda da günah görmək lazım deyil, ailədən də çox şey asılıdır. Televizoru açır ki, teleseriallar gedir. Böyük maraqla ona baxırlar. Amma hansısa kanalda Milli Qəhrəman, şəhid haqqında danışılırsa, heç kim ona baxmır. Yəni hər bir şeyin ilki ailədən başlayır. Valideyn ilkdən təbliğ etməlidir. Məktəblərdə bu haqda danışılmır. Çox az-az hallarda olur ki, şəhidin adını məktəbə verilər. Adı verilən məktəbdə yalnız həmin şəhid haqda məlumat verirlər ki, burada belə adlı adam oxuyub, şəhid olub. Halbuki, Azərbaycanın 211 Milli Qəhrəmanı var. Bəs o birilər?

– Milli Qəhrəmanın dəyəri bu imiş?

– İnsanlar, cəmiyyət tərəfindən belə halla qarşılaşmışıq. Amma beş barmağın beşi bir deyil. Yəni hər bir insanın da düşüncəsi eyni ola bilməz . Elə insan da var ki, deyir ki, şəhid olubsa, vətəni üçün ölüb, torpağı uğrunda qurban gedib. Belə düşüncəyə malik insan da, ona hörmətlə yanaşan insan da var.

– Milli Qəhrəmanlarla bağlı QHT-lər var. Onlar tez-tez tədbirlər keçirilər. Həmin tədbirlərə dəvət alırsınız?

– Bəli. “Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi” var. özüm də oranın üzvüyəm. Tez-tez tədbirləri olur, mən də gedirəm, iştirak edirəm, tanıyıram. Bilirsən ki, bu insan da var.

- Milli Qəhrəmanlara bağlı hansısa bir təklifləriniz varmı?

– Onların tanıdılması üçün görülən tədbirlərin tərəfdarıyam. Təklif deyəndə ki, bunun üçün aidiyyatı qurumlar var. Bu qurumlar nə isə edə bilərlər. Sadəcə olaraq, verilən adların əbədiləşdirilməsi, nələrinsə olması ki, bəli bu insanlar olub. Adətən küçələrə çıxırıq. Soruşursan ki, hansı tərəfə gəlim? Məsələn, deyirlər ki, Nərimanov parkının yanına. Bu, Nəriman Nərimanovun tanıdılmasında başlıca rol oynayır. Təbii ki, bu insanların adına nələrinsə olması bir növ onların tanınmasına təkan vermiş olur. Bundan başqa məktəblərdə tədbirlərin keçirilməsi, gənclərə örnək ola bilər. Müharibə şəraitində yaşayan bir ölkəyik. Biz həlak olanlarımıza hörmət qoymasaq, onları tanımasaq, necə olacaq? Tək həlak olanlar haqqında yox, döyüşənlərimiz haqqında da bilməliyik ki, Azərbaycanın belə oğlanları var. O qədər əlillərimiz, veteranlarımız var ki, dövlətimizdən ötrü canlarından, qanlarından keçib. Bu insanlar haqqında tədbirlərdə iştirak edirsən, onlar haqqında məlumatlı olursan, nə isə öyrənirsən.

Bu insanların adları dərsliklərə salınmalıdır. Dərsliklərə salınmağı onların tanıdılmasına təkan ola bilər. Mükəmməl olmasa da, müəyyən məlumatı çatdırmaq olar. Biri var heç tanınmaya, biri də var ki, heç olmasa bu insanın varlığını bilirsən, onun haqqında ümumi məlumatın olur.

– Başqa Milli Qəhrəman övladları ilə dostluğunuz var?

– Açığı deyim ki, yox, görüşməmişik. Qubadlı rayonunun 7 Milli Qəhrəmanı var. Harada görürük ki, münasibət quraq? Haradasa tədbirdə münasibət yarana bilər. Təbii ki, Qubadlı qalsaydı, münasibət yarana bilərdi. Hamı fərqli yerdədir. Mən burdayam, biri Sumqayıtda, biri Xırdalanda ya da Masazırda. Onların hamısı ilə görüşə bilməzsən axı? Gərək ki, onları tanıyasan.

– Deyirsiniz tədbirlərə gedirsiniz. Onlar da bu tədbirlərə qatılmağa cəhd etmirlər?


– Yenə deyirəm, mən o işin içində deyiləm. Tədbirlərdən tədbirlərə çağıranda gedib iştirak etmişik. Amma onların iş rejimi ilə tanış deyiləm. Oranın da idarə edənləri var. Səlahiyyətli şəxslərdir. Cəhd edirlər-etmirlər, o barədə heç nə deyə bilmərəm. Bəlkə də var, bəlkə də yox. İndi mən necə deyim ki, eləmi,r bu da düzgün çıxmaz.

– Qubadlı Rayon İcra hakimiyyəti sizinlə maraqlanırmı?

– Heç kimdən heç nə tələb edə bilmərəm. Şükür Allaha dolana bilirik. Elə insanlar var ki, çörək tapa bilmir. Biz işləyirik. Anam təqaüd alır. Həyat davam edir.

– Dediniz ki, yetərincə tanınmamaq təbliğatın zəif olmasından irəli gəlir. Ola bilərmi ki, bu insanda mənəvi küskünlük yaratsın?

– Yox, heç kimdən incimirəm. Kimə ki, maraqlıdır, nə isə öyrənmək istəyir, öyrənir. Bizə maraqlı olan hər şey haqqında kitablarda, internetdə axtarırıq. Sadəcə bir az o cəhətdən narazıyıq ki, müharibə şəraitində yaşayan dövlət olsaq da, gənclərimiz o torpaqları unudur. O, torpaqlar Azərbaycanın gözü idi. İndi Azərbaycanın gözü bizdə yoxdur. Sadəcə rahat oturub səbr edərək gözləyirik. Rayonlarımız erməni işğalı altındadır. Qaçqınlarımız var. Nəticə etibarilə uduzmuşuq. Təbii ki, biz udsaq da, o insanlara qarşı xoş, isti münasibətimiz olmalıdır. O insanlar Azərbaycan xalqının gələcəyindən ötrü döyüşə gediblər.

– Necə düşünürsünüz, müharibə başlayarsa, döyüşə sizin kimi başqa Milli Qəhrəman övladları da gedəcəklərmi? Onlar da düşünəcəklərmi ki, bizim atamız gedib, biz də gedək?

– Bilmirəm, kiminsə yerinə cavab verə bilmərəm. Mən şəxsən gedərəm, niyə də getməyim ki! Torpaq mənim torpağımdı. Hərəmiz gedək bir yerə, başımızı qataq bir yerdə. Sonra nə olacaq? Nə qədər getsək də, Bakıdan o tərəfə gedə bilmərik. Bakıdan hara gedəsiyik? Xəzər dənizinə? Mümkün deyil. Torpaq sənindisə, onun uğrunda döyüşməlisən. Müharibəyə gedəndə fikirləşməməlisən ki, öləcəyəm. Öldürməyi bacarmalısan ki, ölməyi də bacarasan. Bir də görürsən ki, deyirlər ki, mən gedib torpağım uğrunda ölməyə hazıram. Ölməyə yox, öldürməyə hazır olmalısan.

Şahanə Rəhimli
Elçin Ağayev

Geri dön