Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Azərbaycan kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir

Azərbaycan kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirir


Parisdə keçirilən 50-ci beynəlxalq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün Fransada səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bu ölkənin süd istehsalı və emalı sahəsində ixtisaslaşan «Lactalis» şirkətinin icraçı direktoru Mişel Nalet ilə görüşüb.

Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanda süd istehsalının artırılması və süd emalının təşkili sahəsində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Konkret əməkdaşlıq istiqamətlərinin araşdırılması məqsədilə İ.Abasov şirkətin nümayəndələrini Azərbaycana dəvət edib.

İ.Abasovun Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baş direktoru Bernard Vallat ilə görüşündə Azərbaycanda baytarlıq haqqında qanunun və mövcud olan müvafiq normativ-hüquqi aktların bu təşkilatın tələblərinə uyğunlaşdırılması məsələləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanda idman atlarının beynəlxalq yarışlarda iştirak etməsi üçün tələb olunan normalara yenidən baxılması və bu sahədə birgə əməkdaşlıq imkanları müzakirə edilib. Bu istiqamətdə təşkilat əməli dəstək göstərilməsi məqsədilə Azərbaycana mütəxəssislərin göndərilməsi barədə ümumi razılıq əldə olunub.

Həmçinin, İ.Abasov Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş katibi Rinqolds Arnitis ilə görüşüb. Görüşdə Azərbaycan ilə bu təşkilat arasında ümumi əməkdaşlığın vəziyyətindən məmnunluq ifadə olunub və bu kontekstdə 2011-ci ildə Bakı şəhərində yüksək səviyyədə təşkil edilmiş EPPO-nun Avropa regionuna daxil olan üzv ölkələrinin toplantısının təşkilatla səmərəli əməkdaşlığın göstəricisi kimi vurğulanıb. Görüşdə Azərbaycanın bitki mühafizəsi və fitosanitariya sahəsində imkanlarının gücləndirilməsi məqsədilə EPPO ilə birgə fəaliyyət və layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Beynəlxalq Üzüm və Şərab Təşkilatının (BÜŞT) baş direktoru Federiko Kastelluççi ilə görüşdə Azərbaycanın bu təşkilata hazırda üzvolma prosesinə dair fikir mübadiləsi aparılıb. Baş direktor təşkilatın 2013-cü ilin iyun ayında üzv ölkələrin iştirakı ilə keçiriləcək toplantısında Azərbaycanın BÜŞT-ə rəsmən üzv kimi qəbul olunacağını bildirib. Bununla yanaşı, təşkilatın rəhbəri Azərbaycan şərablarının keyfiyyətindən məmnunluğunu ifadə edərək bu şərabların keyfiyyətinin və ixrac qabiliyyətinin artırılması məqsədilə beynəlxalq standartların Azərbaycanda daha geniş tətbiqinə nail olmaq üçün təşkilatla sıx əməkdaşlığın vacibliyini qeyd edib. Bununla yanaşı, 2012-ci ildə Azərbaycanda keçirilmiş 1-ci şərab festivalı və bu il keçirilməsi planlaşdırılan 2-ci şərab festivalının Azərbaycanın üzüm və şərab sahələrinin inkişafına böyük önəm verdiyinin göstəricisi kimi qiymətləndirilib.

Geri dön