Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İflic olmuş təşkilatın yararsız Qarabağ vasitəçiliyi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İflic olmuş təşkilatın yararsız Qarabağ vasitəçiliyi

İflic olmuş təşkilatın yararsız Qarabağ vasitəçiliyi


Nazirlər həmsədrlərlə görüşmək üçün yenə Parisə baş çəkdilər, ancaq danışıqlar özü yox, “danışıqlara başlamaq barədə danışıqlar” gedir
ATƏT-in son 10 ildə münaqişəyə dair bir-birini təkrarlayan rəsmi bəyanatlarından seçmələr


Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə etmək üçün növbəti dəfə Parisə baş çəkiblər. Ancaq bu dəfə ayrı-ayrılıqda və bir günlük aralıqla.

Xəbərlərdən məlum olduğu kimi, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ötən şənbə günü, martın 2-də Fransa paytaxtına səfər edərək həmsədrlər Jak For (Fransa), İqor Popov (Rusiya) və Yan Kelli (ABŞ) ilə müzakirələr aparıb. Azərbaycan XİN-in yaydığı məlumata əsasən, görüşdə münaqişə ətrafında situasiyanın gərginləşməsi ilə bağlı narahatlıq ifadə olunub. Həmsədrlər növbəti dəfə regionda status-kvonun qəbuledilməzliyini ifadə ediblər. E.Məmmədyarov isə deyib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanmasına mane olur. Onun sözlərinə görə, regionda sülhün və stabilliyin yaranması, sülh prosesinin irəli getməsi üçün Ermənistan işğal altındakı ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Ermənistan XİN isə xəbər verir ki, xarici işlər naziri Edvard Nalbəndyan dünən martın 3-də Parisə yollanıb və onun həmsədrlərlə müzakirələri gözlənilirdi.
Xatırladaq ki, nazirlər ötən ay Parisdə həmsədrlərin iştirakı ilə görüşüblər. Ancaq rəsmi Bakı bəyan etdi ki, bu görüşdə irəliləyiş olmayıb. Daha doğrusu, Ermənistan münaqişənin nizamlanmasına dair bir ildən çoxdur dayanmış danışıqlar prosesini bərpa etmək üçün Azərbaycan tərəfinin təkliflərini rədd edib. Həmsədrlər isə hansısa ideyalar təqdim etdiklərini deyirlər, lakin bu ideyalar münaqişənin həlli yollarını deyil, tərəflər arasında mövcud gərginliyi yumşaltmağa hesablanıb. Başqa sözlə, hazırkı proses danışıqların özü yox, danışıqları necə bərpa etmək barədə danışıqlardır, hansı ki, bu proses də uğursuz davam etməkdədir. Ermənistan Madrid prinsiplərinin Rusiya tərəfindən redaktə edilmiş son variantında israrlıdır, Azərbaycan isə hər üç həmsədr ölkənin birgə işlədiyi variantın əsasında danışıqlar apara biləcəyini deyir.
Bu günlərdə Qarabağ münaqişəsinin başlanmasından dörddə bir əsr keçdi və ötən il onu nizamlamaq üçün qurulan Minsk Qrupunun fəaliyyətinin 20 ili tamam oldu. 25 ildir davam edən münaqişəni 20 ildən çoxdur nizamlamağa çalışan təşkilatın - ATƏT-in fəaliyyət qabiliyyətinin tükəndiyini indi Qərbdə də çoxları təsdiq edir. ABŞ-ın Con Hopkins Universitetinin Qafqaz araşdırmaları mərkəzindən Svante Kornell də bu fikirlərlə razıdır ki, artıq indiki formatda danışıqları davam etdirməyin əhəmiyyəti yoxdur. Çünki Minsk Qrupu, ATƏT bütün imkanlarını tükədib, Ermənistanı işğaldan geri addım atmağa sövq edə biləcək rıçaqlara malik olmadığını çoxdan sübut edib. Ümumiyyətlə, ATƏT özü beynəlxalq institut kimi hazrda iflic olunmuş durumdadır və dağılma təhlükəsi yaşayır. Rusiya təşkilatın Avropada insan haqları və təhlükəsizliklə bağlı fəaliyyətini tormozlamağa çalışır və ilin əvvəlində onun illik büdcəsinə veto qoymuşdu. Deməli, ATƏT-in və onun Minsk Qrupuna həmsədrlik edən dövlətlərin Qarabağ vasitəçiliyində 20 uğursuz ildən sonra hansısa dönüş yaranacağını gözləmək sadəlövhlük olardı.
Əslində ATƏT heç güclü vaxtlarında da Qarabağ münaqişəsinə dair qətiyyətli səylər göstərə bilmədi. Məsələn, təşkilatın rəsmi saytında ATƏT-in ildə bir dəfə keçirilən Nazirlər Şurası toplantılarında Qarabağa dair qəbul edilmiş sənədlərə nəzər salanda onların əksəriyyətinin bir-birinin təkrarı olduğu, münaqişə tərəfləri arasında balans yaratmaq, yaxud işğalçının “xətrinə dəyməmək” prinsipinə söykəndiyi görünür.
Son 10 ildə ATƏT toplantılarında Qarabağa dair qəbul edilmiş rəsmi bəyanatlardan seçmələr:

