Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Yeni Gömrük Məcəlləsinin gətirəcəyi yeniliklər açıqlanıb
Yeni Gömrük Məcəlləsinin gətirəcəyi yeniliklər açıqlanıb |
Azərbaycanda yeni Gömrük Məcəlləsinin tətbiqi gömrük tarif tənzimləmə vasitələrinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, gömrük işinin şəffaflığının artırılmasına təkan verəcək.
Bu barədə Amerika Ticarət Palatası Gömrük Komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin hüquq şöbəsinin rəisi Sənan Muxtarov bildirib. Yeni qəbul olunmuş Gömrük Məcəlləsi haqqında ətraflı məlumat verən şöbə rəisinin sözlərinə görə, sənəddə bəzi yeniliklərin tətbiqi, eləcə də indiyədək mövcud olan bəzi normalar təkmilləşdirilib. Belə ki, Azərbaycanın dünya ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirakını təmin etmək məqsədilə səlahiyyətli iqtisadi operator institutunun yaradılması nəzərdə tutulur. Bu institut Dünya Gömrük Təşkilatının çərçivə standartlarından biridir. Məcəllədə gömrük işində informasiya texnologiyalarının geniş tətbiqi, gömrük auditinin həyata keçirilməsi, hüquqpozmaların qabaqcadan aşkar edilməsi məqsədilə risklərin analizi və idarə edilməsi kimi normalar da əksini tapıb: «Belə sistem bütün qabaqcıl dünya ölkələrində tətbiq olunur. Bu da DGT-nin çərçivə standartlarından biridir». Məcəllədə nəzərdə tutulan digər yenilik malların və nəqliyyat vasitələrinin qabaqcadan elektron formada bəyan edilməsidir. Məlumatların elektron formada mübadiləsi, xüsusi gömrük proseduralarının tətbiqi, gömrük nəzarəti və rəsmiləşdirilməsi, gömrük valyuta nəzarəti aparılması nəzərdə tutulub. Yeniliklərdən biri də məcəllədə gömrük orqanlarının ixrac nəzarətinin, eləcə də tərkibində əqli mülkiyyət olan malların üzərində gömrük nəzarətinin aparılması ilə bağlıdır. Bundan başqa, dövlət sərhədinin buraxılış məntəqəsində «bir pəncərə» prinsipinin həyata keçirilməsi də əksini tapıb. Bütün bunlar iqtisadi təhlükəsizlik və mənafelərin qorunması istiqamətinə aiddir. Məcəllədə digər istiqamət milli təhlükəsizliyin qorunmasına aiddir. Şöbə rəisinin sözlərinə görə, bura gömrük sahəsində cinayətlərə və gömrük qaydalarının əleyhinə olan inzibati xətaların aşkar edilməsi və onun təhqiqatının aparılması, gömrük orqanlarının əməliyyat axtarış fəaliyyəti, ibtidai istintaq və təhqiqat qaldırmaq hüquqları, qadağa və məhdudiyyətlərin tətbiqi, risklərin təhlili və idarə edilməsi və s. məsələlər aiddir. Məcəllədə digər istiqamət gömrük işində informasiya sistemləri və texnologiyaların tətbiqidir. Bura məlumatların mühafizəsi və onların elektron formada mübadiləsi, gömrük orqanlarının elektron informasiya sisteminin yaradılması, gömrük orqanları tərəfindən məsləhət vermələrin həyata keçirilməsi daxildir. Eləcə də malların qısa idxal-ixrac əməliyyatlarında sadələşdirilmiş bəyannamələrin tətbiqi nəzərdə tutulur. Məcəllədə gömrük orqanlarının digər dövlət qurumları ilə əməkdaşlığı da nəzərdə tutulub. Bura gömrük təmsilçiliyi, gömrük brokeri, gömrük daşıyıcısı, səlahiyyətli iqtisadi operatorlar və gömrük orqanları tərəfindən «bir pəncərə» sisteminin həyata keçirilməsi aiddir. Yeni məcəlləyə əsasən, DGK-nin digər ölkələrdə gömrük attaşelərinin təyin olunması da nəzərdə tutulur. Yeni sənəddə gömrük orqanı əməkdaşlarının qərarlarından şikayət etmə, gömrük brokeri, gömrük orqanlarının təhqiqat, istintaq, əməliyyat axtarış fəaliyyəti, onların hərəkət və hərəkətsizliyindən şikayət və s. məsələlər daha da təkmilləşdirilib. Şöbə rəisinin sözlərinə görə, yeni məcəllə gömrük sisteminin maddi texniki bazasını daha da möhkəmləndirəcək, büdcəyə gəlirlərin artmasına səbəb olacaq. İdxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif metodlarının tətbiqinə, gömrük işində avtomatlaşdırılmış informasiya texnologiyalarının tətbiqinə imkan verəcək: «Eləcə də tətbiq olunan gömrük tarif tənzimləmə vasitələrinin beynəlxalq standartlara uyğunlaşdırılmasına, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, gömrük işinin şəffaflığının artırılmasına təkan verəcək». Sərhədi keçən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində «bir pəncərə» prinsipinin tətbiq edilməsi məsələsi də məcəllədə əksini tapıb. Geri dön |