Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev medianews.az saytına milli ideya və hədəflərdən danışdı
Fərəc Quliyev medianews.az saytına milli ideya və hədəflərdən danışdı |
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın gələcək inkişafı ilə bağlı məqamlara toxunub. Bildirib ki, vaxtilə əsas milli ideyamız ərazilərimizi azad etmək olub və xalqımız bu ideya, amal ətrafında birləşib, həmrəylik nümayiş etdirərək bu hədəfə çatıb. O, yeni mərhələdə Azərbaycanın gələcək inkişafı ilə bağlı fikirlərinin olduğunu diqqətə çatdıraraq, bir çox hallarda onların həlledici olacağını vurğulayıb: “Mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır”.
Azərbaycan Prezidenti İlham Əliyevin bu açıqlamasını 7 fevral seçkisindən sonra baş verəcək böyük dəyişikliklərin anonsu kimi qiymətləndirmək olarmı? Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev mövzu ilə bağlı Medianews.az-a bildirib ki, milli arzu və ideya elə milli hədəfdir. Partiya sədri deyib ki, Azərbaycan xalqı yaxın, orta və uzaq hədəflərini artıq müəyyən edib. F.Quliyevin sözlərinə görə, bu, ölkəmiz üçün ədalətli status-kvo, tarixi-coğrafi ərazimizdə bütöv Azərbaycandır: “Cidanı çuvalda gizlətmək olmaz. Əslində millli hədəfi də gizlətməzlər. Yaxın hədəfimizə çatmışıq. Prezidentimiz bildirdi ki, biz yaxın hədəf olaraq Qarabağın azad olunmasını və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini təmin etmişik. Əlbəttə ki, bizim böyük hədəflərimiz var. Hesab edirəm ki, artıq ilk işimiz bu milli nailiyyətimizi qorumaqdır. Əldə olunan bu nailiyyəti qorumaq özü artıq bir strateji yanaşmadır. Bunun üçün bir çox işlər görmək lazımdır. Fikrimcə, milli təhlükəsizlik müstəvisində biz bloklara qoşulmamaq siyasətindən artıq blok siyasətinə keçməyi bacarmalıyıq. Mən 1998-ci ildə Transkontinental Turan-Avrasiya bloku modelləşdirmişdim. Bu, Azərbaycanda ilk irihəcimli konseptual geosiyasi nəşr olan “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” adlı kitabımda bu haqda yazmışdım. Bu gün Türk Dövlətləri Təşkilatı modelləşdirilib. Transkontinental Turan-Avrasiya bloku ideyasına görə, Türk Dövlətləri Təşkilatına Pakistan, Macarıstan kimi dövlətlər də əlavə olunmalıdır. Bu, böyük bir dünya gücü olaraq özünümüdafiə sistemini formalaşdırmalıdır. Çünki dünya yenidən format olunur. Biz də bu məsələdə öz imkanlarımızı dəyərləndirməliyik. Bizim bunu reallaşdırmaq üçün potensialımız və imkanımız var. Sadəcə reallaşdırmaq lazımdır”. MDHP sədrinin qənaətincə, Azərbaycanda xarici siyasətlə daxili siyasət elə uzlaşmalıdır ki, bütün potensialımız ciddi şəkildə səfərbər olunsun, ortaya qoyduğumuz ideyalar müdafiə edilsin: “Bu, təkcə Azərbaycandakı vətəndaşlarımız tərəfindən yox, dünyanın hər yerində yaşayan soydaşlarımız tərəfindən də dəstəklənməlidir. Bunun üçün də vətənimiz Azərbaycanla o soydaşlarımız – diaspor arasında qarşılıqlı himayə mexanizminə bir daha baxılmalı və yenidən işlənməlidir. Biz ayrı-ayrılıqda Borçalıda, Güney Azərbaycanda, Dərbənddə olan soydaşlarımıza hər dövlətlə münasibətlərə uyğun