Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Mübariz, Fədai-Mətin insan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, DAVAMın yazıları > Mübariz, Fədai-Mətin insan

Mübariz, Fədai-Mətin insan


Üzlüfərd (Əliyev) Yusif Əli oğlu inqilablar beşiyi olan Cənubi Azərbaycanın Ərdəbil Mahalının Sarab qəsəbəsinin Məmmədabad kəndində 1908-ci ilin mart ayının 21-də Novruz bayramı günündə anadan olmuşdur. O, orta məktəbi Sarabda almışdır. Bütün fənlərlə yanaşı ərəb, fars dillərini yaxşı bilirdi. Təhsilini davam etdirmək üçün atası Əli kişi oğlu Yusifi Özbəkistana göndərmişdir. Üzlüfərd Yusif Özbəkistanda Kənd Təsərrüfatı Universitetinin aqronomluq fakültəsinə qəbul olub, oranı fərqlənmə diplomu ilə bitirmişdir.

O, Özbəkistanda Atçılıq zavodunda 5 il müdir işləyib, sonradan Cənubi Azərbaycana Səttərxanın vətəni olan Təbriz şəhərinə gəlir, Təbrizdə kərpic zavodu tikdirib, işlədir.

Üzlüfərd Yusif 1940-cı ildə ata və ananın yeganə övladı olan Əsfari Siddiqə Hüseyn qızı ilə evlənib, gözəl və xoşbəxt bir ailənin təməlini qururlar.

Üzlüfərd Yusif 1941-ci ildən “Hizbitudeyi İran” partiyasının fəal üzvü olub, partiyanın verdiyi tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmişdir. 1945-ci ilin Azər (dekabr) ayında Cənubi Azərbaycanda milli lider Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Milli Hökumət yaradıldı. Bu il ərzində Cənubi Azərbaycan əsl cənnətə döndü. Kəndlilərə pulsuz torpaq paylanıldı. I-V siniflər pulsuz kitabla təmin olundu, xəstəxanalarda əhali pulsuz müalicə olundu. 8 saatlıq iş rejiminə keçildi. Savadsızlığı ləğv etmək üçün kurslar açıldı. Məktəblərdə, universitetlərdə Azərbaycan dilində dərslər keçirildi. Radioda veriliş və konsertlər Azərbaycan dilində aparıldı. Milli hərbi kadrlar yetişdirildi. Azərbaycan dilində qəzet və jurnallar çap olundu. Təəssüflər olsun ki, bu inkişaf amerika, ingilis imperialistlərini və onların nökəri olan şahı qane etmirdi. Onlar qorxurdular ki, köləlikdə olan digər xalqlar da ayağa qalxa bilərlər. Odur ki, düz bir ildən sonra 1946-cı ilin Azər (dekabr) ayında Milli Hökuməti qan içərisində boğdular.

İnqilabın lideri baş nazir Seyid Cəfər Pişəvəri başda olmaqla digər nazirlər, generallar, zabitlər və inqilbçı fədailər yenidən qüvvə toplayıb, geri qayıdıb, şahla mübarizə edib Milli Hökumət qurmaq üçün Quzeyə-Şimali Azərbaycana qaan qardaşlarına 1 ay müddətinə pənah gətirdilər. Baş nazir Seyid Cəfər Pişəvəri sui-qəsd nəticəsində avtomobil qəzasına düşdü.

Digər inqilabçı zabitlər, fədailər silahlarını bellə, külünglə əvəz edib Şimali Azərbaycanın ayrı-ayrı regionlarında, kənd, qəsəbə, rayon və şəhərlərində məskunlaşdırıldı o cümlədən də Üzlüfərd (Əliyev) Yusif Əli oğlu ailəsi ilə birlikdə Bərdə şəhərində məskunlaşdı. O, kolxoz sədrinin müavini işlədi. Sənəti üzrə kolxozun inkişafı üçün yaxından iştirak edirdi.

Üzlüfərd Yusif Bakı şəhərindəki Ali Partiya Məktəbini 1959-cu ildə bitirmişdi. 1962-ci ildən 1984-cü ilə qədər Ağdam “Natəvan” adına şərabçılıq zavodunda baş aqronom işləmişdir.

Üzlüfərd (Əliyev) Yusif Əli oğlu Azərbaycan Demokrat Firqəsinin Goranboy, Ağdam, Quba komitələrinin sədri vəzifəsində çalışmışdır. Firqənin tapşırıqlarını qorxmadan, mərdliklə yerinə yetirirdi. Gənc firqəçilərə də Azərbaycan adını həmişə uca tutmağı, bu ad uğrunda ölümün şərəfli olmağını söyləyirdi.

O, respublika əhəmiyyətli fərdi təqaüdçü idi.

Üzlüfərd Yusif Əli oğlunun 6 övladı -3 oğul, 3 qızı, 16 nəvəsi və 7 nəticəsi var. O, övladlarını böyüdüb, oxudub, evləndirib xoşbəxt ailə sahibi edibdir.

Üzlüfərd Yusif Əli oğlu 1989-cu ilin sentyabr ayının 18-də ürəyində Vətən, Təbriz həsrəti ilə gözlərini yumub əbədiyyətə qovuşdu. Onun ruhu digər vətən həsrəti ilə döyünən başqa siyasi mühacir fədailəin ruhuna qovuşdu. Allah onların hamısına qəni-qəni rəhmət eləsin. Qəbirləri nurla dolsun. Qoy onlar qəbirdə rahat uyusunlar. Gələcəkdə onların nəvə və nəticələri doğma Ana Vətənini azad, xoşbəxt və firəvan görəcəklər. İnşallah!

Üzlüfərd Yusif Əli oğlu bilmirdi ki, onun ailəsi 1946-cı ilin dekabr ayında Cənubi Azərbaycandan qaçqın düşdüyü kimi , 1992-ci ildə erməni faşistləri (havadarlarının köməyi ilə) Ağdamı işğal etdikdən sonra digər qarabağlılar kimi Gəncə şəhərinə ikinci dəfə qaçqın düşəcəklər. Bədbəxt taleli azərbaycanlılar, görəsən sizin günahınız nədir? Üzlüfərd Yusifin Cənubi Azərbaycana, inqilaba, Milli hökumətə aid tarixi kitabları düşmənin –erməninin əlinə düşməməsi üçün Ağdamda yaşadıqları evin bir hissəsində torpağa basdırdılar.

Üzlüfərd Yusifin doğma vətənində qaşqın düşən övladları və nəvələri müxtəlif sahədə çalışıb doğma Azərbaycan vətəninə, Azərbaycan xalqına xidmət edirlər.

Yusifin ömür-gün yoldaşı, sirr yoldaşı Siddiqə Hüseyn qızı qaçqınlığa dözə bilməyib, 1995-ci ilin may ayının 24-də vəfat etdi. Onun ruhu həyat yoldaşı Üzlüfərd Yusifin ruhuna qovuşdu. Allah onlara qəni-qəni rəhmət etsin! Qəbirləri nurla dolsun! Heç kim unudulmur!



Gəncə şəhəri, Güney Azərbaycanlı

Mühacirlər Cəmiyyətinin sədri,

Əli DƏSTİ

Geri dön