Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > ATƏT sədri: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan irəliləyişi alqışlayıram
ATƏT sədri: Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan irəliləyişi alqışlayıram |
ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun müsahibəsi
- Regiona səfəriniz çərçivəsində İrəvanda və Bakıda görüşlər keçirdiniz. Cənab nazir, regiondakı vəziyyəti necə dəyərləndirirsiniz? - Yerdəki siyasi və təhlükəsizlik vəziyyəti sabit görünməklə yanaşı, bəzən həssas olacaq qədər çox dinamikdir. Buna görə də biz onu yaxından izləməyə davam edəcəyik. Bunu söyləməklə və qarşıda duran mühüm çağırışlara baxmayaraq, mən ehtiyatlı nikbinliyə malikəm və davamlı sülhün gətirəcəyi imkanların fərqindəyəm. Sərhədin delimitasiyası ilə bağlı irəliləyiş var, bu da Ermənistan və Azərbaycan arasında mümkün sülh sazişinə doğru addımlar deməkdir. Bununla belə, davamlı, uzunmüddətli nizamlanma hər iki tərəfdən əhəmiyyətli kompromis və kifayət qədər siyasi iradə, eyni zamanda, cəmiyyətdə cəsarətli addımların və praqmatizmin zəruri olduğunu başa düşməyi tələb etməyə davam edir. Davamlı sülhə nail olmaq üçün bizə bərabər əsasda daimi dialoq və praqmatizm lazımdır. Həmçinin aydındır ki, davamlı və dayanıqlı nizamlanma beynəlxalq ictimaiyyətin fəal, bir-birini tamamlayan dəstəyi və cəlb olunması ilə daha da möhkəmlənəcək. Bu baxımdan, ATƏT-in hərtərəfli alətləri və onilliklərə dayanan təcrübəsi ilə biz sülh, təhlükəsizlik və sabitlik naminə azərbaycanlıların və ermənilərin səylərinə kömək etməyə və onları tamamlamağa hazırıq. Bakıda Azərbaycan xarici işlər naziri ilə birgə təşkil olunan mətbuat konfransında qeyd etdiniz ki, ATƏT tərəflərin ikitərəfli səviyyədə danışıqlara üstünlük verdiyinin fərqindədir. Həqiqətən də bu, nadir haldır, belə ki, həmişə vasitəçi rolunda olan təşkilat ikitərəfli danışıqlara öz dəstəyini bildirir… - Mənim mesajım sadədir: mən Ermənistan və Azərbaycanı hərtərəfli və inklüziv dialoq vasitəsilə ikitərəfli münasibətlərini normallaşdırmaq səylərində fəal şəkildə dəstəkləmək istəyirəm. Hansı ki, bu, onların tutduğu yoldur və mümkün olduqca beynəlxalq tərəfdaşlar tərəfindən müşayiət olunmalıdır. Sülh danışıqlarında artan xətt diqqətəlayiqdir, onun davam etdirilməsi vacibdir və ATƏT bu məqsədə yönəlmiş həm ikitərəfli, həm də çoxtərəfli səyləri dəstəkləməyə tam sadiqdir. Diplomatiyanı izləmək və dinc vasitələrdən istifadə etmək ATƏT-in fundamental prinsiplərinə və öhdəliklərinə uyğun davamlı həllin təmin edilməsi üçün yeganə əlverişli yol olaraq qalır. Hazırkı sədr kimi Malta ATƏT-in daha geniş çərçivəsi ilə yanaşı, yaxşı ofislərimizi və kommunikasiya kanallarımızı təklif etməyə hazırdır. Platformamız Cənubi Qafqazda sülhün inkişaf etdirilməsi və regional əməkdaşlığın təşviq edilməsində aydın maraqdan irəli gələn unikal mövqedədir. - Cənab Borq, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesində son inkişafı “dəyərli addım” kimi səciyyələndirdiniz. Beynəlxalq ictimaiyyət də prosesi alqışlayır, amma digər