Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:

Siyasətçilər Eldar Namazovun «El»ini belə dəyərləndirdi:


«Bu zəncirin orta həlqəsi Ziyalılar Forumu, kənar həlqələr Moskvadakı «Milyarderlər ittifaqı», onun Azərbaycan cəmiyyətinə uzantısı isə «El» hərəkatıdır»
Dünən təsis olunan “El” adlı qurumun əsas simalarından biri Eldəniz Quliyev mətbuata açıqlamasında müxalifət liderləri arasında ayrı-seçkilik salmağa yönəlik fikirlər səsləndirib. O, əsas müxalifət liderləri kimi Milli Birlik hərəkatının rəhbəri Lalə Şövkət Hacıyevanı, AXCP sədri Əli Kərimlini və Müsavat başqanı İsa Qəmbəri gördüyünü bildirib. Qeyd edib ki, müxalifətin geniş koalisiyasının yaradılması üçün AMİP lideri Etibar Məmmədov, “Qarabağ” bloku, yaxud Məşvərət Məclisi ilə birlik istiqamətində danışıqların aparılmasına ehtiyac yoxdur. E.Quliyev adlarını çəkdiyi şəxslər istisna olmaqla, kənarda qalan bəzi partiya rəhbərlərinin özlərini siyasətçi və hətta bir insan kimi doğrultmadığını dilə gətirib.

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev sözügedən məsələyə münasibət bildirərkən, Azərbaycanda hər kəs kimi özünün də millətin təşkilatlanmasına tərəfdar olduğunu bəyan edib. O, bütün hallarda konsolidasiyanın gözəl bir təşəbbüs olduğunu, rəhbərlik etdiyi partiyanın da belə addımları dəstəklədiyini bildirib. Millət vəkili bütün bu davranışlar zamanı Azərbaycanın milli maraqlarının, dövlət maraqlarının üstün tutulmasını vacib sayıb: “İstənilən toparlanma milli gücə güc qatmalıdır. Əgər o toparlanma milli gücümüzə güc qatmaq əvəzinə, bizim milli gücümüzü sarsıtmağa yönələcəksə, bilərəkdən, yaxud da bilməyərəkdən Azərbaycanda marağı olan və ölkəmizə dost olmayan dövlətlərin xeyrinə davranışlar ortaya qoyacaqdırsa, bu, məqsədəuyğun deyil. “El” adlı hərəkat da Azərbaycan dövlətinin, xalqının xidmətində duracaqsa, ona uğurlar arzulayacağıq. Yox, əgər bu təşkilat kiminsə sifarişi ilə Azərbaycanın milli maraqlarına əks mövqedə dayanacaqsa, mütləq qarşısında milli qüvvələri, o cümlədən bizi görəcək”.

F.Quliyev Ziyalılar Forumunun təsisçilərindən olan Eldəniz Quliyevin müxalifət partiya təmsilçiləri barədə söylədiklərinə də toxunub. Deyib ki, hər yerindən duran Dədə Qorqudluq edib müxalifətin kim olmasını müəyyənləşdirə bilməz. Bu, bilavasitə Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin seçimidir: “Mən Eldəniz Quliyevin düşüncəsini, yaşının-başının bu vaxtında dəyişən deyiləm. Amma, hansısa adamın Dədə Qorqudluq edib kimin müxalifət, kimin etimadı itirmiş şəxs olmasını müəyyənləşdirməsini də normal qarşılamıram. Bu, Eldəniz Quliyevə uyğun olan bir şey deyil. Məgər “El” hərəkatı müxalifətdə olanlara və ya başqalarına sertifikat paylamaq üçünmü yaranıb? Azərbaycan cəmiyyətində hər kəs düşüncəsi, əməli, davası ilə kim olduğunu, yerini müəyyənləşdirib. Eldəniz Quliyevin görüşü, düşüncəsi ölçü deyil. Azərbaycanda siyasi palitra müəyyəndi. Əgər bu adam adlarını çəkdiyi şəxslərlə bir yerdə əməkdaşlıq etmək istəyirsə, Allah xeyrini versin, bu başqa məsələdir. Lakin onun cəmiyyətdə kimin hörməti var, kimin hörməti yoxdur, deməsi düzgün yanaşma deyil. Bunu parlament, bələdiyyə, prezident seçkiləri müəyyənləşdirir. Bizim keçmişimiz də, bu günümüz də ortadadır. Hansı mübarizəni aparmışıq, istədiyimiz nədir, hamısı ortadadır. Nə edək ki, biz siyasi mədəniyyətimizi ortada saxlamaqla, heç kimi təhqir etmədən, kiçiltmədən, böhtan atmadan, söymədən, sadəcə problemlərin üzərinə gedir, bu problemə səbəb olanları tənqid edir, məsələnin həlli üçün alternativ təkliflər ortaya qoymaq yolunu seçirik? Əgər kimsə adını radikal qoyub ancaq söyüş söyməklə məşğuldursa, Eldəniz bəy də bu qüvvələri daha ciddi müxalifət hesab edirsə, bu, onun öz işidir. Amma hər halda biz Eldəniz Quliyevin düşüncəsini bölüşmürük”.


