Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ustad Həbib Sahir Güney Azərbaycanda müasir Türk ədəbiyyatının görkəmli xadimiidi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Mədəniyyət, Güney Azərbaycan-Təbriz > Ustad Həbib Sahir Güney Azərbaycanda müasir Türk ədəbiyyatının görkəmli xadimiidi

Ustad Həbib Sahir Güney Azərbaycanda müasir Türk ədəbiyyatının görkəmli xadimiidi



Həbib Sahir; Türk dünyasına onlarla dahi, sənət adamı , dövlət xadimi, sərkərdə bəxş edən Təbriz 19-20-ci yüzillərdə ağır günlərinin keçirsə də 1903-cü ildə Həbib Sahir kimi istedadlı bir şairi də bəxş etdi.

Kiçik Həbib gözünü açıb dünyanı dərk etmək istəyəndə doğma yurdunu döyüş meydanı kimi gördü. Konstitusiya tərəfdarlarına divan tutulurdu. Xalq ayağa qalxmışdı. İrticaçılara qarşı baş qaldıran etiraz hərəkatına Səttərxan və Bağırxan kimi cəsur insanlar rəhbərlik edirdi. Şəhərin küçələri döyüş meydanını xatırladırdı. 5 yaşlı Həbibin gözü qarşısında Səttərxan kiçik dəstəsiylə evlərin üzərindəki təslimçilik əlaməti olan ağ bayraqları vurub yerə sərirdi. 9 yaşında isə Təbriz mücahidlərinə Tehranda divan tutulduğunu, xalqın Sərdarimilli adlandırdığı Səttərxanın yaralandığını və iki il sonra haqqa qovuşduğunu eşidir.

Atasını çox erkən itirən Həbib ilk təhsilini mollaxanada alıb. Təhsildə yaşıdlarından fərqlənir. Ədəbiyyata daha çox maraq göstərir. 17 yaşında isə o, Təbrizdə Şeyx Məhəmməd Xiyabanının qurduğu qısa ömürlü Azadıstan hökumətinin qan içində boğuşduğunun şahidi olur. Başa düşür ki, azadlıq mübarizəsi yalnız silahlı müqavimətlə uğur qazana bilməz. Bunun üçün xalqın savadlanması, duyagörüşünün formalaşması da vacibdir. Odur ki, özünün savadlanması qayğısına qalmaqla yanaşı xalqının maariflənməsi üçün də əlindən gələni əsirgəmir.

İstanbul Universitetində tarix və coğrafiya fakültəsini bitirdikdən sonra Azərbaycana qayıdır. Türk və fransız şeirilə yaxından tanış olan Həbib Sahir İrana döndükdən sonra Rüfətlə yaxından tanış olur və özünü onun şagirdi hesab edir.

Azərbaycanın istedadlı şairi Tağı Rüfət Fransada təhsil almış və çağdaş fransız şerini örnək götürərək, şerdə yeniliyi, çağdaşlığı və sərbəstliyi müdafiə edirdi. O, fransız poeziyasına dayanaraq, fars dilində sərbəst şerlər yazırdı. Bu gün çağdaş və sərbəst fars poeziyasının atası sayılan Nima Yüşic (Əli İsfəndiyari) Tağı Rüfətdən bir neçə il sonra sərbəst şer yazmağa başlayıb. İranda sərbəst şeirin əsaslarını qoyan, ədəbiyyata Avropa metodlarını gətirən Tağı Rüfət ilə dostluq Həbib Sahiri İranda yenilikçi hərəkatın öncüllərindən birinə çevrir. O, Lamartinin məşhur "Göl" poemasını Azərbaycan Türkcəsinə tərcümə edir.

Gənc Həbib sərbəst şeri əvvəllər ustadı Rüfət kimi farsca yazmağa başlamışdır. Amma onun bu yabançı dildə yazmağı çox çəkmir. Tağı Rüfət millətimizə qarşı edilən zülmlərə, ədalətsizliyə və həqarətə dözməyərək intihar etmişdi.

S.C.Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökumətinin apardığı islahatlar və həyata keçirdiyi tədbirlər Həbib Sahirə güclü təsir göstərir. O, bütün gücü ilə ana dilində yazıb-yaratmaqla yanaşı, yad dillərə yazanlara qarşı mübarizəyə başlayır. Ona görə də farsca yazan bir sıra Azərbaycan şairlərini kəskin tənqid edərək deyirdi:


Yada qul ol

Dərdə alış

Farsca danış...

Əsirliyi, dərvişliyi

Təlqin elə uşaqlara

İnansınlar türrahata...

Milli hökumət Tehran ağalarının qanlı əlləri ilə süquta yetirildikdən sonra o, müəllim işlədiyi məktəbdən qovularaq sürgünə göndərilmişdi. Ustadın sürgünə həsr olunan poemasından bir parça:


Hava soyuq

axşamüstü bir qafilə yola düşdü.

Öz yurdundan qovulanlar,

Dar dibindən qurtulanlar,

Öz dilində qəzəl yazan,

Özün azad insan sanan

Qoşuldular o karvana...

Azərbaycan Milli Hökuməti devriləndən sonra şah rejiminə qulluq edən Azərbaycan türklərinə belə yazır:


Xarabazar eylədi

Od diyarını, əfsus,

Quru və isti diyardan

Axıb gələn ordu

Elim əsir olaraq oymağım köçüb –getdi.

