Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Əhmədinejadın və ya bir başqasının olması da məsələnin mahiyyətinə heç bir təsir etməyəcək
Fərəc Quliyev:Əhmədinejadın və ya bir başqasının olması da məsələnin mahiyyətinə heç bir təsir etməyəcək |
İranda növbədənkənar prezident seçkilərində iştirak etmək istəyən şəxslərin müraciətləri davam edir. Ümumilikdə ötən müddətdə Daxili İşlər Nazirliyinə 80 nəfər müraciət edib, onlardan yalnız 17 nəfəri qeydiyyat tələblərinə cavab verdiyi üçün sənədləri qəbul olunub.
İbrahim Rəisi hökumətində mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili, parlamentin deputatı Hüseyn Əli Qasımzadə, Şəhid Vəqfinin keçmiş rəhbəri Məsud Zəribafan, siyasətçi Hüseyn Əfşarzadə prezidentliyə namizədlik üçün sənədlərini təqdim edib. Bu gün keçmiş prezident Mahmud Əhmədinejad da namizəd kimi sənədlərini təqdim edib. Ötən gün isə İranın Ali Rəhbərinin Aparatının tanınmış və sirli siması, Seyid Vəhid ləqəbli Vahid Haqqaniyan prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib. Prezident seçkilərində ilk qadın iddiaçı da dünən müraciət edən mühafizəkar siyasətçi, deputat və Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Zəhra Elahiyan olub. Elahiyan 2008-2012 və 2020-2024-cü illərdə İran parlamentinin deputatı olub, mühafizəkar qanadda təmsil olunur. Qeyd edək ki, bugünə qədər müraciət edənlərdən Məhəmmədrza Səbbağiyan, Abbas Moqtədai, İslahatçı cəbhəyə aid Demokratik Partiyanın baş katibi Mustafa Kavakebiyan, Qodrətəli Heşmətiyan və Səid Cəlili, Əli Laricani, Mahmud Əhmədi Biğəş, keçmiş deputat Məhəmməd Xoşçehra, Mərkəzi Bankın keçmiş rəhbəri və prezidentliyə keçmiş namizəd, islahatçı qanaddan olan əslən azərbaycanlı Əbdülnasir Hemmati, Seyid Əhməd Rəsulnejad, Tehranın meri Əlirza Zakani, din xadimi (hələlik yeganı ruhani) Seyyid Məhəmmədreza Mirtacəddini və başqaları var. Bəzi təhlilçilər mühafizəkar xəttin təmsilçisi kimi tanınan sabiq prezident Əhmədinedatın şansını yüksək qiymətləndirir. Bu barədə bizim ekspertlər nə düşünür? Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranda seçkilərdə kimi seçkiyə buraxırlarsa, əvvəldən müəyyənləşir: “Xalq bunu müəyyənləşdirmir. Seçkiyə buraxılan adamları da ali dini liderin yanında olan qurum müəyyənləşdirir və o adamların içərisində də kimin seçilməsində fərq olmur. Çünki o xətti qoruyurlar. Təbii ki, mühafizəkarlardan olan Əhmədinejadın da namizədliyi realdır. Amma kim iş başına gəlirsə-gəlsin, İranın mahiyyəti dəyişməyəcək. İranda adamları dəyişməklə, ordakı şəraiti dəyişmək mümkün deyil. Rejim dəyişilməlidir, bu da milli iradəyə, xalqın iradəsinə bağlıdır. Hətta mən düşünürəm ki, İranda forma dəyişsə belə, bunun Azərbaycanın milli çoxluğuna heç bir təsiri olmayacaq. Çünki dünyada çox ölkələr istəyir ki, İranda rejimi özlərinə uyğun münasibət saxlayan formada dəyişsinlər. İran parçalanmasın və orda milli zülüm davam etsin. Azərbaycan çoxluğu üçün Güney Azərbaycanın müstəqilliyə qovuşmasından başqa yol yoxdur. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəf isə İranda islahatların ciddi şəkildə, dünyanın hər yerində qəbul olunmuş mütərəqqi dəyərlərin üstün vəziyyətə gətirilməsi hesab olunursa, bu rejim durduqca mümkün deyil etmək. O namizədlərin 17 - ni də özləri müəyyənləşdirirlər. Onlara münasib olmayanları seçkiyə belə buraxmırlar. O adamları buraxırlar ki, hansı seçilsə fərq etməsin. Eyni zamanda burda ali dini lider prezidentdən üstün vəziyyətdədir. Əsas güc strukturları da onun əlində olur. Yalnız texniki işləri prezident görür. Ona görə də bu seçkilərdən də, ordakı adamlardan da heç nə gözləmək mümkün deyil. Seçkilərdə də hansısa vəd vermək, yenilik təklif etmək formal xarakter daşıyacaq. Orada artıq Əhmədinejatın və ya bir başqasının olması da məsələnin mahiyyətinə heç bir təsir etməyəcək”. Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com Geri dön |