Böyük Quruluş Partiyasının (BQP) sədri, parlament üzvü Fazil Mustafa “El” hərəkatının təsis olunmasına, bütün müxalif qüvvələri, hətta QHT-ləri ətrafında birləşdirəcəyi barədə əvvəlcədən verilən bəyanatlara diqqət çəkərək, real həyatda söylənilənlərin tam həyata keçəcəyinə inanmadığını vurğulayıb. Eldəniz Quliyevin müxalifət partiyalarına qarşı sərgilədiyi mövqeyi isə, ciddi qəbul etməyib: “Açığı bu bir az inandırıcı deyil. İndiki durum belədir ki, hər hansı bir şəkildə müxalifətin bu formada güc qazanmaq imkanları xeyli məhduddur. Bütün hallarda bu, bir siyasi çalışmalardır. Yəqin ki, hərəkat təsisçiləri bu istiqamətdə hansısa işlərin görülməsində özlərinin rolunu oynaya bilərlər. Amma bu rolun nə dərəcədə əhəmiyyətli olub-olmayacağı, indiki məqamda bir az şübhə doğurur. Eldəniz Quliyevin söylədiklərinə gəlincə, cəmiyyətdə müxtəlif fikirlər var. Bizim onların hamısını şərh etməyimiz doğru olmaz. Hər kəs özünü ağıllı, güclü sayır. Bütün hallarda siyasi mübarizə getməlidir və kimin qabiliyyəti nədirsə, bu, siyasi proseslər zamanı meydana çıxacaqdır. Ümumilikdə belə fikirlərin ciddi bir əsasının olmadığı qənaətindəyəm. Belə mövqe sərgiləyən qüvvələrin Azərbaycan cəmiyyətini, o cümlədən müxalifətini təmsil edə bilmə perspektivlərini görmürəm”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: Ziyalılar Forumunun həmtəsisçisi Eldəniz Quliyevin fikirlərini siyasi proseslərə dərindən bələd olmayan, siyasətin nə olduğunu anlamayan insanın siyasi liderlərin hərəkətlərinə, addımlarına bu cür qeyri-obyektiv qiymət vermə cəhdi kimi qiymətləndirib. Deyib ki, E.Quliyev siyasəti dərindən bilmədiyi üçün belə mövqe nümayiş etdirir:

“Hadisələri dərindən təhlil edəndə Azərbaycanda kimin sözün əsl mənasında dövlət və milli maraqlara, yaxud siyasi maraqlara xidmət etdiyi məlum olur. Bu səbəbdən mən Eldəniz Quliyevin fikirlərini, bir ziyalı kimi onun siyasəti dərindən bilməməyi ilə əlaqələndirirəm. Bu adamın siyasətdən başı çıxmır. Onun da günahı özündədir. Çünki yaradıcı adam Azərbaycanda kimin müxalifət olub-olmaması, partiya lideri olaraq kimin özünü doğruldub-doğrultmamasını müəyyənləşdirəcək missiyanı üzərinə götürməməlidir. Təəssüf edirəm ki, o, bu cür məsuliyyətsiz çıxışlar edir. “El” hərəkatının perspektivinə gəlincə, mən bu təşkilat barədə geniş fikir söyləyə bilmirəm. Çünki hərəkat barədə ətraflı məlumatım yoxdur. Hesab edirəm ki, mövcud siyasi qruplardan kənarda hər hansı qrup yaratmaqla Azərbaycanda nəyəsə nail olmaq mümkünsüzdür. Digər tərəfdən, bütün siyasi qüvvələrin birləşməsindən, birliyindən danışaraq, sonradan gedib ayrıca qrup və ya təşkilat yaradılırsa, bu, paradoksdur. Bu fakt onu göstərir ki, bəzi adamların sözləri ilə əməlləri arasında böyük ziddiyyət var. Əgər bəzi adamlar bütün cəmiyyəti, siyasi partiyaları, müxalifəti bir araya gətirmək istəyirsə, o zaman “El” hərəkatının yaranmasına nə ehtiyac var? Verilən bəyanatlar düzdür, yoxsa atılan addımlar? Belə suallara görə, hələlik özüm də hadisələri təhlil edib bir nəticəyə gələ bilmirəm”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hər hansı bir təşkilatın özünü doğruldub-doğrultmayacağı barədə ən yaxşı faktın, həmin təşkilatın gördüyü işlərlə bağlı olduğunu bildirib. O, Eldəniz Quliyevi daha çox ictimai fəaliyyətlə məşğul olan adam kimi xarakterizə edərək, onun siyasətə aid şəxs olmadığını bildirib:

