Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > El adətinə xor baxan göz kor olar...
El adətinə xor baxan göz kor olar... |
Hər bir xalqın özünəməxsus dəyərləri var. Bu faktor Azərbaycan üçün daha keçərlidir. Müasir dünyada folklorda qalmış hesab edilən xüsusiyyətlər əslində xalqın iliyinə-qanına hopmuş yaşam tərzidir. Təbii ki, heç bir fərd damarlarında axan qandan qaça bilməz.
Hələ söhbət Azərbaycandan gedirsə... Azərbaycan mədəniyyətində ailə kültürü, valideyn faktoru və keçmişə sadiqlik mühüm rol oynayır. Bir Türk kişisi üçün bu dəyərlər nədən ibarətdir? Gəlin, diqqət edək. Ən birincisi Ana və Vətən! Türk bu iki məfhumu eyniləşdirib, uğrunda canından keçər. Qadını-namusu və şərəfidir. Adıdır. Övladı-gələcəyi, güvənc yeridir. Bəs əsrlərlə bir xalqı var edən adətlər bir nəsildən digərinə necə ötürülür? Əsl məqam da burdadır. Anasına, Vətəninə, qadını və ya kişisinə, övladına bağlı olan hər bir vətəndaş əslində “öz”ündə bir dəyər daşıyır. Və bunu gələcəyə ötürür. Azərbaycanın adət-ənənələri bəşəriyyətə örnək ola biləcək şəkildədir. İstər yaşam tərziylə, istər qidalanma sistemi, istərsə də keçmişdən günümüzə əks olunan bu dəyərlər kifayət qədər Azərbaycan mədəniyyətini təmsil edir. Dünyanın abır pərdəsini itirdiyi bir zamanda buna doğrudan ehtiyac var. Belə bir deyim var: “Ən yaxşı yeni yaxşı unudulmuş köhnədir”. Günümüzdə doğrudan da bəzi şeyləri çox yaxşı unuduruq. Ya da unutmaq istəyirik. Bu bir yana qalsın, bəzən həddimizi aşıb “geridə qalmışlıq” deyə ələ salırıq. Halbuki bütün olanımızın əslində bu bəyənmədiklərimiz olduğunun fərqindəyikmi? İllər ötəndən sonra keçmiş dediyimiz o keçənlərin içərisində ailə tərbiyəmizin də olduğundan xəbərimiz varmı? Bəzilərimiz təəssüf ki, Avropanın bizə sırıdığı cazibədar, gözümüzü qamaşdıran, əndrəbadi adətlərinin işığına özümüzü elə çırpırıq ki, sahib olduqlarımızı xatırlamağa vaxtımız qalmır. Mətbu orqanların birində dünən toyu olan bir jurnalistin öz köşəsində “məcbur olub dözdüyü” toy adətlərimizi ələ saldığını oxumuşdum və bu məni çox ağrıtmışdı. Bəşəriyyətin Türkün mədəniyyətinə, adət-ənənələrinə baş əydiyini bu qızcığaz biilmirdimi ki, öz mübhəmini belə ortaya sərib ələ salmaqdan çəkinmirdi?! Bir misal çəkək. Bəzilərimizin hətta mənim də zaman-zaman “nəyə lazımdır” dediyim bir adətdən danışaq. Nişan mərasimi. Görün, bu qədim Türk adəti nələrə qadirdir? Nişanlılıq dönəmində bir-birlərini yaxşı tanıyan cütlük bəzən yolun yarısından da qayıda bilir. Ailələrin bir-birini tanımağı, onların icazəsi ilə gənclərin hər iki ailənin diqqəti altında müəyyən zaman kəsiyində bir-birlərini tanımağı çox gözəldir. Artıq nişanlı olduğunu bilən gənc, diqqət mərkəzində olduğunu bilir və hər hansı bir səhv addıma yol verməmişdən əvvəl yüz ölçüb-bir biçir. Bunun əksini düşünün. Ailələrin bilmədiyi bir münasibət