Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev:“Milli Ordumuzun gözdən salınmasında xarici qüvvələrin marağı var”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:“Milli Ordumuzun gözdən salınmasında xarici qüvvələrin marağı var”

Fərəc Quliyev:“Milli Ordumuzun gözdən salınmasında xarici qüvvələrin marağı var”


“Ordu əleyhinə kampaniya təşkil etmək doğru deyil”

“Ordu ilə bağlı son vaxtlar səsləndirilən fikirlər məni əsla qane etmir. Milli Ordumuzu, milli resursumuzu gözdən salmaq olmaz”
“Bu aksiyalar indiki həssas məqamda orduya olan inamı azaltmağa, orduya gəlmək istəyən insanlarda şübhə və inamsızlıq yaratmağa, hərbi çağırışa dəvət alacaq insanlarda fərarilik psixologiyasının formalaşdırılmasına, valideynlərdə öz övladlarını orduya göndərməsi ilə bağlı tərəddüdlərin meydana çıxmasına xidmət edən addımlardır. Bu baxımdan mən ordu əleyhinə aksiyaları doğru hesab eləmirəm”
Mart ayının 10-da yenidən “Əsgər ölümlərinə son” şüarı ilə etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bundan bir gün öncə isə Ehtiyatda və İstefada olan Zabitlər Birliyi Ədliyyə Nazirliyinin binası və müdafiə naziri Səfər Əbiyevin evi qarşısında aksiya keçirməyi qərara alıb. Bundan əlavə, bir sıra mətbu orqanlarda dərc olunan yazılarda da ordudakı əsgər ölümləri ilə bağlı Müdafiə Nazirliyinə yönəlik ciddi tənqidi münasibət sərgilənməkdədir. Lakin bəzi siyasilər hesab edir ki, ordu rəhbərliyinə qarşı bu münasibət heç də doğru deyil. Oxşar şüarlarla bağlı aksiyaların bundan öncə də təşkil edildiyinə diqqət çəkək ictimai-siyasi xadimlərin fikrincə, ordudakı problemlərin aksiyalar şəklində gündəmə gətirilməsi problemin həllinə yardım etmir, əksinə ordu rəhbərliyini və bütövlükdə ordunu gözdən salır. O cümlədən, siyasilər arasında bu kampaniyanın ordu rəhbərliyinə zərbə vurmaq üçün məqsədli şəkildə həyata keçirildiyini iddia edənlər də yox deyil. Odur ki, millət vəkili Fərəc Quliyevlə müsahibəmizdə bütün bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Fərəc bəy, artıq bəlli bir müddətdir ki, ordudakı problemlər, o cümlədən əsgər ölümləri ölkə mətbuatında təfsilatı ilə şərh olunmaqdadır. Sizcə, problemlərin aqressiv şəkildə ələ alınması, ordu rəhbərliyinin ünvanına yönəlik tənqidlər səmimi narahatlıq hissindən, yoxsa ordu rəhbərliyinə yönəlik qərəzdən qaynaqlanır?

- Ordu ilə bağlı son vaxtlar səsləndirilən fikirlər məni əsla qane etmir. Unutmaq lazım deyil ki, bizim mətbuatda dərc olunan materialları yalnız Azərbaycanda deyil, eyni zamanda Ermənistanda oxuyurlar. Bu gün Azərbaycanın bütün hərbçiləri döyüş hazırlığı vəziyyətindədir. Biz müharibə şəraitində yaşayırıq. Ikinci dünya müharibəsində belə, düşmənlə bunca müddət ərzində qarşı-qarşıya dayanılmayıb. Bizim çox uzun bir məsafədə uzun müddət düşmənlə üz-üzə dayanan, psixoloji baxımdan ağır durumda xidmət edən ordumuz var. Təbii ki, orduda çatışmayan məsələlər də var. Itkilərimiz var. Amma dinc dövrdə belə, bu cür itkilər baş verir. Bundan tamamilə qaçmaq mümkün deyil. Hesab edirəm ki, bu məsələləri şişirtmək doğru deyil. Mən dünən bu barədə öz fikirlərimi mətbuata da bildirdim. Lakin çox təəssüflər olsun ki, bunu olduğu kimi dərc etmədilər. Bir çoxları kütləvi intihar hadisələrindən danışır. Halbuki, orduda kütləvi intihar hadisəsi baş verməyib. Bu, tək-tək hallardır. Doğrudur, biz istəmirik ki, balalarımız bu vəziyyətə düşsün, intihar etsin. Lakin əgər baş verən bu intiharların səbəbləri ilə bağlı araşdırmalar aparılırsa, bu səbəblərin aradan qaldırılması ilə bağlı işlər görülürsə, günahkarlar cəzalandırılırsa, bütün zəruri addımlar atılırsa, o zaman bu itkilərdən istifadə edib kampaniya təşkil etmək doğru deyil. Mən bunu pisləyirəm və hesab edirəm ki, orduya dəstək vermək lazımdır. Ordudakı problemlər qapalı şəkildə müzakirə edilməli və onun həlli yolları da qapalı müzakirələrdə tapılmalıdır.

- Ordu rəhbərliyi əleyhinə aparılan kampaniyanın hakimiyyətdəki bəzi Rusiyayönümlü qüvvələr tərəfindən idarə edilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu fikirləri nə dərəcədə ciddi hesab edirsiniz?

