Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Orta məktəblərdə psixoloq problem
Orta məktəblərdə psixoloq problem |
Hökumə Əliyeva: “Psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır”
Əjdər Ağayev: “Həyati tələb kimi psixoloji xidmətə ehtiyac var” Bəhmən Nəbiyev: “Valideynlər və cəmiyyətin özü uşaqla məşğul olmalıdır” Günün aktual suallarından biri də məktəbdə psixoloji xidmətin səviyyəsidir. Hər bir məktəbdə bu xidmətin olması mütləqdir. Çünki inkişaf dövrünün bəzi böhranlı mərhələləri vardır ki, bunlar məhz məktəb dövrlərinə təsadüf edir. Odur ki, bu mərhələdə şagirdlərin qarşısına çıxan problemlərin məktəb psixoloqunun köməyi ilə düzgün diaqnostika və korreksiya edilməsinə böyük ehtiyac duyulur. Ancaq ölkəmizdə mövcud olan orta təhsil ocaqlarında məktəb psixoloqunun yerinə yetirməli olduğu vəzifəyə o qədər də önəm verilmir. Halbuki uşaqların təlim və tərbiyə prosesinə məktəb yaşlarından başlayaraq müəllimlər və valideynlərlə birgə psixoloqlar da nəzarət etməlidir. Məktəb psixoloqunun işi məktəbəqədər yaşda olan uşaqların məktəbə hazırlığını müəyyən etmə mərhələsindən başlayır. Psixoloq şagirdlərlə iş aparan zaman ən çox problemlə qarşılaşdığı yaş dövrlərindən biri də yeniyetməlik yaş dövrüdür. Bu dövr 11-15 yaşlarını əhatə edir və böhranlı dövr kimi yadda qalır. Bu dövrdə şagirdlərdə yeni xüsusiyyətlər formalaşır, qızlar və oğlanlar baş verən proseslərə daha aqressiv reaksiya göstərirlər. Şagirdlərin bu aqressiv davranış reaksiyaları mütləq psixoloqlar tərəfindən korreksiya olunmalıdır. Əgər onlarla düzgün iş aparılarsa, bu xüsusiyyətlər tədricən aradan qalxar, əks halda isə aqressiv davranış reaksiyaları xarakter xüsüsiyyəti kimi formalaşa bilər. Bundan başqa, məktəb psixoloqu həmçinin təlimdə geri qalan və intizamsız şagirdlərlə diaqnostik - korreksiya işi aparılmasında, şagirdlərin təlim- tərbiyə prosesinin normal gedişinə mane olan intellektual, şəxsi və emosional - iradi xüsusiyyətlərinin diaqnostika edilməsində, uşaqların təlim- tərbiyəsinin psixoloji problemləri , hafizəsinin, təfəkkürünün, xarakterinin və s. inkişafı sahəsində ciddi işlər aparılmasında yaxından iştirak edir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun psixologiya kafedrasının müdiri, psixologiya elmləri namizədi Hökumə Əliyeva vurğulayır ki, fərdi pedaqoji sahədən fərqli olaraq, təhsilin təşkili sahəsində praktik psixologiyadan istifadə daha çox mühümdür. Çünki hər bir müəllim öz işini psixoloqun dəstəyilə qurmalıdır. Məktəb psixoloqunun işinin əsas qayəsi fərdi yanaşma əsasında problemin həllinə nail olmaq üçün yaxşı tədqiqatçi olmaq, psixoloji üsul və vasitələri sərbəst həyata keçirməyi bacarmaqdır. Təhsil üzrə ekspert, professor Əjdər Ağayevin fikrincə, məktəblərdə psixoloji xidmət mütləq olmalıdır: "Ekoloji problemlərin insan psixologiyasına təsiri böyükdür. Həkimlərin məlumatına görə, yeni doğulan uşaqların bəlkə də 80 faizi qüsurlu dünyaya gəlir. Bundan əlavə, həmin uşaqlarda müəyyən ruhi, hissi çatışmazlıqlar da olur. Demək, həyati tələb kimi psixoloji xidmətə ehtiyac yaranır. Harda ünsiyyət və münasibət varsa, orada davranışın səviyyəsi, tərzi meydana çıxır. Nəticədə psixoloji yanaşmalara xüsusi ehtiyac yaranır". Təlim prosesinin çətinlikləri, kurikulum təhsil proqramları üzrə hazırlanan dərsliklərdə uşaqların fizioloji, psixi inkişaflarını nəzərə almaq lazımdır: "Dərsliklər olduqca ağırdır. Nəinki şagirdlər, hətta bəzi müəllimlər də dərsliklərdəki bəzi tapşırıqları yerinə yetirə bilmirlər. Xüsusən riyaziyyat fənni üzrə. Bu çətinliklər ruhi sarsıntılara gətirib çıxarır. Birinci sinifdən dərsliklər ağır olduğu üçün uşaq gərginlik keçirir. Bütün bunların qarşısını almaq üçün psixoloji xidmətin böyük əhəmiyyəti var". Ə.Ağayev, ümumiyyətlə, orta məktəblərdə psixoloji xidmət işinin təşkilini normal səviyyədə hesab etmir. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda və BDU-da psixoloji xidmət üzrə mütəxəssislər hazırlanır. Amma bu hazırlanmalar kifayət dərəcədə deyil. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarə Olunması Sektorunun müdiri Bəhmən Nəbiyevin sözlərinə görə, bu gün paytaxtın hər bir məktəbində psixoloji kabinet fəaliyyət göstərir: "Ola bilər ki, müəyyən şəraitləri yoxdur. Amma bütün məktəblərdə yaxşı psixoloji xidmət mühitinin yaradılması üçün lazım olan şəraiti yaratmağa çalışırıq. Düzdür, Bakı Şəhəri üzrə Təhsil İdarəsi fəaliyyətə başlayanda məktəblərdə psixoloqların olmaması, onlarla lazımi işlərin aparılmaması müəyyən problemlər yaradırdı. Tədricən bu problem aradan qaldırıldı". B.Nəbiyev azyaşlılar arasında baş verən intihar, evdənqaçma və s. halları isə məktəblə əlaqələndirmir: "Bütün problemləri də məktəbin üzərinə atmaq düzgün olmaz. Təsəvvür edin ki, məktəblərdə 1500-2000 uşaqla bir psixoloq məşğul olur. Məktəb uşağın həyatının bir hissəsini təşkil edir. Amma bundan əlavə, valideynlər və cəmiyyətin özü uşaqla məşğul olmalıdır. Düzdür, mən deməzdim ki, hər kəs öz işini yüksək səviyyədə həyata keçirir. Çatışmazlıq da, öz işini yüksək səviyyədə bilməyən də ola bilər. Ancaq onu da deyim ki, psixoloji cəhətdən sarsıntı keçirmə və ya müəyyən intihar halları digər ölkələrə nisbətən Azərbaycanda daha azdır". Günel CƏLİLOVA Geri dön |