nələrə yol açar, bunu siz təxmin edin. Məncə bu, ən ideal bir misaldır. (Baş redaktorun izahı) Bunun nəyi pisdir ki, biz gücümüz çatdığı qədər bunlardan qaçmağa, uzaqlaşmağa çalışırıq? Göstərin bir Avropa dəyərini ki, orda Anaya səcdə olsun? Adətlərində abır olsun? Yoxdu, olsa da barmaqla sayılası qədərdir. Azərbaycan adətlərində mübhəmlik var. Heç kimə də sirr deyil ki, gizlilik olan yerdə abır var, uzunömürlülük var. Bunları qabardıb, adiləşdirmək, əlçatmazın gözəl olduğunu bildiyimiz halda dəyərsiz şeylərin ardınca qaçmaq bizim işimiz deyil, məncə. Bilirsinizmi, biz onsuz da dünya ictimaiyyətinin önündə gözüqıpığıq. Qarabağ məsələsi elə ya belə şəkildə bizim üzqaramızdır. Bu yetməzmiş kimi bir də bülbülün səsini yamsılayıb öz səsini unudan qarğalara dönmüşük. Avropa mədəniyyəti bizdən öyrənib. Bu, həqiqətdir. Sadəcə bizdən alıb özümüzə təqdim edir. Sovet imperiyasının 70 il Azərbaycanın başına açdığı tərs dəyirman oyunu kimi. Heç kimə sirr deyil, bizim xammallar heç bir təbii sərvəti olmayan Sovet ölkələrinə daşınıb, orda istehsal olunub, yenidən özümüzə qaytarılırdı. Yəni bizim pulumuzla rus fəhləsi çörək yeyirdi. Biz də iştahla həzm edirdik. Olmazdımı, o fabrik, zavodlar Gəncədə, Şəmkirdə, Salyanda, Mingəçevirdə nə bilim bu gün daşı-torpağı qızıl olan Kəlbəcərdə, Gədəbəydə qurulaydı?! Olmazdı, çünki rus ağa bu dərəyə sürdürürdü. Mövzudan uzaqlaşsam da, demək istədiyim bu oyunlara daha təkmilləşmiş şəkildə alət olmağımızdır. İndi də Avropanın oyuncağıyıq. Və Avropa, Amerika mərdliyə işləməyən başlarıyla rəhmətlik Cavidin dediyi kimi, döyüşdə yox, siyasətdə uduzan türkləri aldadır. “Türk ordusu daim basaraq ölkələr almış, Lakin sonunda siyasətdə yenilmiş də bunalmış...” Mənə elə gəlir, adət-ənənələrimizin unudulmamasında mətbu orqanlar ən çox da televiziya mühüm rol oynamalıdır. Hələ folklor institunu, Elmlər Akademiyasını demirəm. Akademik Afad Qurbanov zamanında bu istiqamətdə önəmli araşdırmalara imza atmışdır. O, adlardan tutmuş, ən uzaq kəndlərdən ən yaşlı adamların dilində qalmış atalar sözlərini, bayatıları, hətta ninniləri belə toplayıb kitablar nəşr etdirmişdir. Adət-ənənələrin mahiyyətini tədris proqramlarına salmış, özündən sonra qalaq-qalaq kitabları bizə buraxmışdır. Televiziya dəyərlərdən çoz uzaqlaşıb. Onun Azərbaycan mədəniyyətinə xidmət etməsindən söhbət belə gedə bilməz. Getdikcə bayağılaşan, cılızlaşan telesistem bundan başqa hər şeyə xidmət edir. Bu, dəhşətlidir. Çünki, yetkinləşməmiş beyinlərə televiziyanın yazdıqları “düzü budur” prinsipilə yazılır ki, bu da bayağı təbliğatın aparılmasında ən təhlükəli məqamdır. Məncə bu barədə məsələ qaldırılmalıdır və təkcə aidiyyəti orqanlar deyil, hamılıqla adət-ənənələrin müdafiəsinə qalxmalıyıq. Ki, xor gördüyümüz bu dəyərlər bizim millət olduğumuzun pasportudur! Geri dön |