- Hesab edirəm ki, ordumuzun zəifləməsində, gözdən salınmasında xarici qüvvələrin marağı var. Son vaxtlar Rusiyada RATİ-nin yaranması, müxtəlif qurumların Azərbaycan daxilində pozuculuq fəaliyyəti aparması, cəmiyyətdə müəyyən qarşıdurmaların yaradılmasına səy göstərilməsi, şimal bölgəsi ilə bağlı bəzi projelərin həyata keçirilməsi və s. bizim düşmənlərimizin işidir. Mən düşmənləri daxildə axtarmaqdan daha çox xaricdə axtarmağın tərəfdarıyam və hesab edirəm ki, Milli Ordumuzu, milli resursumuzu gözdən salmaq olmaz.

- Martın 10-da da “Əsgər ölümlərinə son” şüarı ilə aksiyaların keçirilməsi planlaşdırılır. Necə hesab edirsiniz, problemin aksiyalar vasitəsi ilə həlli siyasəti məsələyə nə dərəcədə doğru yanaşmadır?

- Baş verən ölüm hadisələrinin istintaq tərəfindən aydınlaşdırılmasını, günahkar olanların cəzalandırılmasını tələb edən millət vəkili kimi bu məsələlərə Təhlükəsizlik Komitəsinin üzvü olaraq nəzarət edəcəm. Lakin bu məsələləri piketlər, mitinqlər, kütləvi aksiyalarla həll etmək mümkün olmadığı kimi, hərbi əməliyyatların hər an bərpa oluna biləcəyi bir vaxtda bu cür addımların atılmasını da düzgün hesab etmirəm. Çünki bu, indiki həssas məqamda orduya olan inamı azaltmağa, orduya gəlmək istəyən insanlarda şübhə və inamsızlıq yaratmağa, hərbi çağırışa dəvət alacaq insanlarda fərarilik psixplogiyasının formalaşdırılmasına, valideynlərdə öz övladlarını orduya göndərməsi ilə bağlı tərəddüdlərin meydana çıxmasına xidmət edən addımlardır. Bu baxımdan mən ordu əleyhinə aksiyaları doğru hesab eləmirəm.

- Sizcə, bu gün Azərbaycan ordusu cəmiyyətdə lazımi nüfuza malikdirmi?

- Müharibə vəziyyətində olan istənilən orduda kifayət qədər çatışmazlıqların olması mükündür. Biz vəziyyəti daha yaxşı anlamaq üçün öz ordumuza qarşı tərəf, yəni düşmənin ordusu ilə müqayisədə baxmalıyıq. Ermənistan öz müstəqilliyinin 20 illiyi ilə bağlı parad keçirdi. Bu paradda rus silahları, rus maşınları və rus əsgərləri təqdim edildi. Lakin Azərbaycan ordusunun dövlətimizin müstəqilliyinin 20 illiyi ilə bağlı təşkil etdiyi paradda Azərbaycan əsgəri Azərbaycan istehsalı olan maşınlarda Azərbaycan istehsalı olan silahla keçirdi. Hesab edirəm ki, qarşı tərəflə müqayisədə biz çox güclüyük. Belə bir ordunu gözdən salmaq olmaz.

- Son günlər xarici ölkələrdə beynəlxalq təhlükəsizliyin qorunması missiyasını həyata keçirən və xidmətdə fərqlənən azərbaycanlı hərbçilərin Milli Qəhrəman statusu ilə təltif edilməsi ilə bağlı müzakirələr aparılır. Bu məsələyə necə yanaşırsınız?

- Sülhməramlı missiyalarda yer alan Azərbaycan əsgərləri adətən Türkiyə əsgərləri ilə bir yerdə xidmət keçirlər. Sülhməramlı missiyalarda iştirak edən hərbçilərimiz hər zaman öz xidmətləri ilə Azərbaycanın başını uca ediblər. Mən hər zaman onların xoş sədalarını eşitmişəm. Hərbçilərimiz xidmət etdikləri ölkələrdə hər zaman təltiflər, təşəkkürlər alıblar. Hesab edirəm ki, xaricdə sülhməramlı qüvvələrdə xidmət edən əsgərlərimizin həmin ölkələr tərəfindən təltif edilməsi daha doğru olar. Lakin bütün bunlarla yanaşı unutmamalıyıq ki, əsgər əmri yerinə yetirir. Əgər hərbçi Azərbaycan dövlətinin tapşırığı ilə xidməti tapşırığını ləyaqətlə yerinə yetirirsə, təbii ki, həmin hərbçi mükafat almalıdır. Bu məsələdə biz azad siyasət yürütməli deyilik. Əgər Azərbaycan NATO ordusu daxilində müxtəlif yerlərdə tapşırıq yerinə yetirirsə, bir gün müttəfiqlərimiz öz missiyasını bizdə yerinə yetirə bilər. Bu gün əgər türk dövlətlərinin birgə ordusu yaradılırsa, bir gün Türkiyə də Qarabağdakı savaşda iştirak edə bilər. Hərbçilərin xidmət etdiyi məkanı əsgər seçmir. Bu məkanı Azərbaycan diplomatiyası seçir. Əsgər o məkanda xidmət keçir. Və layiqli xidmət göstərən hər bir əsgər öz təltifini almalıdır. Mən bu məsələyə normal baxıram. Hesab etmirəm ki, biz Qarabağ savaşını uduzmuşuq. Biz müharibənin sadəcə bir mərhələsini uduzmuşuq. Biz Ramil Səfərov, Mübariz İbrahimov kimi hərbçilərimizə qiymət verməklə, bu gün düşmənlə üz-üzə xidmət aparan əsgərlərimizi qiymətləndirməklə orduya sitimul vermiş oluruq və bu siyasət də davam etdirilməlidir. Mən orduya məhz belə münasibətin tərəfdarıyam.

Seymur Əliyev "HÜRRİYYƏT" qəzeti

Geri dön