Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:İnsanları dövlətindən narazı salmaq düzgün deyil
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:İnsanları dövlətindən narazı salmaq düzgün deyil

Fərəc Quliyev:İnsanları dövlətindən narazı salmaq düzgün deyil


Əllərində dövlətin qiymətli kağızları – özəlləşdirmə çekləri qalan və bundan istifadə edə bilməyən vətəndaşlar uzun müddətdir ki, problemin həllini gözləyirlər. Müraciət etmədikləri yer qalmayan çek sahibləri vauçerlərin tədavül müddətinin 2011-ci ildə qanunazidd şəkildə dayandırılmasından şikayətçidirlər və problemin tezliklə, ədalətli formada həllini tələb edirlər.

Qiymətli kağızlarının qiymətsiz hala salınması ilə razılaşmayan çek sahibləri bildirirlər ki, məsələyə dair real faktlar qalib Ali Baş Komandan, Prezident İlham Əliyevə məruzə olunmur. Çek sahibi olan yüzminlərlə vətəndaş var və onlar inanırlar ki, Prezident bu qanunsuzluqdan xəbər tutarsa, o zaman əhalinin pozulmuş hüquqlarının bərpası istiqamətində lazımi qurumlara və məmurlara ciddi tapşırıqlar verər.

Xatırladaq ki, problemin araşdırılması üçün dövlət başçısının göstərişi ilə Konstitusiya Məhkəməsinə (KM) məktub daxil olub. Lakin KM hələ də məsələyə baxmağa, ədalətli qərar qəbul etməyə tələsmir.

Ölkədə fəaliyyət göstərən siyasi partiyaların liderləri də hesab edirlər ki, vətəndaşların pozulan hüquqları qanuni şəkildə bərpa olunmalıdır. Onların qənaətincə, çek sahiblərinin problemlərinin həlli üçün aidiyyəti qurumlar addım atmalıdır.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, keçmiş deputat Fərəc Quliyev AYNA-ya söyləyib ki, uzun illərdir bu məsələ gündəmin müzakirəsindədir: “Mənə də dəfələrlə həm fərdi, həm də qrup şəkilində çek sahibləri müraciətlər ediblər. Onların müraciətlərini bir partiya rəhbəri olaraq aidiyyəti dövlət qurumlarına yönləndirmişəm. Hesab edirəm ki, vaxtilə özəlləşdirmədə bu çeklərdən doğru-dürüst istifadə olunmayıb. Əlində çekləri qalan vətəndaşlar dövlətin qiymətli kağızından səmərəli istifadə edə bilməyiblər. Bu da onların hüquqlarının pozulması anlamı verir”.

“Çeklər problemini həll etmək üçün dövlət addımlar atmalıdır. Yenidən tədavülə buraxılması, yaxud da çek sahibləri olan vətəndaşlara hansısa formada kompensasiya ödənilməsi mümkündür. Məncə, Milli Məclisdə özəlləşdirmə payları ilə bağlı qanun qəbul edilməli, yaxud mövcud qanunvericilikdə dəyişiklik edilməlidir. İctimai müzakirə keçirilməli, iqtisadçılar müzakirələrə cəlb olunmalı və problemin həlli yolu tapılmalıdır. Beləliklə, hüququ pozulmuş vətəndaşlarla bağlı ədalətli qərar verilməlidir. Dövlət öz qiymətli kağızlarına sahib çıxmalıdır, vətəndaşının da pozulan hüququnu bərpa etməlidir. İnsanları dövlətindən narazı salmaq düzgün deyil. Düşünürəm ki, bunun həll yolu mütləq var”, - deyə Quliyev fikrini tamamlayıb.

Aydın Gəray/ayna.az

Geri dön