“Seçkiqabağı “El” hərəkatı təsis olunur. Hələlik bu təşkilatın proqramı, mövqeyi, tələbləri bəlli deyil. Yalnız həmtəsisçilərdən bir-iki nəfərin mövqeyini eşitmişəm. Yaxşı olardı ki, siyasi proseslərlə maraqlanan, siyasi fəaliyyət göstərən hər hansı təşkilat davamlı fəaliyyət ortaya qoyardı. Ancaq sözügedən təşkilatlar seçkidən-seçkiyə, yalnız mövsümi fəaliyyət göstərirlər. Ona görə də bu təşkilat barədə dəqiq proqnoz vermək qeyri-mümkündür. Müxalifət partiya liderləri barədə söylənilənlərə gəlincə, bu, Eldəniz Quliyevin şəxsi fikirləridir. Bu adam ümumiyyətlə siyasətçi deyil. O, daha çox ictimai fəaliyyətlə yadda qalan şəxsdir. Onun zövqü yalnız adlarını çəkdiyi şəxsləri siyasətçi kimi qəbul edirsə, o zaman seçki vaxtı gedib həmin adamlara da səs verər”.

Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli “El” hərəkatının yaradılması dinamikasına diqqət çəkərək, bu təşkilatın xarici qüvvələrlə bağlı olduğunu bildirib: “Hərəkatın yaradılması prosesinə baxsaq görərik ki, bir neçə ay əvvəldən bu barədə elan olunub. Bunu da ilk dəfə Ziyalılar Forumunun təsisçisi Rüstəm İbrahimbəyov deyib. Biz bilirik ki, Rüstəm İbrahimbəyov Moskvadakı “Milyarderlər ittifaqı”nın da üzvüdür. Burada zəncirin həlqələri görünür. Bu zəncirin orta həlqəsi Ziyalılar Forumu, kənar həlqələr Moskvadakı “Milyarderlər ittifaqı”, onun Azərbaycan cəmiyyətinə uzantısı isə “El” hərəkatıdır. Yəni, xarici qüvvənin dəstəyilə Azərbaycan cəmiyyətində kütləvi hərəkat yaratmaq cəhdi açıq-aydın ortadadır. Bundan başqa, adıçəkilən təşkilatın yaranması bir növ İctimai Palatanın yaradılmasını xatırladır. İctimai Palata da yarananda orada siyasi partiya və QHT-lər, seçkidən narazı olan şəxslər birləşmişdi. Lakin buna baxmayaraq, bu təşkilat kütləvi hərəkata çevrilə bilmədi. İndi isə vaxtilə hakimiyyətdə olmuş Eldar Namazov və başqalarının təşkilatçılığı ilə “El” hərəkatı təsis edilir. Əminəm ki, bu hərəkat da İctimai Palata kimi kütləvi təşkilata çevirilə bilməyəcək”.

T.Kərimli “El” hərəkatının İctimai Palatayla müqayisədə dar bir orqan olduğunu bildirib. Eyni zamanda qeyd edib ki, müxalifət partiyaları hər hansı yeni təşkilatın təsis olunub onlara nisbətən daha çox inkişaf etməsinə heç vaxt razı olmazlar: “Müxalifət partiyaları belə bir təşkilatın güclənməsinə qısqanclıqla yanaşacaqlar. Çünki Eldar Namazovun özünün prezidentliyə namizədlik ambisiyaları var. Əgər “El” hərəkatı güclənsə müxalifət liderləri kölgədə qala bilər. Onu da yaddan çıxarmaq olmaz ki, istər müxalifət partiyaları, istərsə də Eldar Namazov bu və ya digər şəkildə vaxtilə hakimiyyətdə təmsil olunublar. Mərhum Əbülfəz Elçibəyin müavinləri də nə zamansa hakimiyyətdə olublar və bu gün də vardırlar. Eldar Namazov, AXCP və Müsavat liderləri vaxtilə hakimiyyətdə təmsil olub və onun faydasını görüblər. Bu yaddan çıxmır. Belə olan halda, nə qədər sərt tonda radikal mövqe ortaya qoysalar da, kütləvi şəkildə nə siyasətçilər, nə də sadə insanlar onların arxasınca gedən deyil”.

Rufik İSMAYILOV KASPİ qəzeti.

Geri dön