Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Rəsulzadə: “Türkiyə bizim problemlərimizi çözməyə məcbur deyil”
Rəsulzadə: “Türkiyə bizim problemlərimizi çözməyə məcbur deyil” |
Aydın Balayev
tarix elmləri doktoru 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunması, şübhəsiz ki, tarixi ədalətin bərpası və Azərbaycan türklərinin öz dövlətlərinə olan təbii hüququnun gerçəkləşdirilməsi idi. Amma bununla yanaşı qeyd etmək lazımdır ki, “Azərbaycanın müstəqillik aktının” qəbulu o zaman üçün xeyli dərəcədə deklarativ xarakter daşıyırdı. İlk növbədə bu onunla şərtləndirilirdi ki, ölkənin müstəqilliyi Azərbaycan hüdudlarından kənarda elan olunmuşdu. Və dövlət müstəqilliyinin real məzmun kəsb etməsi üçün milli hökumətin Tiflisdən ölkə hüdudlarına köçməsini təmin etmək və onun hüquqi qüvvəsini bütün Azərbaycan üzərində bərqərar etmək lazım idi. Bu baxımdan, milli hökumətin qarşısındakı ilk vəzifə ölkə paytaxtının – Bakının işğalçı bolşevik-daşnaklardan azad edilməsi idi. Təsadüfi deyil ki, 6 sentyabr 1918-ci ildə M.Ə. Rəsulzadə İstanbuldan Azərbaycan xarici işlər naziri M.Hacınskiyə yazdığı məktubda vurğulayırdı ki, “Bakı məsələsi yalnız qüvvədən asılıdır. Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan. Bu səbəbdən də, nə olursa-olsun, siz Bakını almalısınız ki, hamını baş tutmuş fakt qarşısında qoyasınız”. Müxtəlif Avropa dövlətlərinin və Rusiyanın Bakının neft yataqları üzərində nəzarətini təmin etmək cəhdləri ilə bağlı prosesləri təhlil edərkən, o, inadla Azərbaycan hökumətindən “istənilən vasitə, istənilən yolla yaxın zamanlarda Bakının azad olunmasını” tələb edirdi. Diqqətəlayiq haldır ki, o zaman İstanbulda olan M.Ə. Rəsulzadə Bakını Azərbaycan qüvvələrinin köməyilə azad etməyi israrla məsləhət görürdü, çünki Almaniya qarşısında müttəfiqlik öhdəlikləri olan Türkiyə bu məsələdə rəsmi şəkildə Azərbaycan Respublikasına hərbi dəstək göstərə bilməzdi. Bundan başqa, Almaniya Abşeronun neft yataqlarını işğal etmək niyyətində idi. Bundan irəli gələrək, M.Ə. Rəsulzadə hesab edirdi ki, “Bakı istiqamətində irəliləmə mütləq Azərbaycan hökumətinin adından olmalıdır, şəhəri Azərbaycan hökuməti azad etməlidir. Əks halda, çətinliklərin olması mümkündür”. Bu münasibətlə, o, Azərbaycan rəhbərlərini “siyasi təşəbbüs göstərməklə yanaşı, var qüvvəsi ilə hərbi işin təşkilinə çalışmağa” çağırırdı. M.Ə. Rəsulzadə 1918-ci ilin yayında Nuru Paşanın birinci dəfə Bakını azad etmək üçün Azərbaycan könüllülərini toplamaq cəhdinin iflasa uğramasından çox narahat idi, çünki Ənvər Paşanın məlumatına görə, bu çağırışa üç milyonluq Azərbaycan əhalisindən cəmi 36 nəfər hay vermişdi. Bu şəraiti nəzərə alaraq, M.Ə. Rəsulzadə “20 yaşından 25 yaşınadək” hər kəsi orduya çağıraraq, məcburi hərbi xidmətə keçməyi təklif edirdi. O, İstanbuldakı əcnəbi diplomatlarla bütün görüşlərdə, bir faktı xüsusi qeyd edirdi ki, onların hamısı söhbətə bu sualla başlayırlar: ““Ordunu təşkil etməyə başlamısınızmı?” Bu sual hamını – dostları, düşmənləri, siyasətçiləri, əhalini – hamını narahat edir. Bu sual bütün sualların başlanğıcıdır”. Bu münasibətlə o, təcili şəkildə hərbi nazirliyi təsis etməyi təklif edirdi. Amma bütün bunlar heç də o demək deyildi ki, M.