şəkildə yumuşaq siyasətlə müvafiq model ortaya qoymağı bacarmalıyıq. Başqa bir hədəfimiz Qərbi Azərbaycandan qovulmuş aborigen türklər, soydaşlarımızın geri qayıdışını təmin etməkdir. Bunun üçün ilkin adımlar atılıb və müəyyən işlər görülür. Bunun ardıcıl şəkildə işlənməsi çox vacibdir”. F.Quliyev daxili siyasətdə islahatların aparılmasının zəruriliyini qeyd edib. Bildirib ki, Milli Məclisin özündə də dəyişiklik olmalıdır: “İndi mojaritar seçki sistemi ilə parlament formalaşır. Bu, qarışıq seçki sistemidir. Milli Məclis mojaritar və proporsional bir yerdə, yaxud proporsional seçki sistemi ilə formalaşsa daha yaxşı olar. Siyasi palitrada zənginlik, barışa söykənən sabitlik olar, siyasi partiyaların iştirakçılığı ciddi şəkildə təmin edilər. Bu, həm hüquq, həm də məsuliyyət vermək deməkdir. Ona görə bu seçki sisteminə baxmaq vacibdir. Yerli idarəetməyə üstünlük vermək lazımdır. Yerlərdə icra hakimiyyətinin ya əsas, ya da bütövlükdə funksiyalarını bələdiyyələrə vermək, yerli idarəetməni, böyük şəhərlərə merlərin seçilməsini təmin etmək olar. Cənab prezidentin təşəbbüsü ilə ölkədə rayon idarəetmə sistemini iqtisadi zonalar əvəzləyir. Bu cür 13-15 iqtisadi zonanı yaradıb idarəetmədə mobilliyi təmin etmək olar. Şişirdilmiş aparatdan imtina etmək lazımdır. Nazirlər Kabinetindən imtina edib onun funksiyalarını vitse-prezdient institutuna vermək daha uyğundur. Bunun üçün referendum və Konstitusiya dəyişikliyi lazımdır. Məsələn, xüsusən Naxçıvan Muxtar Respublikası üçün Ali Məclisin və Nazirlər Kabinetinin buraxılması vacib şərtlərdəndir. Bunlar artıq qurumlardır. Bu islahatlar idarəetməni daha effektli edər”. Partiya sədri iqtisadi sahədə həyata keçirilməsi zəruri olan islahatlardan da söhbət açıb: “İqtisadi sahədə də ciddi addımların atılmasına ehtiyac var. Biz indi büdcəmizi əsasən karbohidrogen ehtiyatların satışından əldə etdiyimiz gəlirlə formalaşdırırıq. Amma biz neft məhsullarını xammal şəklində deyil, daha çox yarımfabrikat və son məhsul formasında satmağı düşünməliyik. Bunun üçün sənayeləşmə olmalıdır. Onsuz da son illər neftin istehsalında azalmalar var. Ona görə də biz daha çox digər sahələrin inkişafına fikir verməliyik. Əyalət siyasətinə yenidən baxmaq lazımdır. Ərzaq təhlükəsizliyini həyata keçirmək üçün addımlar atılmalıdır. Bunun üçün işğaldan azad olmuş ərazilərimizi yenidən dirçəltməliyik. Zamanla bu 20 faiz ərazidə Azərbaycanın bütün kənd təsərrüfatı məhsullarının 60 faizi istehsal olunurdu. İndi bunu yenidən təmin etmək olar. Bu əyalət siyasəti həm də əhalinin Bakıda süni artımının, urbanizasiyanın qarşısın alacaqdır. İnsanların əyalətə maraq göstərməsi üçün həvəsləndirici, stimullaşdırıcı tədbirlər görülməlidir. Başqa tədbirlərdə görülə bilər. Bu gün bir çox məsələlər var ki, onları davam etdirmək lazımdır. Sadaladığım məsələləri də gündəmə gətirmək, müzakirə etmək, uyğun olanı tətbiq etməklə, ölkənin inkişaf və təhlükəsizliyi üçün yeni model ortaya qoymaq olar”. Müsahibənin səs yazısını təqdim edirik: tıklayın Lamiyə MİRZƏYEVA/medianews.az Geri dön |