Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sosial > Boşananların sayı niyə artır…
Boşananların sayı niyə artır… |
Aynur Veysəlova: “Ekoloji problemlərin reproduktiv sağlamlığa olan təsiri nəticəsində sonsuzluq kimi hallar boşanmaya gətirib çıxarır”
Mətanət Əzizova: “Nigahların sayının az olmasının səbəbi isə molla kəbini ilə bağlıdır” Mətbuatda gedən məlumata görə, ötən il ölkədə qeydə alınan nikahların sayı azalıb. Nigahların sayı azalıb, amma boşanmalar isə artıb. Sualımıza cavab tapmaq məqsədilə ekspertlərə müraciət etdik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur Veysəlova bunu belə izah edir ki, artıq insanlar daha ağıllı və düşünülmüş formada ailə qurmaq istəyir, bu da ötən il ölkədə nikahların sayına müəyyən təsir göstərib: “İnsanların münasibətləri tənzimlənən, ailədaxili münasibətlər sistemini daha yaxşı formalaşdıran nikah formasını seçməsi nəticəsində ölkədə nikahların sayı azalıb”. Onun sözlərinə görə, ölkədə nikahların ümumi əmsalı 2011-ci ildə 9,7 olduğu halda, 2012-ci ildə bu rəqəm 8,6 olub. Boşanmaların sayında isə artım müşahidə edilib. Komitə rəsmisi nikahlarının sayının az, boşanmaların isə çox olmasının səbəbləri barədə mülahizələrini bölüşür: “Qanunvericilikdə olan dəyişiklik və qadınların iqtisadi cəhətdən müəyyən mənada imkanlar əldə etməsi, hüquqlarını bilməsi onlara şərait yaradır ki, ailədə üzləşdiyi zorakılığa, təzyiqlərə məruz qalmasın və öz haqqını tələb etsin. Bu da boşanmaya təsir edir. Bundan əlavə, ekoloji problemlərin reproduktiv sağlamlığa olan təsiri nəticəsində sonsuzluq kimi hallar boşanmaya gətirib çıxarır. Boşanmaya təsir edən ən ağrılı məqam isə erkən nikahlardır. Erkən nikaha girənlər çox sonradan şəxsiyyət kimi formalaşır və hadisələrə münasibətləri dəyişir. Bu da ailədə problemlər yaradır və çox vaxt boşanma ilə nəticələnir”. Nikahların real statistikasına təsir edən başqa faktorlar da var. Məsələn, rəsmən qeydə alınmamış nikahlar. Bəlli olur ki, Azərbaycanda hələ də rəsmən qeydə alınmamış nikahların statistikası yoxdur. Bu da mövcud sahədə daha ciddi işlərin görülməsi və problemlərin həllinə ciddi mane olurmuş. Aynur Veysəlova bildirir ki, komitə tərəfindən mövcud məsələ ilə bağlı Ədliyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinə müraciət edilib. Onun sözlərinə görə, bu statistikanın aparılması bir sıra məqamların əvvəldən aşkarlanması və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınmasına şərait yarada bilər: “Azərbaycan rəsmi nikah yaşı 18-dən başlayır. Amma ölkədə 18 yaşa kimi neçə-neçə qız ərə verilir və bu, rəsmi qeydiyyata alınmır. 14-18 yaş arası ərə verilən qızlar barədə rəsmi qeydiyyat aparılsa və bunun statistikası olsa, onlarla bağlı vəziyyəti araşdırıb daha ciddi işlər görə bilərik”. A.Veysəlova qeyd etdi ki, erkən nikaha cəlb olunanlar üçün daha çox dini kəbin kəsilir. Lakin son vaxtlar nikah yaşına çatmayan və rəsmi nikah sənədi olmayanlara kəbin kəsilməsinin qadağan olunması barədə din xadimlərinə göstəriş olduğunu deyən komitə rəsmisinin sözlərinə görə, hansısa din adamı bunu edərsə, ona qarşı müvafiq cəza tədbirləri görüləcək: “Belə hallara yol verənlər artıq bu işlə məşğul ola bilməyəcəklər. Düşünürük ki, artıq rəsmi nikah şəhadətnaməsi olmadan kəbinin kəsilməməsi, erkən nikahların və bununla bağlı yaranacaq problemlərin qarşısını almağa şərait yaradacaq”. Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə hesab edir ki, boşanmaların artmasının əsas səbəbi erkən nigahların sayının artması ilə bağlıdır: “Nigahların sayının az olmasının səbəbi isə molla kəbini ilə bağlıdır. Əksər bölgələrdə hələ də dini kəbin adəti mövcüddür”. Günel CƏLİLOVA Geri dön |