Ə. Rəsulzadə türklərin hərbi yardımının əhəmiyyətini qiymətləndirmir və ya ondan ümumiyyətlə, imtina edir. Əksinə, İstanbulda olarkən M.Ə. Rəsulzadə yorulmadan Azərbaycana türklərin hərbi yardımının artırılmasına nail olmağa çalışır, dəfələrlə Osmanlı İmperiyası hökumətinin nümayəndələri qarşısında bu məsələni qaldırırdı. Amma eyni zamanda o, Azərbaycan hökumətinin üzvlərinin diqqətinə çatdırırdı ki, “bütün problemlərimizi Anadoludan gələn qoşunların köməyilə həll etmək olmaz”. Əsl vətənpərvər olan M.Ə. Rəsulzadə Azərbaycanda ölkənin müstəqilliyini müdafiə etməyə qabil güclü, müasir ordunun yaranmasını arzu edirdi. Bu səbəbdən də, Azərbaycan türkləri arasında başqasına ümid olma əhval-ruhiyyəsinə qarşı çıxış edərək, o, milli hökumətə qısa müddət ərzində ümumi hərbi mükəlləfiyyət barədə qanun yaratmağı təklif edirdi: “Qoy, çağırış başlasın, yoxsa, hər şeyi “Anadolu məhmətciyindən” (türk əsgəri nəzərdə tutulur – A.B.) gözləmək düzgün olmazdı… Əhali düşünür ki, bizim bütün problemlərimizi Anadoludan gəlmiş qoşunlar həll edir”. Bununla yanaşı, M.Ə. Rəsulzadə tam anlayırdı ki, milli silahlı qüvvələrin yaradılması zamanı ağlagəlməz çətinlikləri və əngəlləri aşmaq lazım gələcək. Axı hərbi sahə Azərbaycan türklərinin ən zəif yeri idi, çünki gürcü və ermənilərdən fərqli olaraq, onlar etibarsız ünsür kimi hərbi mükəlləfiyyətdən azad edilmişdilər. Bu səbəbdən də, gürcülər və ermənilər qısqa müddət ərzində öz döyüşçülərini milli komanda tərkibi olan hazır milli hissələrə çevirə bildikləri halda, Azərbaycan türkləri yaxşı təlim görməmiş könüllülərlə kifayətlənməli olurdular. Beləliklə, Azərbaycanın müstəqilliyi elan olunduğu anda milli hökumətin azərbaycanlılardan ibarət çoxsaylı zabit kadrı yox idi. Bununla belə, hətta bu cür əlverişsiz şərtlərdə belə, Azərbaycan hökuməti milli silahlı qüvvələrin onurğa sütununu yarada bildi. Şübhəsiz ki, ADR liderləri o qədər sadəlövh deyildilər iki ildən az vaxt ərzində bütün müasir tələblərə cavab verən döyüşqabiliyyətli ordu yaradacaqlarına ümid etsinlər. Özü də onilliklər boyu hərbi işdən kənarda saxlanan əhali ilə. Bununla belə, çoxsaylı çətinliklərə və ilk növbədə, maddi vəsaitin və peşəkar hərbi kadrların çatışmazlığına rəğmən, nisbətən qısa zaman ərzində Azərbaycan hərbi qüvvələrinin quruculuğu işində əhəmiyyətli uğurlara nail ola bildilər. Azərbaycan ordusunun 1920-ci ilin yazında Əsgəran ətrafında daşnak qiyamçıları üzərində parlaq qələbəsi buna sübutdur. Bu münasibətlə qeyd etmək lazımdır ki, XX əsrin 80-ci illərinin sonları- 90-cı illərin əvvəllərində Azərbaycan-Ermənistan hərbi münaqişəsinin gedişində çoxsaylı cəhdlərə baxmayaraq, Azərbaycan qüvvələri Əsgəranı ala bilmədilər. Həmin vaxtın Azərbaycan ordusu haqqında danışarkən, onu da unutmaq lazım deyil ki, məhz milli qoşun hissələrinin əsgər və zabitləri bolşevik üsyançılarına qarşı Gəncə və Qarabağ üsyanlarında aparıcı rol oynamışdılar. Bu baxımdan, 26 iyun 1918-ci il – müstəqil Azərbaycan korpusunun yarandığı gündür və bu, Azərbaycanın yeni tarixindəki ən şərəfli tarixlərdən biridir. Geri dön |