Və farslaşan ağalar satdılar gözəl yurdumu.

Ustad Həbib Sahir "Mən əsir ellərimin şairiyəm" şerində Güney Azərbaycan ziyalısının faciəsindən yazır, Azərbaycan türklərinin bir millət kimi alın yazısına etiraz edir:


Binəhayət bu göyün altında

Bizə bir qübbeyi-füruzə də yox.

Yanar əflakda minlərlə çıraq

Bizə bir şam, bir avizə də yox.

Bu qədər ulduz arasında bizə

Yeddi göylərdə bir ulduz yoxumuş.

Öldülər quşları aləmdə məgər,

Bizə çatdı o ağlar Bayquş

Qovalarkən məni hər gün möhlət

Qapımı döymədədi hər gecə qəm

Hamı azadə elin şairi var

Mən əsir ellərimin şairiyəm...

Ustad Sahir "Səhər işıqlanır" kitabında yazırdı ki, o qanlı və yaslı payızdan, yəni Milli Hökumətin süqutundan ötən dövrdən artıq 32 payız keçib, amma hələ yaralar sağalmayıb... Bununla belə soyuq güllər altında közlər qaldı... Uzun illərdən, o qanlı faciədən sonra, deyəsən, səhər işıqlanır.


Bizim Türkü şirin dildir

Ana güldür, bir gün solar,

Ana dili şirin olar.

Bizim Türkü şirin dildir,

Xoş sədalı, zəngin dildir.

Dil günəşdir, ışıq saçar,

Azadlığa qapı açar.

Yadın dili boyunduruq,

Bir geçiddir buruq-buruq.

Boyunduruq xalqı boğar,

Geçidlərdə quldur soyar.

Qoy yadlaşsın senatorlar,

Xalqı soyan tacir tüccar.

Yaltaq şair yolun azsın,

Təkcə Farsı qəzəl yazsın.

Ustad Həbib Sahir şah və İslam rejimlə mübarizə aparmaqla yanaşı, geriçiliyə, xurafat, ehkamçılıq, dərvişçiliyə qarşı da çıxış edərək güney azərbaycanlıları azad, sərbəst və çağdaş bir millət olmağa çağırırdı.

Ədəbiyyatşünaslar onu Güney Azərbaycan şerinin qocaman, qərib və tanınmayan ustadı, habelə bütün Azərbaycanın "Viktor Hüqo"su kimi dəyərləndirirlər. Ustad Həbib Sahir bütün varlığını Azərbaycan şeri və milləti yolunda sərf etməsinə baxmayaraq, təəssüflər olsun ki, o taylı-bu taylı yurddaşlarımız bu görkəmli mübariz şairlə çox az tanışdırlar.

Həbib Sahir 1979-cu il inqilabının Azərbaycana köklü dəyişiklik gətirməyəcəyini elə ilk aylardanca sezmişdi. O yazırdı:


Mənim içərimdə inləyən bu saz

Yalnız türkçülükdən söyləyir avaz.

Elə vurulmuşam bu avaza mən,

Bu səslə bağlandım sənə, ey Vətən.

O bütün şüurlu həyatını şahlıq üsul-idarəsinə və onu əvəz edən indiki rejimə qarşı kəskin və barışmaz mübarizəyə həsr etmişdi, Azərbaycan türklərinin haqqı məsələsində bir addım da geri çəkilməmişdi. Necə deyərlər, ustad Sahir yalqız yaşayıb, yalqızca da dünyasını dəyişdi. Onun əhval-ruhiyyəsini təsvir edən bir şerində oxuyuruq:


İstəməm nəxşü-nigarım qala, şerim oxuna,

İstərəm bir gizli həsrət tək ürəklərdə qalam.

Unudarsa məni el, çəkməsə tarix adımı,

İstərəm Aytək, yurd üstə gecə şövq salam.

Ustad şair mübarizəyə qoşulmazdan öncə romantik bir şair idi. Onun poeziyasında təbiətin gözəlliyi, varlığın sirri, qəribəliyi, anlaşılmazlığı ana motiv kimi özünü qabarıq şəkildə göstərirdi. Zaman keçdikcə yavaş-yavaş ictimai romantizmə yönələrək bu dövrdən başlayaraq yeni bir fəza qazanır. Azərbaycan təbiətinin gözəlliyi və insanın belə bir gözəl təbiətdə, mühitdə yazıqcasına yaşaması onun şerlərinin əsas mövzusuna çevrilir. Dünyanı qara romantik gözlə görən ustad millətinin, Azərbaycan türklərinin, ölkəsi Güney Azərbaycanın dərdini öz dərdi bilirdi. Onun poeziyasında bu günə kimi görünməyən bir işıq parlamağa başlayır. Ustad şair öz ölkəsi ilə dərdləşərək belə deyir:

Ey mənim şanlı elim,

Hürr Vətənim, al Günəşim!

Ayna tək parla üfüq

Dərya tək çərxi əsir.

Ay qadınlar, analar,

Bircə açın pəncərəni

Sübh açılmaqdadır

Sübhün yeri danlardan əsir...

Ustad Həbib Sahir də İslam inqilabından sonrakı illərdə üzləşdiyi ədalətsizliyə və təhqirlərə dözməyərək ömrünü Tağı Rüfət kimi başa vurur. 85 yaşında Tehran yaxınlığındankı Aria şəhərində yaşadığı mənzilin pəncərəsindən özünü asır.
Əli Şamil


Geri dön