ATƏT Nazirlər Şurasının 10-cu görüşü
Porto, 7 dekabr 2002-ci il

Biz tərəflər arasında intensivləşdirilmiş dialoqa və Minsk Qrupunun həmsədrlərinin fəal köməyinə baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əldə edilmədiyindən dərin təəssüf hissi keçirməkdə davam edirik. Biz bir daha təsdiq edirik ki, bu uzanmış münaqişənin təcili nizamlanması Cənubi
Qafqaz regionunda möhkəm sülh, təhlükəsizlik, sabitlik və əməkdaşlığa kömək edəcək. Biz sülh dialoqunun davam etdirilməsi vacibliyini yenidən bəyan edirik və tərəfləri münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə həll edilməsi istiqamətindəki səylərini davam etdirməyə çağırırıq. Biz, həmçinin, tərəfləri qarşılıqlı etibar və inamın möhkəmləndirilməsinə səbəb olacaq əlavə tədbirlərin nəzərdən keçirilməsinə çağırırıq.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 12-ci illik toplantısı
Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat
Sofiya, 7 dekabr 2004-cü il

Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində 2004-cü il ərzində əldə edilmiş irəliləyişləri, o cümlədən Ermənistan və Azərbaycan prezidentləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutmuş 3 görüşü alqışlayırıq. Biz eyni zamanda “Praqa prosesi” adı alan və hər iki ölkənin xarici işlər nazirlərinə münaqişənin nizamlanmasına dair bütün parametrləri nəzərdən keçirməyə imkan yaradan görüşləri dəstəkləyirik. Biz “Praqa prosesi”nin nəticələrinə əsaslanaraq qeyd edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabr ayında Astanada hər iki prezidentə münaqişənin nizamlanması üçün əsas ola biləcək təkliflər təqdim etmişik. Biz Ermənistan və Azərbaycan prezidentlərini həmin təkliflər üzərində işi davam etdirməyə çağırırıq.

ATƏT-in Nazirlər Şurasının 13-cü illik toplantısı
Minsk Qrupunun məşğul olduğu münaqişə barədə bəyanat
Lyublyana, 5-6 dekabr 2005-ci il

Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində 2005-ci il ərzində “Praqa prosesi” çərçivəsində əldə edilmiş irəliləyişləri, o cümlədən Ermənistan və Azərbaycan prezidentləri arasında Varşavada və Kazanda Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi altında keçirilən iki görüşü məmnuniyyətlə qeyd edirik. Biz hesab edirik ki, tərəflər hazırda danışıqlardan qərarların qəbul edilməsi mərhələsinə keçidin sərhədinə gəlib çatıblar və bütün tərəflər üçün məqbul həll variantına nail olmaq üçün real şanslar var. Biz Ermənistan və Azərbaycan prezidentlərini hazırda münaqişə tərəfləri qarşısında açılmış imkanlardan istifadə edərək qarşıdakı ildə münaqişənin ATƏT Minsk Qrupu çərçivəsində nizamlanmasına nail olmaq üçün əhəmiyyətli irəliləyişlərə nail olmağa çağırırıq.

ATƏT-in Nazirlər Şurasının 14-cü illik toplantısı
Dağlıq Qarabağ münaqişəsinə dair bəyanat
Brüssel, 5 dekabr 2006-cı il

ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin səyləri və ATƏT-in fəaliyyətdə olan sədrinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində 2006-cı il ərzində aparılmış danışıqlar nəticəsində tərəflərin əsas prinsiplər üzrə razılığa gəlmələri üçün daha da yaxınlaşmaları bizi ruhlandırmışdır. ...Biz Böyük Səkkizliyin (cari ilin) iyul ayında Sankt-Peterburq şəhərində keçirilmiş Sammitində Böyük Səkkizliyin liderləri tərəfindən bu səylərə ifadə edilmiş dəstəyi alqışlayırıq. ...Biz israrla inandırırıq ki, Ermənistan və Azərbaycan prezidentlərinin bu əsas prinsiplər üzərində növbəti il ərzində mümkün qədər tez yekun razılığa gəlmələri üçün göstərdikləri səyləri daha da artırmalarını israr edirik.

