Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bütün hərbi hissələrə, xüsusilə də sərhədboyu hərbi birləşmələrə nömrə 1 əmri verilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > Bütün hərbi hissələrə, xüsusilə də sərhədboyu hərbi birləşmələrə nömrə 1 əmri verilib

Bütün hərbi hissələrə, xüsusilə də sərhədboyu hərbi birləşmələrə nömrə 1 əmri verilib


Ermənistan Azərbaycanın ərazisi olan Xocalıda aeroportu yaxın günlərdə istifadəyə vermək niyyətindədir. Rəsmi Bakının həmin aeroportdan qalxan və ya oraya enmək üçün gələn təyyarələri beynəlxalq hüquqa əsaslanaraq vuracağını bəyan etməsi Ermənistanın sahibi sayılan Rusiyanın öz forpostuna dəstək istiqamətində hərəkətə keçməsinə səbəb olub. Az qala hər həftə Rusiya ordusunun rəhbərliyindən hansısa generallar Ermənistana gəlirlər. Açıq görünür ki, Moskva İrəvanı geri çəkilməməyə təhrik edir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Valeri Gerasimov ötən həftə Ermənistana səfər edib. Ermənistan mətbuatının xəbərlərinə görə, iki gün ərzində - fevralın 14-15-də V.Gerasimovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi arasında regional və beynəlxalq təhlükəsizlik, həmçinin ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri ilə bağlı danışıqlar aparılıb. V.Gerasimovun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Ermənistandakı 102-ci bazaya baş çəkib.

Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Ermənistana səfər edib. Bu səfər zamanı Ermənistanla Rusiya arasında hərbi-texniki, habelə birgə silah və hərbi texnika istehsalı sahəsində danışıqlar aparılıb. Eyni zamanda 102-ci bazanın silahlı qüvvələrinin Ermənistan sərhədləri boyu yenidən dislokasiyası müzakirə edilib. Xəbərlərə görə, 102-ci bazanın qüvvələrinin bir hissəsi artıq Ermənistanın Azərbaycanla sərhədləri boyunca yerləşdirilib.

Bir neçə gün əvvəl 102-ci bazanın tank batalyonunun və xüsusi təyinatlılarının dağlıq ərazilərdə yerləşən poliqonda təlimi başlayıb. Hazırda Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti boyu gərginlik artmaqdadır. Həmçinin Ermənistanla sərhəd Qazax-Tovuz istiqamətində erməni qüvvələrinin fəallaşdığı müşahidə olunur.

Azərbaycan Müdafiə Nazirliyinə yaxın qaynaqların yaydıqları xəbərlərə görə, həmin istiqamətdə Ermənistan ordusu öz mövqelərini irəli çəkməyə çalışır və bu məqsədlə istehkam işləri görür. Azərbaycan ordusu isə bu cəhdlərin qarşısını alır. Təmas xəttinin həmin istiqamətinə Azərbaycan ordusunun əlavə qüvvələr cəmləşdirdiyi bildirilir.

Yaranmış vəziyyətdə müharibə ehtimalının real olduğundan danışan Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi ki, Xocalı aeroportu məsələsi Rusiyanın təhriki ilə süni yaradılmış problemdir: “Moskvanın Azərbaycandan çox ciddi gözləntiləri var. O gözləntilər reallaşmadıqca, fikir verirsinizsə, psixoloji basqılar, Ermənistana Rusiya ordusunun rəhbərliyinin səfərləri artan xətlə davam edir. Bütün bunlar psixoloji basqıdır ki, Azərbaycan geri çəkilsin və Kremlin şərtlərini qəbul eləsin. Xocalı aeroportuna Ermənistandan təyyarənin enməsi savaşın başlanmasına səbəbi ola bilər. Bu əməliyyat yerinə yetirilərsə, bu, artıq savaşın başlanması deməkdir. Bu savaş olarsa, Ermənistanın Qarabağdakı bütün qoşunları Azərbaycan ordusunun ayağı altında qalacaq. Bu, birmənalıdır. Mən hesab edirəm ki, Rusiya da buna əmindir. Əgər regionda Qarabağ müharibəsi böyük mənada qızışarsa, bu məsələ təkcə Dağlıq Qarabağ məsələsi ilə məhdudlaşmayacaq. Bu savaş dərhal İran ərazisinə sıçrayacaq. İsrail də belə bir vəziyyətin meydana gəlməsində çoxdan maraqlıdır. Odur ki, Qarabağ müharibəsinin alovlanması regionda böyük bir savaşın çıxması deməkdir. Bütün bunları Rusiya bilməmiş deyil, sadəcə olaraq, indiki formada süni gərginliyi yaratmaqla Suriya məsələsində ABŞ-ın geri çəkilməsini, yaxud da Rusiyanın maraqlarının təmin olunmasını istəyir. Ancaq hesab edirəm ki, yuxarıda dediyim formada savaş çıxarsa, Rusiya bu yükü qaldıra bilməz. Çünki bu müharibənin alovlanması ABŞ-ın strategiyasındakı qırmızı xəttə toxunmuş olacaq ki, bundan sonra ciddi cəza mexanizmləri hərəkətə keçəcək. Bu mexanizmlər isə Rusiyanı həm siyasi, həm də iqtisadi yöndə təlatümlərə gətirib çıxara bilər”.

N.Miri Azərbaycanın müharibəyə hazır olmasından danışarkən qeyd etdi ki, bir çox məxfi informasiyalar var, onların açıqlanması kəşfiyyat nöqteyi-nəzərindən doğru deyil: “Ancaq bilin ki, bütün hərbi hissələrə, xüsusilə də sərhədboyu hərbi birləşmələrə nömrə 1 əmri verilib. İstənilən an Azərbaycan ordusu hərəkətə keçmək vəziyyətindədir. Bu yöndə təkcə Azərbaycan ordusu deyil, Türkiyə və Azərbaycanın digər strateji müttəfiqləri də bilgiləndirilib. Yəni Azərbaycan böyük savaşa hazırdır. Rusiya həqiqətən də Azərbaycanın əsəblərini, Ermənistandan güclü olub-olmadığını yoxlamaq istəyirsə, Azərbaycan ordusu tərəfindən ciddi cavabın verildiyini görəcək”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev də deyib ki, ordumuz bütün situasiyalara tam hazırdır. Hərbi ekspert Üzeyir Cəfərov isə bildirdi ki, Azərbaycan Ermənistanla müharibə etmək fikrində deyil. Azərbaycanın yeganə istəyi öz ərazilərini işğaldan azad etməkdir. Ü.Cəfərov da hesab edir ki, Azərbaycan suveren hüququndan istifadə edib işğalçıya qarşı güc tətbiq etsə, ATƏT-in Minsk Qrupuna üzv olan Rusiya Azərbaycanın üzərinə gələrsə, bu, regionda çox gərgin vəziyyət yarada bilər.

Etibar SEYİDAĞA

Geri dön