Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:Bu məsələ Milli Azadlıq Hərəkatında ciddi qıcıq yaradacaq və İran rejiminə qarşı daha sərt reaksiyalar ortaya çıxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bu məsələ Milli Azadlıq Hərəkatında ciddi qıcıq yaradacaq və İran rejiminə qarşı daha sərt reaksiyalar ortaya çıxacaq

Fərəc Quliyev:Bu məsələ Milli Azadlıq Hərəkatında ciddi qıcıq yaradacaq və İran rejiminə qarşı daha sərt reaksiyalar ortaya çıxacaq


Martın 2-də İranda növbəti parlament seçkiləri keçirilib - əgər buna seçki demək olarsa. Açıqlanan ilkin nəticələrə əsasən, Güney Azərbaycanın əsas şəhərlərindən olan Urmiyanı, Sulduzu və Makunu, yəni Qərbi Azərbaycan bölgəsini kürdlər təmsil edəcək.

Bu barədə yazan Zaur Bayramlıya görə, Qərbi Azərbaycanda türklərlə müqayisədə çox azlıqda olmalarına rəğmən, kürdlər Urmiyada 3 millət vəkili yerinin üçünü də, Sulduz və Makuda isə hər birində 1 olan millət vəkili yerlərini qazanıb. Halbuki indiyədək həmişə Urmiyada hər 3 mandat, Sulduz və Makuda isə hər 1 mandat Güney Azərbaycanlı namizədlər tərəfindən qazanılırdı.
“Düzdür, 2 gün öncəki seçkilərdə bizim əleyhimizə olan bu tablonun yaranmasında fars-molla rejiminin dəstəyi ilə İranın müxtəlif bölgələrindən kürdlərin Batı Azərbaycana daşınaraq orada səs vermələrinin təmin edilməsinin xeyli rolu olsa da, mən artıq düşmənlərimizi və ya rəqiblərimizi deyil, özümüzü sorğulamağın tərəfdarıyam”, - deyə Zaur Bayramlı vurğulayıb.

“Seçkilər azad və şəffaf olmadığı üçün qatılım çox aşağı səviyyədə oldu. Amma rejim SEPAH-ın hərbçilərinin böyük hissəsini Cənubi Azərbaycana göndərərək bölgənin nəzarətinə xüsusi fikir verdi. İran rejiminin əmri ilə SEPAH-ın öndə gedən cəlladları, kürd terrorçu qruplaşmaları və qaçaqmalçıları ilə əlbir olaraq Maku, Sulduz və Urmiya başda olmaqla bir çox Azərbaycan şəhərlərini bu seçkidə kürd bölgələri kimi tanıtsınlar deyə Qərbi Azərbaycanda seçkilərdə 7 kürd, 4 türk namizəd seçildi. Bu, gülünc haldır, ona görə ki, əhalisinin 80%-nin türk olduğu bir bölgədə kürd namizədlərin çoxluq təşkili açıq-aşkar İran rejiminin türklərdən aldığı intiqamın nəticəsi oldu”.

Bununla bağlı Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin Musavat.com-a açıqlamasında deyib.

İran parlamentinə 12-ci çağırış seçkilərinin nəticələrinin açıqlanması və iki kürd namizədin Urmiyadan qalib elan edilməsindən sonra şəhərdə aksiyalar keçirilib.

Axar.az bildirir ki, bu barədə yerli sosial media fəalları paylaşımlar ediblər. Şəhərin fərmandarlığı qarşısına toplaşan kürdlər “Urmiya Kürdüstan” şüarları səsləndirib, Azərbaycana qarşı torpaq iddialarını açıqca dilə gətiriblər. Kürd partiyaları, Azərbaycana qarşı ərazi iddiası ilə tanınan cərəyanlar paylaşımlar edərək, kürdlərin qələbəsini təbrik ediblər.

Qeyd edək ki, rəsmi məlumata görə, seçkilərdə səsvermə hüququ olan 65 milyondan bir qədər çox vətəndaşdan 25 milyon nəfəri və ya 40 faizə qədəri iştirak edib. Müstəqil ekspertlər isə hökumətin açıqladığı rəqəmin doğru olmadığını, ən yaxşı halda aktivliyin 15-20 faiz olduğunu bildirirlər.

İranın yeni parlamentində 288 deputat təmsil olunacaq. Onun 2-si erməni əsillidir. Urmiyadan millət vəkilliyinə azərbaycanlı namizədlərdən yalnız biri - Salman Zakir 115.761 səslə parlamentə seçilib.

Onu da əlavə edək ki, Tehranda 5000 seçki məntəqəsindəki qutuların 4000-i açılıb və ilkin rəyə görə, bəzi dairələrdə seçkilər ikinci tura qalacaq.

Bəs nəticələr Güney üçün yaxın perspektivdə konkret hansı neqativ nəticələr doğura bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib:

“Bu, əslində İranın mahiyyətidir, yəni burada təəccüblü bir şey yoxdur. İran rejimi mütəmadi olaraq Azərbaycan sözünün aradan çıxarılmasına çalışıb. Nəinki Güney Azərbaycan, hətta Quzey Azərbaycanla bağlı da Azərbaycan sözünü qəbul etmir, Azərbaycanı “Bakı respublikası” adlandırır. Bundan başqa, Azərbaycan ostanlarının adlarını dəyişib, başqa adlar qoydular. Məqsəd bölgəni türk bölgəsi olmasına baxmayaraq, kürd bölgəsinə çevirmək, Güney Azərbaycanla Türkiyə arasında bufer zona yaratmaqdır.

İran rejimi hətta Suriyadan və digər yerlərdən kürdləri gətirərək, Urmiya, Sulduz ərazisində azərbaycanlıları tədricən sıxışdırımağa çalışır. Yəni hər üsula əl atır.

Bir vaxtlar Urmiya gölünün quruması ilə bağlı düşünülmüş şəkildə layihə ortaya qoydular və artıq onu həyata keçirirlər. Məlum olduğu kimi, ekofəlakət yaşandığından əhalinin əksəriyyəti oradan getməyə nail olunub. İndi də parlamentdə kürdləri yerləşdirməklə oradan da Azərbaycan sözünü tədricən çıxarmağa çalışırlar.

Amma bölgəni təmizləyib, ora tamamilə kürdləri yerləşdirmək, Türkiyə ilə Güney Azərbaycan arasında bufer zona yaratmaq və sairə məsələlər keçərli olmayacaq. Hesab edirəm ki, bu məsələ Milli Azadlıq Hərəkatında ciddi qıcıq yaradacaq və İran rejiminə qarşı daha sərt reaksiyalar ortaya çıxacaq”.

Qeyd edək ki, ikinci tur aprel və ya may aylarında keçirilməlidir.

Ümumilikdə indiyədək yeni parlamentin 245 deputatı seçilib. İkinci turda 45 yer bölüşdürülməlidir, çünki bu dairələrdə namizədlər lazımi 20% səs toplaya bilmədilər.

AP-nin məlumatına görə, seçilmiş 245 siyasətçidən 200-ü sərt, 45-i isə nisbətən mötədil və ya müstəqildir. İranın yeni parlamentində cəmi 11 qadın olacaq.

Xalidə Gəray/Musavat.com


Geri dön