ATƏT Nazirlər Şurasının 15-ci illik toplantısı
Nazirlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı
Madrid, 29-30 noyabr, 2007-ci il

Biz məmnuniyyətlə qeyd edirik ki, Ermənistan və Azərbaycan gələnilki seçkilərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları davam etdirməyə razılaşıblar. Biz ATƏT-in Minsk Qrupunun vasitəçilik səylərini və münaqişənin nizamlanmasına dair tərəflərlə birgə işlənib hazırlanmış Baza Prinsiplərini dəstəkləyirik. Biz israrla hər iki tərəfi mövcud fikir ayrılıqlarını aradan qaldırmağa, bununla da nizamlamanın ümumi konsepsiyasını qəbul etməyə və hərtərəfli sülh razılaşması üzərində işə başlamağa çağırırıq.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 16-cı illik toplantısı
Minsk Qrupuna həmsədrlik edən ölkələrin birgə bəyanatı
Helsinki, 4 dekabr 2008-ci il

Biz ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Fransa, Rusiya və ABŞ-ın xarici işlər nazirləri və nazir müavinləri olaraq Dağlıq Qarabağ münaqişəsi tərəflərinə müraciət edərək bəyan edirik ki, Ermənistan və Azərbaycan prezidentlərinin 2 noyabr 2008-ci ildə Moskvada keçirilmiş görüşündə yaranmış müsbət impulsa əsaslanaraq münaqişənin nizamlanması ilə bağlı ziddiyyətləri razılaşdırsınlar. Moskva Bəyannaməsinə uyğun olaraq biz tərəflərə müraciət edirik ki, etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək üçün həmsədrlərlə işləsinlər, bizim həmsədrlərin noyabrın ortalarında regiona səfərləri zamanı tərəflərə təklif etdikləri kimi günahsız mülki şəxslərin və əsgərlərin, snayperlərin təmas xəttindən çəkilməsinə başlasınlar. Həmçinin atəşkəs rejiminin möhkəmləndirilməsi ilə bağlı həmsədrlərin, ATƏT sədrinin şəxsi nümayəndəsinin səylərini dəstəkləsinlər. Biz münaqişənin hərbi yolla heç bir həllinin mövcud olmadığı barədə qəti mövqeyimizi təkrarlayırıq və tərəflərə müraciət edirik ki, sülh danışıqlarına qayıtsınlar.

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının toplantısı
Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsi barədə birgə rəsmi açıqlaması
Afina, 29 noyabr 2009-cu il

ATƏT Nazirlər Şurasının 2007-ci il noyabrın 29-da Madriddəki toplantısı ərəfəsində ABŞ dövlət katibinin müavini Nikolas Berns, Rusiya xarici işlər naziri Sergey Lavrov və Fransa xarici işlər naziri Bernard Kuşner Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdülər. Elmar Məmmədyarov və Vardan Oskanyanla görüşlərdə məqsəd ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin tərəflərə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinə nail olmaq üçün siyasi səviyyədə dəstəyini nümayiş etdirmək idi. Görüşdə ABŞ, Fransa və Rusiya təmsilçiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bəzi Əsas Prinsipləri Azərbaycan və Ermənistan prezidentlərinə çatdırmaq üçün xarici işlər nazirlərinə təqdim etdilər.Qeyd olundu ki, ötən üç il ərzində həmsədr ölkələrin vasitəçiliyi ilə aparılan danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edilib, bununla belə bir sıra ziddiyyətlər qalmaqdadır.

ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu illik toplantısı
Minsk Qrupuna həmsədrlik edən ölkələrin birgə bəyanatı
Dublin, 6 dekabr 2012-ci il

ATƏT Nazirlər Şurasının Dublindəki toplantısı münasibətilə biz, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini sülhə nail olmaq üçün siyasi iradə göstərməyə çağırırıq. Bizim prezidentlərin 2012-ci il iyunun 18-də Los-Kabosda bəyan etdiyi kimi tərəflər Helsinki prinsiplərinə, xüsusən güc tətbiqindən və ya güc tətbiqi ilə hədələmədən imtinaya, ərazi bütövlüyünə və xalqların öz müqəddəratını təyin etmə prinsipinə, 2009-cu ildə Akvilldə, 2010-cu ildə Muskokda, 2011-ci ildə Dovilldə qəbul edilmiş birgə bəyanatlarda əksini tapmış elementlərə sadiq qalmalıdır. 2011-ci ildə prezidentlərin Dovilldəki bəyanatlarına istinad edərək, biz yenidən tərəfləri münaqişənin sülh yolu ilə nizamlanmasına nail olunması üçün qətiyyətli addımlar atmağa çağırırıq. Biz təəssüf edirik ki, 2012-ci il yanvarın 23-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatından hasil olan sülh prosesində sürətli irəliləyiş gözləntiləri həyata keçirilmədi.
...Həmsədr ölkələrin nümayəndə heyətlərinin başçıları Ermənistan və Azərbaycan XİN rəhbərlərinin 2013-cü ilin əvvəlində Minsk Qrpunun həmsədrləri ilə birlikdə münaqişənin nizamlanması yollarının müzakirəsinə hazır olmalarını alqışlayır. Bizim ölkələrimiz yenə də tərəflərə kömək etmək üçün əlindən gələni etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymağa görə məsuliyyət tərəflərin üzərinə düşür.

Fərhad MƏMMƏDOV

Geri dön