Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir

Böyrək daşlarının kəsiksiz xaric edilməsi icbari tibbi sığortaya daxildir


Böyrək daşı xəstəliyinin müayinə və müalicəsinə icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tam təminat verilir. Vətəndaşlar ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, cərrahi əməliyyatlar kimi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilərlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, 2023-cü il ərzində sidik-ifrazat sistemi daşlarının xaric edilməsi ilə bağlı 5807 sayda qeyri-invaziv prosedur və cərrahi əməliyyat icra olunub ki, bunların 3816-sı özəl, 1991-i dövlət tibb müəssisələrinin payına düşüb.

Böyrək daşı xəstəliyinin diaqnostikası və müalicəsi həkim-uroloq və həkim-nefroloq tərəfindən aparılır. Böyrək daşlarının qanın ümumi və biokimyəvi analizi, sidiyin ümumi analizi, ultrasəs müayinə (USM), ekskretor uroqrafiya, kompüter tomoqrafiyası (KT), ureteroskopiya kimi müxtəlif müayinə üsulları mövcuddur.

Müayinə ilkin olaraq USM ilə aparılır. Diaqnozun təyinindən sonra KT müayinəsi böyrək daşlarının yerləşmə yeri, ölçüsü və miqdarı barədə daha dəqiq təsvir əldə etməyə imkan verir.

Böyrək daşı xəstəliyinin müalicəsinin müxtəlif metodları var. Üsullar daşın ölçüsü, sıxlığı və yerləşməsi kimi faktorlardan asılı olaraq həkim tərəfindən seçilir.

Sidik axarına düşən kiçik daşların sərbəst xaric olunması üçün dərman preparatları ilə (konservativ) müalicə üsulu təyin olunur. Konservativ müalicə nəticəsində daş sərbəst xaric edilmədikdə digər müalicə metodları tətbiq edilə bilər: zərbə dalğalarının təsiri nəticəsində daşların parçalanması, böyrəyə bel nahiyəsindən kiçik bir dəliklə daxil olunaraq daşların parçalanması, daşların sidik axarına yeridilmiş xüsusi nazik alətlə xırdalanması (üstünlüyü əməliyyatın kəsiksiz baş tutmasıdır). Sözügedən metodlarla daşların xaric edilməsi mümkün olmadıqda böyrək daşları açıq əməliyyat üsulu ilə də xaric edilə bilər.

Bir sıra hallarda sidik axarının tutulmasının qarşısını almaq məqsədilə sidik yollarına kateter və stent yerləşdirilə bilər. Bu prosedurlar tibbi sərf daxil olmaqla icbari tibbi sığorta ilə tam ödənişsizdir.

Qeyd edək ki, böyrək daşı xəstəliyi sidik-ifrazat sisteminin geniş yayılmış problemlərindəndir. Xəstəliyin yaranmasının maddələr mübadiləsinin pozulması, şəkərli diabet, mayenin az qəbul edilməsi, qeyri-sağlam qidalanma və irsi faktorlar kimi müxtəlif səbəbləri ola bilər. Xəstəliyin əsas əlamətləri bel nahiyəsində küt və ya sancı şəkilli ağrı, sidik ifrazının azalması, kəsilməsi, qanlı, bulanıq olması, arterial təzyiqin yüksəlməsidir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.


Geri dön