tərəfdən, Ermənistanda müəyyən qrupların prosesə zərbə vurmağa çalışdığı müşahidə olunur... Bəs, beynəlxalq ictimaiyyət prosesi necə təşviq edə bilər? - Mən mühüm bir təşkilatın, ATƏT-in nümayəndəsi kimi sərhədlərin delimitasiyası ilə bağlı əldə olunan irəliləyişi alqışlayıram. Mən bu prosesin konstruktiv və mənalı davamı üçün dəstəyimizi açıq şəkildə bildirdim. ATƏT-in fəaliyyətdə olan sədri və Maltanın xarici işlər naziri kimi hesab edirəm ki, diplomatiya yolu ilə getməkdən başqa alternativ yoxdur. - Cənab nazir, siz qeyd etdiniz ki, Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh ATƏT üçün əsas prioritet olaraq qalır. Bununla belə, Azərbaycan rəhbərliyi həmişə ATƏT-in, xüsusən də Minsk qrupunun son 30 ildə rolunun səmərəsiz olması ilə bağlı öz narazılığını bildirir… - Bu səfər zamanı diqqətim irəliyə doğru baxmağa və qarşıda aydın bir yol olduğunu vurğulamağa yönəlmişdi. Bizim öhdəliyimiz güclü olaraq qalır və biz davamlı sülhə doğru irəliləmək üçün dialoqun və anlaşmanın asanlaşdırılmasına sadiqik. ATƏT münaqişənin təsirinə məruz qalan bütün qadınlar, kişilər, uşaqlar və qocalar üçün onun nəticələrinin həlli ilə yanaşı, həm də razılaşmaların irəliləyişinə və həyata keçirilməsinə kömək etməyə hazırdır. - Sualın davamı olaraq, ümumilikdə belə bir fikir var ki, Avropanın ən böyük təhlükəsizlik təşkilatı əvvəlki kimi effektiv deyil, onun vasitəçilik mexanizmi işləmir, üzvləri təşkilat daxilində öhdəliklərinə hörmət etmirlər. Bu yanaşmalara cavabınız nə olardı? - ATƏT etimadın möhkəmləndirilməsi tədbirlərini asanlaşdırmaq, davamlı sülhü təşviq etmək və mümkün olduqda münaqişədən təsirlənmiş insanlar üçün nəticələr əldə etmək istiqamətində öz mandatını, təcrübəsini və mütəxəssis bacarıqlarını tətbiq etməyə davam edir. Bununla belə, icazənizlə açıq deyim: təşkilat yalnız üzvlərinin icazə verdiyi qədər güclüdür. ATƏT kimi konsensusa əsaslanan təşkilata gəldikdə, bu, daha doğrudur. Deməli belə olan halda söhbət alətlərin effektivliyindən getmir. Söhbət məsuliyyəti öz üzərinə götürmək, siyasi qətiyyət və işi yoxuşa sürməmək istəyindən gedir. Təkcə bizim təşkilatımız bu çətinliklərlə üzləşmir. Hamısı olmasa da, çoxtərəfli qurumlar bir çox bu gün kifayət qədər təzyiq altındadır. Bununla belə, ATƏT-in özünəməxsus xarakteri o deməkdir ki, o, özünəməxsus problemlərlə üzləşir, nəinki sağlam maliyyə bazası yaradır. Biz bu narahatlıqları tam olaraq qəbul edirik və onlara layiq olduqları səy və peşəkarlıqla cavab verməyə sadiqik. - Sonuncu sualım ATƏT-in Vahid Büdcəsi ilə bağlıdır. Bu məsələdə konsensus üzrə hər hansı inkişaf varmı? - Vahid Büdcə ilə bağlı danışıqlar hələ də davam edir. Önümüzdəki həftələrdə biz bütün 57 iştirakçı dövlətin bu əsas institusional qərar üzrə konsensusa nail olması üçün lazımi siyasi iradə və çeviklik nümayiş etdirməsinin zəruriliyini vurğulamağa davam edəcəyik. Etimadın yaradılmasında ilk kərpici qoymaq və bu təşkilatı qətiyyətli bir şəkildə daha dayanıqlı, effektiv və möhkəm gələcəyə aparan bir xəttə - yola salmaq hər birimizdən asılıdır. Geri dön |